Axtar

Pope Leo XIV leads general audience in Saint Peter's Square

Papa XIV Leo: Kilsənin insani və ilahi ölçüləri ahəng içindədir

Həftəlik Ümumi Audiyensiya zamanı Papa XIV Leon “Lumen gentium” sənədi üzərində düşüncələrini davam etdirərək vurğulayıb ki, Kilsənin insani və ilahi ölçüləri arasında heç bir qarşıdurma yoxdur. O həmçinin xatırladıb ki, Kilsə tarixdən kənarda mövcud olan hansısa ideal bir qurum deyil, tarix boyunca mövcud olan Məsihin Kilsəsidir.

ÜMUMİ AUDİENSİYA

Müqəddəs Peter Meydanı
Çərşənbə, 4 mart 2026

Katexizis. II Vatikan Məclisinin Sənədləri. II. “Lumen gentium” Doqmatik Konstitusiyası. 2. Kilsə — görünən və ruhani gerçəklik

Əziz qardaşlar və bacılar, sabahınız xeyir və xoş gəlmisiniz!

Bu gün biz Kilsə haqqında dogmatik Konstitusiya olan II Vatikan Məclisinin “Lumen gentium” sənədinin araşdırılmasını davam etdirəcəyik.

Sənədin əsasən “Kilsə nədir?” sualına cavab vermək məqsədini daşıyan birinci fəslində Kilsə “mürəkkəb bir gerçəklik” kimi təsvir olunur (8-ci bənd). İndi isə gəlin özümüzdən soruşaq: bu mürəkkəblik nədən ibarətdir? Bəziləri deyə bilər ki, Kilsə ona görə mürəkkəbdir ki, o, “qarışıqdır” və buna görə də izah edilməsi çətindir; başqaları isə düşünə bilər ki, onun mürəkkəbliyi iki min illik tarixə malik bir institut olmasından qaynaqlanır və bu tarix onu digər sosial və ya dini qruplardan fərqləndirir.nLakin latın dilində “complex” sözü daha çox eyni gerçəklik daxilində müxtəlif cəhətlərin və ölçülərin nizamlı şəkildə birləşməsini ifadə edir. Məhz buna görə də “Lumen gentium” bildirə bilir ki, Kilsə yaxşı təşkil olunmuş bir qurumdur; burada insani və ilahi ölçülər ayrılmadan və bir-birinə qarışmadan birlikdə mövcuddur.

Birinci ölçü dərhal nəzərə çarpır: Kilsə kişi və qadınlardan ibarət bir icmadır; onlar xristian olmağın sevincini və çətinliklərini, öz gücləri və zəiflikləri ilə birlikdə, bölüşür, Müjdəni bəyan edir və həyat yolumuzda bizi müşayiət edən Məsihin varlığının əlamətinə çevrilirlər.

Lakin Kilsənin institusional quruluşunda da aydın görünən bu ölçü onun həqiqi mahiyyətini tam şəkildə izah etməyə kifayət etmir. Çünki Kilsənin həm də ilahi ölçüsü vardır. Bu ilahi ölçü Kilsə üzvlərinin hansısa ideal kamilliyindən və ya ruhani üstünlüyündən ibarət deyil; o, Kilsənin bəşəriyyət üçün Allahın planından doğması və bu planın Məsihdə gerçəkləşməsi ilə bağlıdır.

Beləliklə, Kilsə eyni zamanda həm yer üzündə mövcud olan bir icma, həm də Məsihin mistik Bədənidir; həm görünən bir yığıncaq, həm də ruhani bir sirr; həm tarixdə mövcud olan bir gerçəklik, həm də göyə doğru yol alan bir xalqdır (LG, 8; Katolik Kilsəsinin Katexizisi, 771).

Kilsədə insani və ilahi ölçülər bir-birini kölgədə qoymadan ahəng içində birləşir; buna görə də Kilsə bu paradoksun içində yaşayır. O, həm insani, həm də ilahi olan bir gerçəklikdir: günahkar insanı qəbul edir və onu Allaha doğru aparır.

Bu kilsəvi gerçəkliyi izah etmək üçün “Lumen gentium” Məsihin həyatına istinad edir. Həqiqətən də, Fələstinin yollarında İsa ilə qarşılaşanlar Onun insaniliyini — gözlərini, əllərini, səsinin səslənişini — təcrübədən keçirtdilər. Onun ardınca getməyə qərar verənlər isə məhz Onun qəbul edən baxışının, xeyir-dua verən əllərinin toxunuşunun, azadlıq və şəfa gətirən sözlərinin təsiri ilə buna cəlb olunurdular. Eyni zamanda, həmin İnsanın ardınca gedərək şagirdlər özlərini Allahla görüşə açırdılar. Çünki Məsihin bədəni, Onun üzü, jestləri və sözləri görünməz olan Allahı görünən şəkildə aşkar edirdi.

İsanın gerçəkliyi işığında indi biz yenidən Kilsəyə qayıda bilərik. Ona diqqətlə baxdıqda, real insanlardan ibarət olan bir insani ölçünü görürük: bəzən onlar Müjdənin gözəlliyini əks etdirir, bəzən isə hər kəs kimi çətinlik çəkir və səhvlər edirlər. Lakin məhz onun üzvləri və bu dünyaya aid məhdud tərəfləri vasitəsilə Məsihin varlığı və xilaskar fəaliyyəti təzahür edir. XVI Benediktin dediyi kimi, İncil ilə qurum arasında heç bir qarşıdurma yoxdur; əksinə, Kilsənin strukturları məhz “bizim zamanımızda İncilin gerçəkləşməsi və konkret həyata keçirilməsi” üçün xidmət edir (İsveçrə yepiskoplarına müraciət, 9 noyabr 2006). Yer üzündən ayrılmış, ideal və “təmiz” bir Kilsə mövcud deyil; yalnız tarixdə təcəssüm etmiş Məsihin yeganə Kilsəsi vardır.

Kilsənin müqəddəsliyi də məhz bundan qaynaqlanır: Məsih onun daxilində məskən salır və üzvlərinin kiçikliyi və zəifliyi vasitəsilə Özünü verməyə davam edir. Onun daxilində baş verən bu davamlı möcüzəni düşünərkən biz “Allahın üsulunu” anlayırıq: O, məxluqların zəifliyi vasitəsilə Özünü görünən edir, Özünü bəyan edir və fəaliyyətini davam edir. Məhz buna görə də Papa Fransisk “Evangelii gaudium” sənədində hamımızı “başqasının müqəddəs torpağı qarşısında sandallarımızı çıxarmağı öyrənməyə” çağırır (bax: Çıx 3,5) (169-cu bənd). Bu, bizə bu gün də Kilsəni qurmağa imkan verir: yalnız onun görünən formalarını təşkil etməklə deyil, həm də öz aramızdakı birlik və məhəbbət vasitəsilə Məsihin Bədəni olan həmin ruhani binanı ucaldaraq.

Həqiqətən də, məhəbbət dirilmiş Məsihin varlığını daim doğurur. “Kaş ki, hamımız düşüncələrimizi yalnız bir şey üzərində cəmləyə bilsəydik — məhəbbət üzərində! Çünki o, hər şeydən uca olan yeganə həqiqətdir; onsuz hər şey heç nəyə dəyməz. Harada mövcud olursa-olsun, o, hər şeyi özünə cəlb edir” (Vəz 354, 6, 6).

04 mart 2026, 15:13

Ən son Audiensiyalar

Həmçinin oxuyun >