Papa: Sevincinizin və sülhünüzüz “oğurlanmasına” imkan verməyin
“SƏMAVİ MƏLƏKƏ”
Müqəddəs Peter Meydanı
Pasxanın IV Rəbb günü, 26 aprel 2026-cı il
Əziz bacılar və qardaşlar, hamınızı salamlayıram! Rəbb gününüz mübarək olsun!
Pasxa dövründə ruhani yolumuzu davam etdirərkən, bugünkü İncil bizə İsanın Özünü həm Çoban, həm də qoyun tövləsinin Qapısı ilə müqayisə etdiyini təqdim edir (bax: Yəhya 10, 1–10).
İsa Çobanla oğru arasında aydın fərq qoyur. O deyir: «qoyun ağılına qapıdan girməyib başqa yerdən aşan oğru və quldurdur» (ayə 1). Sonra bunu daha da açıq şəkildə bildirir: «Oğru yalnız qarət etmək, öldürmək və tələf etmək üçün gəlir. Mənsə gəldim ki, onlar həyata, bol həyata malik olsun» (ayə 10). Fərq aydındır: çobanın qoyunları ilə xüsusi bir bağı var və buna görə də o, tövləyə qapıdan daxil olur. Əgər kimsə içəri girmək üçün hasardan aşmalı olursa, deməli o, qoyunları oğurlamaq istəyən oğrudur.
İsa bizə bildirir ki, O, bizə dostluq əlaqəsi ilə bağlıdır: O bizi tanıyır, adımızla çağırır, bizə yol göstərir və, çoban qoyunlarına necə qayğı göstərirsə, İsa da biz azanda bizi axtarır, xəstə olanda yaralarımızı sarıyır (bax: Yez 34, 16). İsa həyatımızı və azadlığımızı bizdən almaq üçün gələn oğru kimi gəlmir; əksinə, bizi salehlik yolları ilə aparır. O, vicdanımızı tələyə salmaq və ya aldatmaq üçün deyil, onu Öz hikmətinin nuru ilə işıqlandırmaq üçün gəlir. O, yer üzündəki sevinclərimizi əlimizdən almaq üçün deyil, onları daha dolğun və daha davamlı səadətə doğru açmaq üçün gəlir. Ona etibar edənlərin qorxmağa heç bir səbəbi yoxdur, çünki O, bizdən həyatı almır, əksinə onu bizə bolluqla bəxş etmək üçün gəlir (bax: ayə 10).
Qardaşlar və bacılar, biz ürəyimizin və həyatımızın qapısı üzərində düşünməyə və xüsusilə ayıq-sayıq olmağa dəvət olunuruq. Çünki bu qapıdan daxil olan ya sevincimizi artıracaq, ya da oğru kimi onu bizdən oğurlayacaq. “Oğrular” müxtəlif formalarda ola bilər: zahiri görünüşlərindən asılı olmayaraq, onlar azadlığımızı boğan və ya ləyaqətimizə hörmət etməyən insanlar; başqalarına və həyata münasibətdə səbrli və hüzurlu olmağımıza mane olan inanclar və qərəzlər; bizi yanlış seçimlərə aparan səhv düşüncələr; bizi daxilən boş qoyan və kimliyimizdən uzaqda yaşamağa sövq edən səthi və istehlakçı həyat tərzi. Gəlin o “oğruları” da unutmayaq ki, yer üzünün nemətlərini talan edərək, qanlı müharibələr törədərək və hər cür şəri qızışdıraraq, hər birimizi sülh və aramlıq dolu gələcək imkanından məhrum edirlər.
Biz özümüzdən soruşmalıyıq: həyatımıza kimin rəhbərlik etməsini istəyirik? Hansı “oğrular” bizim tövləmizə daxil olmağa cəhd edib? Onlar buna nail olublar, yoxsa biz onları dəf edə bilmişik?
Bu gün İncil bizi Rəbbə etibar etməyə çağırır. O, bizdən heç nə almaq istəmir. Əksinə, O, həyatımızı artıran və onu bizə bolluqla bəxş edən Yaxşı Çobandır. Qoy Mübarək Məryəm həmişə yolumuzda bizi müşayiət etsin və bizim üçün, eləcə də bütün dünya üçün şəfaətçi olsun.