XIV Leo: Allahın Kəlamı – qəlbin həqiqət və məna həsrətinə cavabdır
ÜMUMİ AUDİENSİYA
Audiensiya Zalı
Çərşənbə, 11 fevral 2026
Katexizis. II Vatikan Məclisinin Sənədləri. I. “Dei Verbum” Doqmatik Konstitusiyası. 5. Allahın Kəlamı Kilsənin həyatında
Əziz qardaşlar və bacılar, sabahınız xeyir və xoş gəlmisiniz!
Bugünkü katexizisdə biz Allahın Kəlamı ilə Kilsə arasında mövcud olan dərin və həyati bağı nəzərdən keçirəcəyik; bu bağ İkinci Vatikan Məclisinin "Dei Verbum" Konstitusiyasının altıncı fəslində ifadə olunmuşdur. Kilsə Müqəddəs Yazıların qanuni evidir. Müqəddəs Ruhun ilhamı ilə Müqəddəs Kitab Allahın xalqı tərəfindən ortaya çıxmışdır və Allahın xalqı üçün təyin edilmişdir. Xristian icmasında onun, belə demək mümkünsə, öz yaşayış mühiti vardır: həqiqətən də, o, öz mənasını üzə çıxara və gücünü bəyan edə biləcəyi məkanı Kilsənin həyatında və imanında tapır.
II Vatikan Məclisi bizə xatırladır ki, “Kilsə həmişə ilahi Yazılara Rəbbin Bədəninə göstərdiyi ehtiram kimi ehtiram göstərmişdir; çünki xüsusilə müqəddəs liturgiyada o, Allahın Kəlamı süfrəsindən və Məsihin Bədəni süfrəsindən həyat çörəyini fasiləsiz şəkildə qəbul edir və imanlılara təqdim edir”. Bundan əlavə, “Kilsə onları həmişə Müqəddəs Ənənə ilə birlikdə iman üçün ali qayda kimi saxlamışdır və saxlayır” (Dei Verbum, 21).
Kilsə Müqəddəs Yazıların dəyəri üzərində düşünməkdən əsla vaz keçmir. Məclisdən sonra bu baxımdan çox mühüm məqamlardan biri 2008-ci ilin oktyabrında “Allahın Kəlamı Kilsənin həyatında və missiyasında” mövzusunda keçirilmiş Yepiskoplar Sinodunun Adi Baş Assambleyası idi. Papa XVI Benedikt onun bəhrələrini 30 sentyabr 2010-cu il tarixli “Verbum Domini” Sinodundan sonrakı nəsihətnaməsində toplamışdır və orada belə təsdiq edir: “Kəlam və iman arasındakı daxili bağ aydınlaşdırır ki, orijinal bibliya hermenevtikası (izahı) yalnız Kilsənin imanı daxilində mümkündür, hansı ki, bu imanın nümunəsi Məryəmin «bəli» cavabında təzahür edir... Müqəddəs Yazıların təfsiri üçün ilkin mühit Kilsənin həyatıdır” (bənd 29).
Buna görə də, kilsə icmasında Müqəddəs Yazı öz xüsusi vəzifəsini yerinə yetirmək və məqsədinə çatmaq üçün lazımi mühiti tapır: Məsihi tanıtmaq və Allahla dialoq qurmaq. Həqiqətən də, “Müqəddəs Yazıları bilməmək, Məsihi tanımamaqdır”. Müqəddəs İeronimin bu məşhur ifadəsi bizə Müqəddəs Yazıları oxumağın və onlar üzərində düşünməyin son məqsədini xatırladır: Məsihi tanımaq və Onun vasitəsilə Allahla münasibətə, yəni söhbət və dialoq kimi başa düşülən bir əlaqəyə daxil olmaq. "Dei Verbum" Konstitusiyası Vəhyi bizə məhz Allahın insanlarla sanki dostları ilə danışırmış kimi danışdığı bir dialoq kimi təqdim etmişdir (bax: DV, 2). Bu, biz Müqəddəs Kitabı daxili bir dua ehtiramı ilə oxuduqda baş verir: o zaman Allah bizə tərəf gəlir və bizimlə söhbətə başlayır.
Kilsəyə əmanət edilmiş, onun tərəfindən qorunan və izah edilən Müqəddəs Yazı fəal rol oynayır: həqiqətən də, öz təsiri və gücü ilə xristian icmasını dəstəkləyir və ona can verir. Bütün imanlılar bu mənbədən su içməyə çağırılırlar, hər şeydən əvvəl Yevxaristiyanın və digər Sirrlərin qəbul olunması zamanı. Müqəddəs Yazılara olan sevgi və onlarla yaxınlıq Kəlam xidmətini yerinə yetirənlərə — yepiskoplara, keşişlərə, diakonlara və katexistlərə bələdçilik etməlidir. Təfsirçilərin və bibliya elmləri ilə məşğul olanların işi əvəzsizdir; Müqəddəs Yazılar teologiyada mərkəzi yer tutur, belə ki teologiya öz təməlini və ruhunu Allahın Kəlamında tapır.
Kilsə ürəkdən arzulayır ki, Allahın Kəlamı onun hər bir üzvünə çatsın və onların iman yolunu qidalandırsın. Lakin Allahın Kəlamı həm də Kilsəni öz hüdudlarından kənara sövq edir; onu hər kəsə qarşı olan missiyaya daim açır. Həqiqətən də, biz ətrafımızda çoxlu sözlərlə yaşayırıq, lakin bu sözlərin nə qədəri boşdur! Bəzən hətta müdrik sözləri də eşidirik, lakin onlar bizim son aqibətimizə təsir etmir. Əksinə, Allahın Kəlamı bizim məna axtarışımıza, həyatımız haqqındakı həqiqətə olan susuzluğumuza cavab verir. O, hər zaman yeni olan yeganə Kəlamdır: Allahın sirrini bizə açaraq, o tükənməzdir və öz zənginliyini təqdim etməkdən əsla yorulmur.
Əziz dostlar, Kilsədə yaşayaraq insan öyrənir ki, Müqəddəs Yazı tamamilə İsa Məsihə aiddir və bunun onun dəyəri və gücünün dərin səbəbi olduğunu təcrübədən keçirir. Məsih Atanın canlı Kəlamıdır, Allahın insan olmuş Kəlamıdır. Bütün Müqəddəs Yazılar Onun Şəxsiyyətini və xilas edici hüzurunu hər birimiz və bütün bəşəriyyət üçün bəyan edir. Odur ki, gəlin Kilsənin Anası Məryəmin nümunəsini təqlid edərək, bu töhfəni qəbul etmək üçün qəlbimizi və zehnimizi açaq.
