Papa XIV Leo: Allahın süfrəsi hər kəs üçün açılıb
“RƏBBİN MƏLƏYİ”
Kastel Qandolfo igamətgahı
Rəbb günü, 16 avqust 2026-cı il
Əziz bacı və qardaşlar, Rəbb gününüz mübarək olsun!
Dünən biz Bakirə Məryəmin Onun Oğlu ilə qırılmaz vəhdətini seyr etdik. Hətta ölüm belə, ruh və bədəndə şəxsiyyətlərin bu birliyini poza bilmədi; əbədi həyat məhz bu birlikdədir. Hər Rəbb günü bizə xatırladır ki, İsanın ardınca gedənləri də eyni aqibət gözləyir. Onun Dirilməsi keçmişdə qalmış bir hadisə deyil, bizi özünə cəlb edən yeni həyatdır.
Bu həqiqəti bu gün Messada oxunan İncil parçasının əsas qəhrəmanı olan kənanlı qadın da bizə göstərir (müq. Matta 15, 21-28). O, İsanın xalqına mənsub olmasa və yad bir diyarda yaşasa da, Onunla danışmağa israrla can atır, sanki artıq İsa ilə bir bağ qurmuş şagird kimi Onun ardınca gedirdi. Çox güman ki, onlar əvvəllər heç vaxt görüşməmişdilər, lakin sirli bir şəkildə iman artıq bu qadının qəlbində kök salmışdı. O, özü üçün heç nə istəmir; yalnız əzab çəkən qızının rahatlıq tapmasını arzulayır. Qadın Davudun nəslindən olan Məsih kimi tanıdığı İsaya etibar edir (müq. ayə 22).
Müjdəçi bu qadının qarşılaşdığı maneələri gizlətmir. Şagirdlər onu narahatlıq yaradan biri kimi görürlər, İsanın Özü də əvvəlcə onun yalvarışlarına qarşılıq vermir. Biz, Müəllimin əslində həmin bölgəyə (müq. ayə 21), başqa vaxtlarda olduğu kimi, dua etmək və şagirdlərinə təlim vermək üçün sakit, tənha bir yer tapmaq üçün gəldiyini təsəvvür edə bilərik. Lakin məhz həmin anda gözlənilməz bir hadisə baş verir. Bunun üzərində düşünərkən anlayırıq ki, İsa Öz missiyasını itaətlə yerinə yetirərkən gördüklərinin və eşitdiklərinin Ona təsir etməsinə də imkan verir. Nəhayət, qadına belə deyir: «Ey qadın, imanın böyükdür! Qoy istədiyin kimi olsun» (ayə 28).
Bu gün də Kilsə Allahın fəaliyyəti qarşısında heyrətlənə və Məsihin sülhünü artıq müəyyən edilmiş sərhədlərin fövqünə daşıya bilər. Kilsənin missiyasını bizdən öncə insan vicdanının dərinliklərində fəaliyyət göstərən ilahi lütf hazırlayır. Buna görə də hər bir qarşılaşmada - hətta planlarımızı pozan görüşlərdə belə, diqqətlə dinləməyə, gözlərimizi və qəlbimizi açaraq Allahın bizə nə demək istədiyini anlamağa çalışmalıyıq.
Kənanlı qadından biz təvazökarlığı və əzmkarlığı öyrənirik. Onun imanı sayəsində anlayırıq ki, Allahın süfrəsi hər kəs üçün açılıb və heç kimə yalnız süfrədən düşən qırıntılar qalmır (müq. ayələr 26-27), çünki hər bir insanın Atanın yanında öz yeri var. Bu imanın işığında Allahın saysız-hesabsız oğul və qızlarının ləyaqətini tapdalayan bərabərsizliklər, ayrı-seçkilik və maneələr dözülməz olur.
Əziz bacılar və qardaşlar, biz təlatümlü, sülh axtarışında olan bir dünyada İsa Məsihin Kilsəsiyik. Gəlin Anamız Məryəmdən bizim üçün şəfaət etməsini diləyək, çünki «Onun dilindən indiyədək səslənmiş ən qüdrətli və ən yenilikçi ilahi – Magnificat ucalır» (Magnifica Humanitas, 244). Bu, artıq gerçəkliyə Allahın gözü ilə baxan və məhz buna görə də ümidini itirməyərək məhəbbətlə hərəkət edən insanın nəğməsidir.
