Axtar

Papa: "Scongiurare corsa ad armamenti, minaccia pace tra nazioni"

XIV Leo: Allahın Kəlamı tarixi kontekstdə oxunmalıdır

Fevralın 4-ü, Həftəlik Ümumi Audiyensiya zamanı Papa XIV Leo Müqəddəs Yazıların fundamentalist və ya ruhaniçi tərzdə oxunmasının təhlükələrinə diqqət çəkərək xatırlatdı ki, Allahın Kəlamı Kilsənin canlı Ənənəsi daxilində, tarixi və insani ölçüləri nəzərə alınaraq qəbul edilməlidir. Papa vurğuladı ki, Kilsə hər bir dövrdə Allahın Kəlamını insan qəlblərinə toxuna bilən, onların ümid və iztirablarına cavab verən bir dildə elan etməyə çağırılmışdır.

ÜMUMİ AUDİENSİYA

Audiensiya Zalı
Çərşənbə, 04  fevral 2026

Katexizis. II Vatikan Məclisinin Sənədləri. I. “Dei Verbum” Doqmatik Konstitusiyası. 4. Müqəddəs Yazılar: insan sözlərində səslənən Allahın Kəlamı

Əziz qardaşlar və bacılar, sabahınız xeyir və xoş gəlmisiniz!

Bu həftələr ərzində üzərində düşündüyümüz “Dei Verbum” Konstitusiyası bizə xatırladır ki, Kilsənin canlı Ənənəsi daxilində oxunan Müqəddəs Yazılar Allahla görüş üçün imtiyazlı bir məkan təşkil edir. Məhz burada Allah bütün dövrlərin qadın və kişilərinə danışmağa davam edir ki, onlar dinləməklə Onu tanısınlar və sevsinlər. Lakin Müqəddəs Kitab mətnləri nə səmavi, nə də fövqəlbəşəri bir dildə qələmə alınmışdır. Əksinə, gündəlik həyatın da bizə öyrətdiyi kimi, müxtəlif dillərdə danışan iki insan bir-birini başa düşə bilməz, dialoqa girə bilməz və qarşılıqlı münasibət qura bilməz. Bəzən sevgi ilk olaraq insanın özünü başqasına anlaşılan etməklə təzahür edir. Məhz buna görə Allah insan dilləri ilə danışmağı seçmişdir. Beləliklə, Müqəddəs Ruhun ilhamı ilə müxtəlif müəlliflər Müqəddəs Yazıların mətnlərini qələmə almışlar. Məclis sənədinin özünün də xatırlatdığı kimi: “İnsan dili ilə ifadə olunmuş Allahın sözləri, əbədi Atanın Kəlamı insan zəifliyinin cismini üzərinə götürdüyü zaman hər cəhətdən insanlara bənzədiyi kimi, insan nitqinə bənzədilmişdir” (DV, 13). Beləliklə, Müqəddəs Yazılar təkcə məzmununda deyil, həm də dilində Allahın insanlara yönəlmiş mərhəmətli təvazökarlığını və onlara yaxın olmaq istəyini aşkar edir.

Kilsə tarixi boyunca müqəddəs mətnlərin İlahi Müəllifi ilə insan müəllifləri arasındakı münasibət daim tədqiq olunmuşdur. Bir neçə əsr ərzində bir çox ilahiyyatçılar Müqəddəs Yazıların ilahi ilhamını müdafiə etməyə xüsusi səy göstərmiş, bəzən insan müəllifləri demək olar ki, Müqəddəs Ruhun yalnız passiv alətləri kimi dəyərləndirmişlər. Lakin daha yaxın dövrlərdə aparılan araşdırmalar müqəddəs mətnlərin qələmə alınmasında hagiografların töhfəsini yenidən qiymətləndirmişdir. O dərəcədə ki, Məclis Sənədi Allahı Müqəddəs Yazıların əsas “Müəllifi” adlandırmaqla yanaşı, hagiografları da müqəddəs kitabların “həqiqi müəllifləri” kimi təqdim edir (bax: DV, 11). Keçən əsrin nüfuzlu bir ekzegetinin də qeyd etdiyi kimi: “İnsan fəaliyyətini sadəcə bir katibin işi səviyyəsinə endirmək ilahi fəaliyyəti ucaltmır” [1]. Allah heç vaxt insanı və onun potensialını alçaltmır və ya boğmur!

