Papa XIV Leo: İsa bizi ən qaranlıq anlarımızda belə tərk etmir
“RƏBBİN MƏLƏYİ”
Müqəddəs Peter Meydanı
Rəbb günü, 9 avqust 2026-cı il
Əziz bacı və qardaşlar, Rəbb gününüz mübarək olsun!
Bugünkü İncil bizə fırtına zamanı Qalileya gölünün suları üzərində yeriyərək şagirdlərinə yaxınlaşan İsadan bəhs edir (Matta 14, 22-33).
Çörəklərin və balıqların çoxaldılması möcüzəsindən sonra (Matta 14:13-21) Müəllim şagirdlərinə qayığa minib yola düşməyi tapşırır, Özü isə təkbaşına dua etmək üçün dağa çəkilir. Sahildən uzaqlaşdıqdan sonra şagirdlər güclü küləklə üz-üzə qalır və qayığı idarə etməkdə çətinlik çəkirlər. Bir qədər əvvəl onlar möcüzəvi bir əlamətin baş verməsində bilavasitə iştirak etmiş və böyük bir hadisənin sevincini yaşamışdılar. İndi isə coşan dalğalar və qarşıdan əsən külək qarşısında özlərini aciz və qorxu içində hiss edirlər.
Gecə sona yaxınlaşarkən İsa coşqun suların üzəri ilə şagirdlərinə doğru gəlir. Onlar isə dəhşətə düşərək Onu xəyal zənn edirlər (ayə 26). Lakin İsa onlara deyir: «Cəsarətli olun, Mənəm, qorxmayın!» (ayə 27). Rəbbin hüzuru hər şeyi dəyişir. Hətta Peter də qayığı tərk edərək dalğaların üzəri ilə Ona doğru bir neçə addım ata bilir. Lakin sonra qorxuya qapılır və batmağa başlayır. İsa isə onu xilas edir. Müəllim qayığa mindikdə fırtına sakitləşir və şagirdlərin qəlbindən öz-özünə iman etirafı yüksəlir: «Sən, doğrudan da, Allahın Oğlusan!» (ayə 33).
Bunu dərk etmək üçün onların sadəcə bir möcüzənin şahidi olmaları və ya insanların gözündə uğur qazanmaları kifayət deyildi. Onlar öz zəifliklərini yaşamalı və məhz bu zəifliyin içində Allahın hüzurunu tanımalı idilər. Yalnız belə bir təcrübə onların gözlərini və qəlblərini Rəbbin yaxınlığına aça, hətta fırtınanın ortasında belə sülh tapmağı öyrədə bilərdi.
Bir müddət sonra İsa onlara deyəcək: «əgər imanınız olub şübhə etməsəniz...bu dağa “Qalx, dənizə atıl!” desəniz, elə də olacaq» (Matta 21,21). Bu sözlər onların göldə yaşadıqları hadisəni xatırladır: dağda dua edən Məsihin sülhü coşqun suların ortasında olan şagirdlərə qədər gəlib çatmışdı.
Beləliklə, bu möcüzə bizə mühüm bir həqiqəti öyrədir. Hər şeydən əvvəl, uğurun bizi özünə qapdırmasına və özümüzə həddindən artıq güvənməyimizə yol verməməliyik. Eyni zamanda, qaranlıq anlarda, problemlər qarşısında özümüzü aciz hiss etdiyimiz və bütün səylərimizə baxmayaraq irəli deyil, sanki geriyə getdiyimizi düşündüyümüz zaman belə ümidsizliyə qapılmamalıyıq. Şərait necə olursa-olsun, İsa bizi tərk etmir. Əgər biz dua, müqəddəs ayinlər və Onun Kəlamını dinləmək vasitəsilə Onu təvazökarlıqla həyatımızın qayığına qəbul etsək, Məsihdə sülh, işıq və yolumuzu davam etdirmək üçün qüvvə tapacağıq.
Qoy imanına görə bəxtiyar elan edilmiş Məryəm (Luka 1, 45) özümüzü etibarla Allaha təslim edərək yaşamağımıza kömək etsin.
