Axtar

Papa XIV Leo Ümumi Audiensiyada iştirak etmək üçün Müqəddəs Peter Bazilikasına toplaşan insanları salamlayır. Papa XIV Leo Ümumi Audiensiyada iştirak etmək üçün Müqəddəs Peter Bazilikasına toplaşan insanları salamlayır.   (@VATICAN MEDIA)

Papa: Liturgik il Məsihin xilas işini yeniləyir

Papa XIV Leo liturgik il haqqında düşüncələrini bölüşərək Rəbb günü olan bazar gününü onun «təməli və özəyi» adlandırıb və xristianları Məsihlə və Onun Kilsəsi ilə vəhdətin görünən ifadəsi olaraq Yevxaristiyanın qeyd olunmasında fəal iştirak etməyə çağırıb.

ÜMUMİ AUDİENSİYA

Müqəddəs Peter Bazilikası
Çərşənbə, 12 avqust 2026

Katexizis. II Vatikan Məclisinin Sənədləri. II. “Sacrosanctum Concilium” Konstitusiyası. 6. Liturgik ili.

Əziz bacılar və qardaşlar,  

İkinci Vatikan Məclisinin “Sacrosanctum Concilium” (SC) Konstitusiyasının beşinci fəsli liturgik ilə həsr olunub. Bu gün hər bir imanlının həyatında onun əhəmiyyətini açıqlamaq üçün məhz bu mövzu üzərində dayanmaq istəyirik.

İlk növbədə qeyd etmək vacibdir ki, xristian bayramları silsiləsinin «liturgik il» adlandırılması Kilsə dilində Allahın Qulu abbat Prosper Geranjenin (1805–1875) fəaliyyəti sayəsində geniş yayılıb.

Papa XII Piusun “Mediator Dei” ensiklikasında bildirir ki, liturgik il «keçmiş hadisələrin soyuq və cansız təsviri, yaxud keçmiş bir dövrün sadə salnaməsi deyildir. [Liturgik il], əksinə, Öz Kilsəsində daim yaşayan Məsihin Özüdür. Burada O, insanlara Öz sirlərini tanıtmaq və müəyyən mənada bu sirlərlə yaşamalarını təmin etmək məqsədilə fani həyatı zamanı məhəbbətlə başladığı sonsuz mərhəmət yolunu davam etdirir. Bu sirlər daim mövcuddur və təsirlidir» (III Divinum Officium et Annus Liturgicus, II Cyclus Mysteriorum). Beləliklə, liturgik il Məsihin tarixdə həyata keçirdiyi xilas işinin daim yenilənməsi kimi başa düşülməlidir. Kilsə zamanın bu dövri axarı boyunca irəliləyərkən Rəbbin xilasedici fəaliyyəti ilə daim təmasda qalır ki, bütün imanlılar Onun lütfü ilə dolsunlar (müq. et. SC, 102c).

Bizim üçün ölüb dirilən İsa ilə görüş Kilsənin daim qarşısına qoyduğu məqsəddir. Buna görə də Kilsə Pasxa hadisəsinin qeyd olunmasını hər bir zamanın mərkəzinə yerləşdirir.

Məhz buna görə Məclis Ataları bazar gününü (Rəbbin günü - red.) «bütün liturgik ilin təməli və özəyi», «ilk və başlıca bayram günü» hesab edirdilər (müq. et. SC, 106). Bir sıra müasir dillərdə bu günün adı onun «dies Domini» - «Rəbbin günü» olduğunu ifadə edir. Hətta «günəş günü» mənasını verən adın (Sunday, Sonntag) qorunub saxlandığı dillərdə belə Məsihlə bağlılığı görmək mümkündür: Məsih hər bir insanı işıqlandıran həqiqi «salehlik Günəşi»dir!

