Il Papa ricorda Chernobyl, atomica sia al servizio della vita

Papa: Sevincinizin və sülhünüzüz “oğurlanmasına” imkan verməyin

Papa XIV Leo “Səmavi Mələkə” müraciətində imanlıları Rəbbə etibar etməyə dəvət edib və sevincimizi məhv etmək üçün bizi doğru yoldan azdırmağa çalışan “oğruların səsinə” uymamağa çağırıb.

“SƏMAVİ MƏLƏKƏ”

Müqəddəs Peter Meydanı
Pasxanın IV Rəbb günü, 26  aprel 2026-cı il

Əziz bacılar və qardaşlar,  hamınızı salamlayıram! Rəbb gününüz mübarək olsun!

Pasxa dövründə ruhani yolumuzu davam etdirərkən, bugünkü İncil bizə İsanın Özünü həm Çoban, həm də qoyun tövləsinin Qapısı ilə müqayisə etdiyini təqdim edir (bax: Yəhya 10, 1–10).

İsa Çobanla oğru arasında aydın fərq qoyur. O deyir: «qoyun ağılına qapıdan girməyib başqa yerdən aşan oğru və quldurdur» (ayə 1). Sonra bunu daha da açıq şəkildə bildirir: «Oğru yalnız qarət etmək, öldürmək və tələf etmək üçün gəlir. Mənsə gəldim ki, onlar həyata, bol həyata malik olsun» (ayə 10). Fərq aydındır: çobanın qoyunları ilə xüsusi bir bağı var və buna görə də o, tövləyə qapıdan daxil olur. Əgər kimsə içəri girmək üçün hasardan aşmalı olursa, deməli o, qoyunları oğurlamaq istəyən oğrudur.

İsa bizə bildirir ki, O, bizə dostluq əlaqəsi ilə bağlıdır: O bizi tanıyır, adımızla çağırır, bizə yol göstərir və, çoban qoyunlarına necə qayğı göstərirsə, İsa da biz azanda bizi axtarır, xəstə olanda yaralarımızı sarıyır (bax: Yez 34, 16). İsa həyatımızı və azadlığımızı bizdən almaq üçün gələn oğru kimi gəlmir; əksinə, bizi salehlik yolları ilə aparır. O, vicdanımızı tələyə salmaq və ya aldatmaq üçün deyil, onu Öz hikmətinin nuru ilə işıqlandırmaq üçün gəlir. O, yer üzündəki sevinclərimizi əlimizdən almaq üçün deyil, onları daha dolğun və daha davamlı səadətə doğru açmaq üçün gəlir. Ona etibar edənlərin qorxmağa heç bir səbəbi yoxdur, çünki O, bizdən həyatı almır, əksinə onu bizə bolluqla bəxş etmək üçün gəlir (bax: ayə 10).

Qardaşlar və bacılar, biz ürəyimizin və həyatımızın qapısı üzərində düşünməyə və xüsusilə ayıq-sayıq olmağa dəvət olunuruq. Çünki bu qapıdan daxil olan ya sevincimizi artıracaq, ya da oğru kimi onu bizdən oğurlayacaq. “Oğrular” müxtəlif formalarda ola bilər: zahiri görünüşlərindən asılı olmayaraq, onlar  azadlığımızı boğan və ya ləyaqətimizə hörmət etməyən insanlar; başqalarına və həyata münasibətdə səbrli və hüzurlu olmağımıza mane olan inanclar və qərəzlər; bizi yanlış seçimlərə aparan səhv düşüncələr; bizi daxilən boş qoyan və kimliyimizdən uzaqda yaşamağa sövq edən səthi və istehlakçı həyat tərzi. Gəlin o “oğruları” da unutmayaq ki, yer üzünün nemətlərini talan edərək, qanlı müharibələr törədərək və hər cür şəri qızışdıraraq, hər birimizi sülh və aramlıq dolu gələcək imkanından məhrum edirlər.

Biz özümüzdən soruşmalıyıq: həyatımıza kimin rəhbərlik etməsini istəyirik? Hansı “oğrular” bizim tövləmizə daxil olmağa cəhd edib? Onlar buna nail olublar, yoxsa biz onları dəf edə bilmişik?

Bu gün İncil bizi Rəbbə etibar etməyə çağırır. O, bizdən heç nə almaq istəmir. Əksinə, O, həyatımızı artıran və onu bizə bolluqla bəxş edən Yaxşı Çobandır. Qoy Mübarək Məryəm həmişə yolumuzda bizi müşayiət etsin və bizim üçün, eləcə də bütün dünya üçün şəfaətçi olsun.

26 aprel 2026, 21:06

Regina Coeli nədir?

 

Regina Coeli ("Səma Mələkəsi") antifonu  dörd ənənəvi Marian antifonundan biridir, digərləri Alma Redemptoris Mater, Ave Regina Coelorum və Salve Regina-dır.

Papa XIV Benedikt Pasxa bayramında, Pasxa bazarından Pentikostun sonuna qədər Angelusun yerinə Regina Coelinin oxunmasını əmr etmişdi. Regina Coeli Məsihin ölüm üzərində qələbəsinin əlaməti olaraq ayaq üstə oxunur.

Angelus kimi, Regina Coeli də günü Allaha və Məryəm Anaya həsr etmək üçün gündə üç dəfə, səhər, günorta və axşam vaxtı oxunur. Bu qədim antifonun mömin ənənəyə görə ilk dəfə VI əsrdə istifadə edilməyə başladığı bildirilir. XIII əsrin birinci yarısına aid sənədli mənbələrdə təsdiqlənir ki, o, Fransiskan breviarisinə əlavə edilib. Regina Coeli hər biri 'alleluiya' ilə bitən dörd qısa sətirdən ibarətdir. Regina Coeli ilə imanlılar İsanın dirilməsinə birlikdə sevinmək üçün Səma Mələkəsi Məryəmə müraciət edirlər.

2015-ci ilin Pasxa Bazar ertəsi günü Regina Coeli duasında Papa Fransisk imanlıların bu Marian duasını edərkən hansı mənəvi hallar ilə hərəkət etməli olduqlarını belə ifadə etdi:

“Alleluiya ilə ifadə edilən bu duada biz Məryəmə müraciət edirik, onu sevinməyə dəvət edirik, çünki bətnində daşıdığı Şəxs vəd etdiyi kimi Dirilmişdir. Biz özümüzü onun şəfaətinə tapşırırıq. Əslində, bizim sevincimiz Məryəmin sevincinin əksidir, çünki İsanın hadisələrini imanla qoruyan və mühafizə edən odur. Ona görə də gəlin bu duanı anaları xoşbəxt olduğu üçün xoşbəxt olan uşaqların duyğuları ilə oxuyaq”.

Ən son 'Angelus' / 'Regina Caeli'

Həmçinin oxuyun >