Axtar

Papa Leone XIV in basilica per l'udienza generale del mercoled�

Papa: Liturgiyada fəal iştirak bizi Allahla münasibətə aparır

Çərşənbə günü keçirilən Ümumi Audiyensiyada Papa XIV Leo 1963-cü ildə qəbul edilmiş Müqəddəs Liturgiya haqqında “Sacrosanctum Concilium” Konstitusiyası üzərində dayanaraq, II Vatikan Məclisi Atalarının liturgik islahatı təşviq etmək qərarının səbəbləri barədə düşüncələrini bölüşüb.

ÜMUMİ AUDİENSİYA

Müqəddəs Peter Bazilikası
Çərşənbə, 26 avqust 2026

Katexizis. II Vatikan Məclisinin Sənədləri. II. “Sacrosanctum Concilium” Konstitusiyası. 8. Liturgik islahatın səbəbləri.

Əziz bacılar və qardaşlar,  

“Sacrosanctum Concilium” Konstitusiyasına həsr olunmuş bu son katexizisdə bu gün Məclis Atalarının liturgiyada islahat aparmağa nə üçün çalışdıqlarının səbəbləri üzərində dayanmaq istəyirəm. Bu baxımdan, o zaman Milan arxiyepiskopu olan kardinal Covanni Battista Montininin 28 oktyabr 1962-ci ildə öz Kilsəsinin möminlərinə ünvanladığı Məclisdən üçüncü məktub xüsusilə aydınlıq gətirir. O yazırdı ki, liturgiya “həm ilahi, həm də insani olanın səmimi ifadəsidir. O, bir dildir. Bir tərəfdən, ilahi təlimin çatdırılması üçün vasitədir; digər tərəfdən isə Allahla dialoqda səslənən bir səsdir. Aydındır ki, liturgiya öz öyrədici funksiyasından imtina edə bilməz, həmçinin iman və təqvanın təbii və anlaşıqlı şəkildə ifadə olunmasına imkan yaratmaya bilməz”.[1] Bu qənaətlərdən çıxış edən gələcək Papa, müqəddəs VI Pavel təsdiq edirdi ki, möminlər “artıq səssiz və passiv qala bilməzlər və qalmamalıdırlar. Onların fiziki iştirakı mənəvi yoxluqları ilə bir araya sığmır”.[2]

Bu fikirlərlə Məclis Konstitusiyasının 48-ci bəndində yer alacaq müddəalar arasındakı oxşarlıq aydın görünür: “Kilsə ürəkdən arzu edir ki, Məsihə iman edənlər bu iman sirrində iştirak edərkən orada yad insanlar və ya səssiz tamaşaçılar kimi qalmasınlar; əksinə, ayinləri və duaları yaxşı anlayaraq müqəddəs mərasimdə nə etdiklərini dərk etməklə, təqva ilə və tam şəkildə iştirak etsinlər. Qoy onlar Allahın Kəlamından təlim alsınlar və Rəbbin Bədəni süfrəsindən qidalansınlar; Allaha şükür etsinlər; Ləkəsiz Qurbanı yalnız keşişin əlləri vasitəsilə deyil, həm də onunla birlikdə təqdim edərək özlərini də qurban verməyi öyrənsinlər; Vasitəçi Məsih vasitəsilə gündən-günə həm Allahla, həm də bir-birləri ilə getdikcə daha kamil birliyə daxil olsunlar ki, nəhayət, Allah hər şeydə hər şey olsun”. Bu sözlər liturgiyanın dəyərinin yenilənmiş şəkildə dərk edilməsini ifadə edir. Kilsənin ayin hərəkətləri vasitəsilə xilas işinin xatirəsi qeyd edilərkən, eyni zamanda Allahla həqiqi münasibəti yaşamaq, xilas hadisəsi ilə bilavasitə təmasa girmək imkanı yaranır. Müqəddəs liturgiyanın hərəkətləri və sözləri bu təcrübənin gerçəkləşməsi üçün həlledici əhəmiyyət daşıdığından, möminlərin iştirakı passiv ola bilməz.

Məclis islahatı Kilsə təcrübəsinin özəyini təşkil edən həqiqəti mərkəzə qoymaqla, liturgiyanın “Allahın həyatının bizə ötürüldüyü həmin ilahi mübadilənin əsas mənbəyi” kimi bütün parlaqlığı ilə üzə çıxmasını təmin etmək məqsədi daşıyırdı.[3] Məhz bu qənaətdən Müqəddəs Yazı mətnlərinin və duaların zənginliyini bütün möminlər üçün daha əlçatan etmək, həmçinin liturgik mərasimin gedişini o dövrdə istifadə olunan liturgik kitablarda müəyyən edilmiş qayda ilə müqayisədə daha sadə və aydın hala gətirmək zərurəti doğurdu.

Həqiqətən də, liturgiya canlı bir gerçəklik olduğundan, əsrlər boyu daim inkişaf və dəyişikliklərə məruz qalmışdır. Kilsənin Təlim Hakimiyyəti onun formalarını müxtəlif dövrlərin ehtiyaclarına uyğunlaşdırmışdır. Buna görə də təəccüblü deyil ki, II Vatikan Məclisi də ənənə irsinə ən böyük ehtiramla yanaşaraq və məhz bu irsi daha əlçatan etmək məqsədilə liturgik kitabların yenidən nəzərdən keçirilməsini zəruri hesab etmişdir.

