Axtar

ITALY-VATICAN-RELIGION-POPE-ANGELUS

Papa Leo: Həqiqi dolğunluğu istehlakçılıq deyil, Allah bəxş edir

“Rəbbin mələyi” duası zamanı çıxış edən Papa XIV Leo Allahın Padşahlığı haqqında düşüncələrini bölüşərək xristianları həqiqətən vacib olanı ayırd etməyə çağırıb.

“RƏBBİN MƏLƏYİ”

“Piazza della Liberta”  - Azadlıq Meydanı -  (Kastel Qandolfo igamətgahı)

Rəbb günü, 26 iyul 2026-cı il

Əziz bacı və qardaşlar, Rəbb gününüz mübarək olsun!

İsanın təliminin mərkəzində Allahın Padşahlığının sirri dayanır. Bu günkü İncil parçasında Rəbb onu xəzinəyə və qiymətli mirvariyə bənzədir (bax: Matta 13, 44-52). Bu məsəllər insanın gözlədiyindən qat-qat artıq bir nemət tapdığı zaman keçirdiyi heyrəti təsvir edir. Elə bir xəzinə ki, onu əldə etmək üçün hər şeydən imtina etmək artıq itki deyil, əksinə, ən böyük qazanc kimi görünür. Elə İncilin ilk səhifələrindən etibarən görürük ki, İsanın «Mənim ardımca gəl» çağırışı qarşısıalınmaz bir qüvvəyə malikdir. Bu çağırış azad şəkildə qəbul edilir, lakin eyni zamanda o qədər təcilidir ki, insanda dərhal və bütün qəlbi ilə cavab vermək arzusu oyadır. Allahın bizə yaxın olmasının və Özünü tanıtmasının mühüm cəhətlərindən biri də məhz budur. Onun Padşahlığı ilə qarşılaşmaq insan həyatında həlledici dönüş nöqtəsinə çevrilir. Bu qarşılaşma həyatı daraltmır, əksinə, onu genişləndirir. Əgər bizdən nəyinsə dəyişməsi tələb olunursa, bu yalnız ona görədir ki, həyatımız daha məhdud deyil, daha zəngin imkanlara açıq olsun.

İsa burada Allahın Padşahlığının daha bir mühüm xüsusiyyətini vurğulayır. Tarlada gizlədilmiş xəzinəni tapan, çox güman ki, sadə bir kəndlidir. Qiymətli mirvarini tanıyan isə tacirdir, bəlkə də uzaq ölkələri gəzən bir səyyah. Ardınca gələn digər məsəllərdə isə balıqçılar, həm köhnə, həm də yeni hikməti bilən bir din alimi çıxış edir. İsa başqa məsəllərində Allahın Padşahlığını xəmir yoğuran və ya evini səliqəyə salan qadına, müharibəyə hazırlaşan padşaha, qüllə tikməyi planlaşdıran insana, pul və sərvəti idarə edən vəkillərə, həmçinin çobanlara və əkinçilərə bənzədir. Bütün bunlar onu göstərir ki, Allahın Padşahlığı öz misilsiz gözəlliyini müxtəlif yollarla aşkar edir. Lakin o, eyni zamanda hər kəsi – qadını və kişini, gənci və yaşlını, varlını və kasıbı – həyatını kökündən yeniləməyə çağırır. Bu çağırışı anlamaq və ona cavab vermək hər bir insan üçün mümkündür. Çünki Allahın Padşahlığı bütün insanların qəlbinə xitab edir və hər kəsi Özünə cəlb edir.

Bu gün də Kilsə mənşəyi, mədəniyyəti, bacarıqları və xidmətləri bir-birindən fərqlənən insanların birliyidir. Lakin onların hamısı İsa Məsihdə özlərini “bir” xalq kimi tanımağa çağırılmışdır. Gizli xəzinə də, qiymətli mirvari də, pərən-pərən düşmüş insanları bir yerə toplayan tor da məhz Odur. İsa hələ fəaliyyətinin əvvəlindən elə insanları Öz ətrafına toplamağa başladı ki, adi şəraitdə onların yolları heç vaxt kəsişməzdi. Bununla O göstərdi ki, Allah insanlar arasında ayrı-seçkilik etmir. Əksinə, Öz məhəbbətini hamıya təmənnasız bəxş edir, xüsusilə də kiçiklərə, zəiflərə və cəmiyyət tərəfindən kənara atılmış insanlara.

Qardaşlar və bacılar, bizə düşən yalnız bir şeydir: vaxtilə gənc padşah Süleymanın dilədiyi həmin bəxşişi Allahdan istəmək (1 Pad 3, 5. 7-12). Bu, qiymətli mirvarini tanımaq, hər şeydən keçməyə dəyər olan xəzinəni ayırd edə bilmək bəxşişidir. İstehlak mədəniyyəti zövqlərimizi daim öz təsiri altına salır, durmadan yeni ehtiyaclar yaradır və sonra bizi heç vaxt tam təmin etməyən, bəzən isə hətta qəlbimizi zəhərləyən «həll yolları» satmağa çalışır. Buna görə də biz həqiqətən vacib olanı seçməyi öyrənməliyik: Allaha olan münasibəti. Məhz bu münasibət bizi həqiqi sevincə açır və başqaları ilə münasibətlərimizi daha dərin, daha dolğun şəkildə yaşamağa kömək edir.

Qoy “Hikmət Taxtı” deyərək çağırdığımız Müqəddəs Məryəmin şəfaəti həyat arzularımızı İsa Məsihə yönəltsin ki, qəlbimiz yalnız Onda öz tam kamilliyini və həqiqi dolğunluğunu tapsın.

27 iyul 2026, 11:04

Angelus nədir?
 

Angelus, katoliklər tərəfindən gündə üç dəfə, səhər 6-da, günorta və axşam 6-da oxunan xüsusi bir duadır və Angelus zənginin çalınması ilə müşayiət olunur. Adı latın dilində 'mələk' sözündən gəlir və bu dua, İsa Məsihin Təcəssüm Sirri ilə insan təbiətimizi qəbul etməsini xatırladır.
 

Papa hər bazar günü günorta saatlarında Müqəddəs Peter meydanında Angelus duasını oxuyur.
 

Papa həmçinin günün İncilini şərh edir və beynəlxalq məsələlərə toxunur. Bu açıqlamalar bütün dünyada radio və televiziya vasitəsilə yayımlanır. Eyni zamanda, sosial mediada geniş şəkildə paylaşılır.
 

Pasxadan Pentikost (Əllinci Gün Bayramı) gününə qədər Angelus duası yerinə Regina Coeli duası oxunur. Bu dua İsa Məsihin Dirilməsini xatırladır və Angelus kimi, Qloriyanın ('Allahı ucaldaq' duasının) üç dəfə oxunması ilə tamamlanır.

Ən son 'Angelus' / 'Regina Caeli'

Həmçinin oxuyun >