Axtar

Il Papa, 'non dimentichiamo le guerre', poi il giro a sorpresa tra i fedeli

Papa Leo: Allahın Padşahlığı güclə deyil, məhəbbətlə böyüyür

“Rəbbin mələyi” duası zamanı Papa XIV Leo bildirib ki, Allahın Padşahlığı güc və zorakılıq yolu ilə deyil, təvazökarlıq, səbir və məhəbbət vasitəsilə səssizcə böyüyür. O, xristianları Allahın gözə görünmədən fəaliyyət göstərən işinə etibar etməyə və bu dünyada «İncilin kiçik toxumları» olmağa çağırıb.

“RƏBBİN MƏLƏYİ”

“Piazza della Liberta”  - Azadlıq Meydanı -  (Kastel Qandolfo igamətgahı)
Rəbb günü, 19 iyul 2026-cı il

Əziz bacı və qardaşlar, Rəbb gününüz mübarək olsun!

Əkinçi haqqında məsəldən sonra İsa camaata daha bir neçə obraz vasitəsilə: yaxşı buğda və alaq otları, xardal toxumu və xəmirə qatılan maya haqqında məsəllərlə müraciət etməyə davam edir.  (Matta 13, 24–43).

Bu üç qısa məsəl Allahın Padşahlığının tarixə gəlişini, insan həyatında necə fəaliyyət göstərdiyini, necə böyüyüb yayıldığını və dünyanı daxilən necə dəyişdirdiyini bizə xatırladır. Bu obrazlar vasitəsilə İsa bizi belə bir düşüncənin cazibəsindən çəkindirir ki, guya Allah Özünü güc yolu ilə qəbul etdirən, hər şeyi zorla öz hakimiyyəti altına alan və təntənə ilə gələn qüdrətli bir hökmdardır. Əksinə, Allah kiçikliyi seçir. Çünki kiçiklik Onun təvazökar və incə məhəbbətinin əlamətidir. Bu məhəbbət insanı azad buraxır ki, insan özü Allahı ya qəbul,  ya da rədd edə bilsin. Onun məhəbbəti hətta alaq otlarının arasında da özünü göstərir, bütün toxumların ən kiçiyi kimi gizli və gözə görünmədən fəaliyyət göstərir, səs-küy salmadan xəmiri mayalandıraraq onu daxilən dəyişdirir.

Qardaşlar və bacılar, bu məsəllər vasitəsilə İsa Allahın həyatımızda və tarixdə necə fəaliyyət göstərdiyi barədə mühüm bir həqiqəti açıqlayır. Biz bəzən Allahdan möhtəşəm işlər gözləyirik. İstəyirik ki, O, göylərdən dərhal müdaxilə etsin, pisliyin alaq otlarını bir anda kökündən qoparsın. Biz güclü və qüdrətli bir Allah təsəvvür edirik. Təəssüf ki, çox vaxt xristian həyatımızı və Kilsə anlayışımızı da məhz bu təsəvvür üzərində qururuq. Lakin Allahın Padşahlığı alaq otlarının arasında belə böyüməyə davam edir. Buna görə də baxışlarımızı tərbiyə etməliyik ki, pisliyin qaranlığına baxmayaraq cücərən yaxşılığı görə bilək və tələsik mühakimələrdən çəkinək. Allahın Padşahlığı ən kiçik toxum kimi gəlir. Buna görə də onun böyüməsini səbirlə müşayiət etməyə çağırılırıq ki, gündəlik həyatın kiçik hadisələrində və adi görünən anlarında Allahın fəaliyyətini tanıya bilək. O, unun içindəki maya kimi gözə görünmədən böyüyür. Buna görə də ruhdan düşməməli və Allahın sanki uzaqda olduğu anlarda belə imanımızı qorumalıyıq. Çünki O, əslində hər zaman bizimlədir və Onun məhəbbəti bizi dəstəkləməyə və köməyə gəlməyə həmişə hazırdır.

Allahın fəaliyyət tərzi bizim də həm şəxsi həyatımızda, həm də ətrafımızdakı dünyada Kilsə olaraq yaşama tərzimizə çevrilməlidir. Biz başqalarına qarşı tələsik və təkəbbürlü mühakimələrlə çıxış etmədən, özümüzü güc və məcburiyyət yolu ilə qəbul etdirmədən, Allahın fəaliyyətinə olan etimadımızı itirmədən, İncil ruhuna uyğun bir yanaşma mənimsəməyə çağırılırıq. O vaxtkı kardinal Ratzingerin dediyi kimi, məsələ «toxumun məntiqini» qəbul etməkdədir. Bu məntiq uğur və zahiri böyüklük məntiqi deyil; kiçilmək, başqalarına xidmət etmək məntiqidir (Katexizatorlar ilə görüş, 10 dekabr 2000-ci il). Belə olduqda biz İncilin kiçik toxumları kimi cücərəcək, dünyanın «xəmirini» dəyişdirən məhəbbət mayasına çevriləcəyik.

Gəlin, Allah Kəlamının toxumunu öz təvazökarlığında qəbul etməyi bacaran Mübarək Məryəm Anadan diləyək ki, həyat yolumuzda bizə dayaq olsun və bizim üçün Allah qarşısında şəfaət etsin.

20 iyul 2026, 10:51

Angelus nədir?
 

Angelus, katoliklər tərəfindən gündə üç dəfə, səhər 6-da, günorta və axşam 6-da oxunan xüsusi bir duadır və Angelus zənginin çalınması ilə müşayiət olunur. Adı latın dilində 'mələk' sözündən gəlir və bu dua, İsa Məsihin Təcəssüm Sirri ilə insan təbiətimizi qəbul etməsini xatırladır.
 

Papa hər bazar günü günorta saatlarında Müqəddəs Peter meydanında Angelus duasını oxuyur.
 

Papa həmçinin günün İncilini şərh edir və beynəlxalq məsələlərə toxunur. Bu açıqlamalar bütün dünyada radio və televiziya vasitəsilə yayımlanır. Eyni zamanda, sosial mediada geniş şəkildə paylaşılır.
 

Pasxadan Pentikost (Əllinci Gün Bayramı) gününə qədər Angelus duası yerinə Regina Coeli duası oxunur. Bu dua İsa Məsihin Dirilməsini xatırladır və Angelus kimi, Qloriyanın ('Allahı ucaldaq' duasının) üç dəfə oxunması ilə tamamlanır.

Ən son 'Angelus' / 'Regina Caeli'

Həmçinin oxuyun >