Məclis Atalarının qarşıya qoyduqları məqsəd “Sacrosanctum Concilium” Konstitusiyasının 21-ci bəndində belə izah olunur: “Xristian xalqının müqəddəs liturgiyadan bol-bol lütf əldə edə bilməsi üçün müqəddəs Ana Kilsə liturgiyanın özünün ümumi şəkildə və böyük diqqətlə yenilənməsini həyata keçirmək istəyir. Çünki liturgiya ilahi şəkildə təsis edilmiş və dəyişməz olan ünsürlərdən, həmçinin dəyişdirilə bilən ünsürlərdən ibarətdir. Əgər zaman keçdikcə bu ünsürlərə liturgiyanın daxili mahiyyətinə uyğun olmayan nələrsə daxil olmuş və ya onlar öz mahiyyətinə artıq uyğun gəlməyən hala düşmüşlərsə, onları nəinki dəyişdirmək olar, hətta dəyişdirmək lazımdır. Bu yenilənmə zamanı həm mətnlər, həm də ayinlər elə tərtib edilməlidir ki, ifadə etdikləri müqəddəs həqiqətləri daha aydın şəkildə göstərsinlər; xristian xalqı isə mümkün olduğu qədər onları asanlıqla anlaya və onlarda tam, fəal və icmaya yaraşan şəkildə iştirak edə bilsin”. Liturgiyada ilahi və dəyişməz ünsürlərlə, əksinə, “dövrün ehtiyaclarının, şəraitin və ruhların xeyrinin tələb etdiyi, habelə Müqəddəs Ruhun rəhbərliyi altında Kilsə iyerarxiyasının icazə verdiyi müxtəlif dəyişikliklərə açıq olan» insani ünsürlər arasında fərq qoyulması Papa XII Piusun “Mediator Dei” ensiklikasına gedib çıxır (Acta Apostolicae Sedis 39, 1947, 541–542).

Bundan əlavə, “ümumi islahat” arzusu birdən-birə meydana çıxmamışdı; Liturgik Hərəkatın irəli sürdüyü tələblərə uyğun olaraq, bu zərurət XX əsrin əvvəllərindən etibarən bir-birini əvəz edən Papaların fəaliyyətində artıq özünü göstərirdi. Möminlərin liturgik mərasimlərdə “yad insanlar və ya səssiz tamaşaçılar kimi” iştirak etməməli olduqları fikri hələ Papa XI Piyusun “Divini Cultus” Apostol Konstitusiyasında irəli sürülmüşdü. Bundan başqa, Papa XII Piyusun Müqəddəs Həftə ayinlərinin qaydaya salınması ilə bağlı həyata keçirdiyi dəyişiklikləri də xatırlamaq olar. Əsrlər boyu səhər saatlarına keçirilmiş bu ayinlərin vaxtını o, Pasxa hadisələrinin baş verdiyi saatlara uyğun şəkildə yenidən müəyyən etmişdi. Həmçinin unutmaq olmaz ki, müqəddəs XXIII İoann Breviari və Missalın rubrikalarının sadələşdirilməsini zəruri hesab etmiş və bunu 25 iyul 1960-cı il tarixli “Rubricarum instructum” Motu propriosu ilə təsdiq etmişdi. Həmin sənəddə o, liturgiya islahatının əsas prinsiplərinin müəyyən edilməsi məsələsini də irəli sürmüşdü.

Beləliklə, II Vatikan Məclisinin təşviq etdiyi liturgik islahat Kilsənin canlı ənənəsində möhkəm kök salmışdır. Bu islahatın düzgün başa düşülməsi eyni zamanda Məclisdən sonrakı dövrdə Kilsənin bəzi çevrələrində baş vermiş və təəssüf ki, bu gün də zaman-zaman rast gəlinən sui-istifadələri rədd etməyə imkan verir. Belə hallarda islahatın özünün təməlində duran bəzi prinsiplər ya ifrat həddə çatdırılmış, ya da yanlış anlaşılmışdır.

Bu baxımdan xatırlatmağa dəyər ki, Məclis Konstitusiyasında belə deyilir: “Liturgik mərasimlər şəxsi xarakter daşımır, əksinə, “birlik sakramenti” olan Kilsənin, yəni yepiskopların rəhbərliyi altında birləşmiş və nizamlanmış müqəddəs xalqın qeyd etdiyi mərasimlərdir. Buna görə də liturgik mərasimlər Kilsənin bütün Bədəninə aiddir; onlar bu Bədəni təzahür etdirir və ona təsir göstərir” (Sacrosanctum Concilium, 26).

Buna görə də liturgik normalara riayət etməklə yanaşı, nəcib sadəliyi ilə seçilən (müq. 34) və bununla da vahid, müqəddəs, katolik və həvari Kilsəsini təzahür etdirən liturgiyanı qorumaq və təşviq etmək ilk növbədə yepiskopların, həmçinin hər bir keşişin məsuliyyətidir. Belə bir liturgiya eyni zamanda müjdələmənin əsas vasitələrindən birinə, eləcə də Məclisin öyrətdiyi kimi, özümüzü təqdim etməyi öyrəndiyimiz və Məsihin vasitəçiliyi ilə həm Allahla, həm də bir-birimizlə birlikdə getdikcə kamilləşdiyimiz lütf vasitəsinə çevriləcəkdir (müq. 48).

26 avqust 2026, 19:33

Ən son Audiensiyalar

Həmçinin oxuyun >