Müqəddəs II İoann Pavel “Dies Domini” (31 may 1998) apostol məktubunda öyrədir ki, bazar günü Rəbbin günü, Kilsənin günü, insanın günü və nəhayət, «günlərin günüdür». «Rəbbin  günü həftəlik Pasxa olduğuna, Məsihin ölülər arasından dirildiyi günü xatırlatdığına və onu indiki zamanda gerçəkləşdirdiyinə görə, zamanın mənasını aşkar edən gündür. [...] Dirilmədən qaynaqlanan Rəbbin günü insan zamanını - ayları, illəri, əsrləri yarıb keçən və onları öz məqsədinə, yəni Məsihin İkinci Gəlişinə doğru yönəldən bir ox kimidir. Rəbbin günü son günü, Parusiya gününü əvvəlcədən xəbər verir» (75); həmin gün hamımız diriləcəyik.

Bazar gününü müqəddəs tutmaq üçün Yevxaristiyanı qeyd etmək əsas şərtdir. Məclis Atalarının fikrincə, Kəlamı dinləmək və Məsihin Bədənindən pay almaq (müq. et. SC, 106), yəni imanlıların sevinc içində bir araya – “in unum” gəlməsini nəzərdə tutur. Bu toplantıda xristian icması Rəblə vəhdətini görünən şəkildə ifadə edir, Məsihə mənsubluğuna və Kilsəyə sədaqətinə şəhadət verir. Bu toplantını yalnız virtual iştirakla əvəz etmək olmaz; onu sadəcə passiv bir yığıncağa da çevirmək olmaz. Çünki liturgik toplantı bir araya çağırılmış qardaş və bacıların fəal iştirakı ilə gerçəkləşir. Onlar “İsa Məsihin ölülər arasından dirilməsi vasitəsilə onları yenidən doğub canlı ümidə qovuşduran” Allaha şükür etməyə çağırılıblar (1 Peter 1, 3) (yenə orada).

Bununla əlaqədar olaraq, hər kəsi mümkün olan ən münasib şəraitin yaradılmasına çalışmağa çağırıram ki, hətta bazar günləri işdən azad ola bilməyənlər də Müqəddəs Messada iştirak edə bilsinlər.

Əziz dostlar, bazar günlərinin ritmi ilə müşayiət olunan liturgik ilin maraqlı bir tarixi var və bu tarixdə Kilsənin imanı ilə dindarlığı bir-birinə qovuşur. Həqiqətən də, artıq eramızın II əsrindən etibarən həftəlik Pasxanın qeyd olunmasına illik Pasxanın - «ən təntənəli bayramın» (SC, 102) qeyd olunması da əlavə edildi. Bu bayram ən sevincli əlli günlük dövr boyunca davam edir, Əllinci Gün - Pentikost bayramı ilə zirvəsinə çatır və ona tövbə xarakteri daşıyan Böyük Oruc dövrü ilə hazırlıq görülür (müq. et. SC, 109). Daha sonralar formalaşan və Pasxa dövrü nümunəsində qurulan Milad dövrü Allah Kəlamının Bəşər olmasının, Onun doğulmasının və dünyaya zühur etməsinin sirlərini yenidən yaşamağa imkan verdi. Daha sonra Kilsə ilin müxtəlif dövrlərinə “Oğlunun xilasedici işi ilə ayrılmaz tellərlə bağlı olan” Müqəddəs Məryəmə ehtiramı (SC, 103), eləcə də “göylərdə Allaha kamil həmd oxuyan və bizim üçün dua edən” şəhidlərin və digər müqəddəslərin xatirəsini daxil etdi (SC, 104).

Beləliklə, liturgik il xilas tarixinin təlimini sakramental şəkildə yenidən təqdim edir və imanlıları Məsihin gəlişinin intizarından Pasxa Sirrinin dolğunluğuna, oradan isə gələcək izzətin gözləntisinə doğru aparır. Liturgik il boyunca Kilsə Məsihin sirrinin xilasedici əhəmiyyətini qeyd edir və imanlılara bu sirrdə getdikcə daha dərindən iştirak etmək imkanı verir. Məhz buna görə də liturgik il bütün pastoral fəaliyyət üçün istiqamətverici prinsip və əsas çərçivə təşkil edir.

13 avqust 2026, 08:11

Ən son Audiensiyalar

Həmçinin oxuyun >