XIV Leo: Məsih insanın həqiqətə və həyata olan aclığını doyurur
“RƏBBİN MƏLƏYİ”
Müqəddəs Peter Meydanı
Rəbb günü, 2 avqust 2026-cı il
Əziz bacı və qardaşlar, Rəbb gününüz mübarək olsun!
İncili oxuyarkən biz tez-tez İsanın göstərdiyi möcüzələr haqqında eşidirik. Bunlar Onun bizə olan xüsusi məhəbbətini və dünyaya bəxş etdiyi xilası aşkar edən əlamətlərdir. Rəbb həyatımıza həqiqi məna bəxş edən, bizi şərdən və günahın əsarətindən azad edən Şəxs kimi qarşımıza çıxır.
Korun gözlərini açmaqla və karın eşitmə qabiliyyətini bərpa etməklə Məsih sadəcə möcüzələr göstərmirdi. O, bütün insanlara Allahın Padşahlığının artıq yaxınlaşdığını bəyan edirdi. Buna görə də bugünkü İncil (Matta 14,13-21) şəhadət verir ki, İsa təkcə hiss orqanlarını bərpa etmir, həm də onları həqiqi nemətlərlə doldurur. Eşitmə qabiliyyətini yenidən qazanan kar insana O, eşidilməli olan Müjdəni bəyan edir; gözləri açılan kor insana isə onun naminə həyata keçirilən möhtəşəm xilas işini göstərir. Eyni şəkildə İsa ac olanları da çörəklə doyurur. Çörəklərin çoxaldılması möcüzəsi bizə göstərir ki, Rəbblə görüş insanı həqiqətən qidalandıran bir təcrübədir. Həyatın səhrasında, ehtiyac və yoxsulluq içində olduğumuz zaman Məsih həyat çörəyidir. Onunla birlikdə bütün ehtiyaclarımız bol-bol ödənilir. Müjdədə deyildiyi kimi, «Hamı yeyib doydu», üstəlik «on iki səbət dolusu artıq qaldı» (Matta 14,20). Bu rəqəm Rəbbin bəxş etdiyi nemətin bütün insanlar üçün nəzərdə tutulduğunu və Onun ilahi qayğısının heç vaxt tükənmədiyini göstərir.
Əziz dostlar, Məsih həqiqətən də bəşəriyyətin həqiqətə, həyata olan aclığını doyurur. Onun bu hərəkəti bizə öyrədir ki, bölüşülən heç nə itmir. Əksinə, yığıb saxlamaq və israf etmək eyni mənəvi xəstəliyin - tamahkarlığın iki fərqli təzahürüdür. Bu xəstəlik insanın hisslərini kor edir; onu sərvətin sərxoşluğuna qərq edir və nəticədə o, aclıqdan əziyyət çəkənlərin fəryadını, susuzluqdan kömək diləyənlərin harayını eşitməz olur. Beləliklə, çürüyən bolluğun hökm sürdüyü bir dünyanın fonunda gözlərimiz önündə çörəyə möhtac insanların uzanan əllərini, sülhdən məhrum qalmış insanların isə külə dönmüş evlərini görürük.
Müharibənin və təkəbbürün yaratdığı mənəvi səhralar qarşısında gəlin diqqətimizi Rəbbin bu möcüzəni necə həyata keçirdiyinə yönəldək. O, gözlərini göyə qaldırdı, xeyir-dua verdi, çörəkləri böldü və onları şagirdlərinə verdi ki, onlar da xalqa paylasınlar (Matta 14,19). Bu məhəbbət möcüzəsində biz İsanın bütün xidmətini səciyyələndirən hərəkətləri görürük. Bu hərəkətlər isə Öz zirvəsinə Son Şam Süfrəsində çatır. Məhz orada Allahın Oğlu Qardaşımız olaraq Öz həyatını bizim üçün bəxş etdi. Yevxaristiyanın lütfünü qəbul edərkən gəlin onun gözəlliyinə gündəlik həyatımızla şəhadət verməyə çalışaq. Bunun ən sadə başlanğıcı ailə üzvlərimiz və dostlarımızla süfrə arxasında yeməkdən əvvəl Allaha şükür edib xeyir-dua diləməkdir. İsa ilə birlikdə hətta istirahət günləri də qardaşlıq, sülh və mənəvi rahatlıq vaxtına çevrilə bilər, əgər ehtiyac içində olan yaxınlarımıza diqqət göstərməyi və onlara yardım əlini uzatmağı bacarsaq.
Gəlin sevimli Anamız Müqəddəs Məryəmdən diləyək ki, bizi məhəbbətdə daim böyütsün və möhkəmləndirsin. Qoy Onun şəfaəti sayəsində heç kim gündəlik çörəyindən məhrum qalmasın.