Beləliklə, əgər Müqəddəs Yazılar insan sözlərində ifadə olunmuş Allahın Kəlamıdırsa, bu iki ölçüdən hər hansı birini nəzərə almayan və ya inkar edən hər bir yanaşma natamam qalır. Bundan irəli gələrək demək olar ki, müqəddəs mətnlərin düzgün təfsiri onların formalaşdığı tarixi mühiti və istifadə olunmuş ədəbi janrları kənara qoya bilməz. Əksinə, Allahın istifadə etdiyi insan sözlərinin öyrənilməsindən imtina etmək Müqəddəs Yazıların mənasını təhrif edən fundamentalist və ya ruhaniçi yanaşmalara aparıb çıxara bilər. Bu prinsip Allahın Kəlamının elan edilməsinə də şamil olunur: əgər bu elan gerçəklikdən, insanın ümid və iztirablarından uzaq düşərsə, əgər anlaşılmaz, ünsiyyət qurmağa qadir olmayan və ya anaxronik bir dilə bürünərsə, öz təsir gücünü itirəcək. Hər bir dövrdə Kilsə tarix daxilində təcəssüm bilən və insan qəlblərinə yol tapan bir dildə Allahın Kəlamını yenidən təqdim etməyə çağırılır. Necə ki Papa Fransisk bizə xatırladır: “Hər dəfə biz mənbəyə qayıtmaq və İncilin ilkin təravətini yenidən kəşf etmək üçün səy göstərdikdə, yeni üfüqlər açılır, yaradıcılığın yeni yolları meydana çıxır; bu isə bugünkü dünya üçün daha ifadəli nişanələr və yeni məna daşıyan sözlər doğurur” [2].

Digər tərəfdən, Müqəddəs Yazıların ilahi mənşəyini nəzərə almayan və nəticədə onları yalnız insani bir təlim kimi, sırf texniki baxımdan öyrənilən bir mətn və ya “yalnız keçmişə aid olan” bir yazı kimi dərk edən yanaşma da eyni dərəcədə kasadlaşdırıcıdır [3]. Əslində isə Müqəddəs Yazılar, xüsusilə liturgiya çərçivəsində elan edildikdə, bu günün imanlılarına xitab etmək, onların indiki həyatına – problemləri, axtarışları və sualları ilə birlikdə – toxunmaq, atılmalı olan addımları və verilməli qərarları işıqlandırmaq üçün nəzərdə tutulmuşdur. Bu isə yalnız o zaman mümkün olur ki, imanlılar müqəddəs mətnləri onları ilhamlandırmış olan eyni Ruhun rəhbərliyi altında oxuyub təfsir etsinlər (bax: DV, 12).

Bu baxımdan Müqəddəs Yazılar imanlıların həyatını və məhəbbətini qidalandıran bir mənbə kimi çıxış edir. Müqəddəs Avqustinin xatırlatdığı kimi: “Kim ki… Müqəddəs Yazıları anladığını zənn edir, lakin onlara elə bir təfsir verir ki, bu təfsir Allaha və qonşuna qarşı bu ikili məhəbbəti qurub-möhkəmləndirməyə xidmət etmir, o hələ onları lazım olduğu kimi anlamamışdır” [4]. Müqəddəs Yazıların ilahi mənşəyi eyni zamanda bunu da yada salır ki, vəftiz olunmuşların şəhadətinə əmanət edilmiş İncil, həyatın və gerçəkliyin bütün ölçülərini əhatə etsə də, onları aşır. O, sadəcə insansevərlik və ya sosial bir mesaj səviyyəsinə endirilə bilməz; əksinə, Allahın İsa Məsihdə bizə bəxş etdiyi tam və əbədi həyatın sevincli müjdəsidir.

Dear brothers and sisters, let us thank the Lord because, in his goodness, he ensures our lives do not lack the essential nourishment of his Word, and let us pray that our words, and even more so our lives, do not obscure the love of God that is narrated in them.

Əziz qardaşlar və bacılar, gəlin Rəbbə şükür edək, çünki O, Öz xeyirxahlığı ilə həyatımızı Kəlamının zəruri qidasından məhrum etmir; və dua edək ki, sözlərimiz — daha da artıq, həyatımız — həmin Kəlamda bizə açıqlanan Allahın məhəbbətinə kölgə salmasın.

_____________________________________________

[1] Luis Alonso Schökel, La parola ispirata. La Bibbia alla luce della scienza del linguaggio

(İlhamlı Kəlam. Müqəddəs Yazılar dil və ədəbiyyat elminin işığında), Brescia, 1987, s. 70.

[2] Papa Fransisk, Apostol Nəsihətnaməsi “Evangelii gaudium” (24 noyabr 2013), § 11.

[3] XVI Benedikt, “Verbum Domini” Sinoddan sonrakı Apostol Nəsihətnaməsi (30 sentyabr 2010), § 35.

[4] Müqəddəs Avqustin, De doctrina christiana, I, 36, 40.

04 fevral 2026, 21:57

Ən son Audiensiyalar

Həmçinin oxuyun >