Pope Leo XIV leads Sunday Angelus prayer

Papa: Gəlin öz qənaətlərimizə qapanmayaq, Məsihə açıq olaq

“Rəbbin mələyi” duası zamanı Papa XIV Leo Məsihlə şəxsi münasibətin inkişaf etdirilməsinin əhəmiyyəti üzərində düşünərək vurğulayıb ki, bu münasibət Ona həyatımızı və yaşadığımız dünyanı dəyişdirməyə imkan verir, hətta bunun üçün bəzən bizə tanış olmayan yollarla getmək lazım gəlsə belə.

“RƏBBİN MƏLƏYİ”

Müqəddəs Peter Meydanı
Rəbb günü, 23 avqust 2026-cı il

Əziz bacı və qardaşlar, Rəbb gününüz mübarək olsun!

Bu Rəbb gününün İncilində (Matta 16,13-20) iman yolunda hər birimizə ünvanlanan bir sualla qarşılaşırıq: İsa, həqiqətən, mənim üçün kimdir?

İncil parçası şagirdlik təcrübəsi üçün bu sualın nə qədər həlledici olduğunu bizə göstərir. Həqiqətən də, on iki həvari artıq Müəllimlərinin həyat və xidmətinin bir çox anlarını Onunla birlikdə yaşamış olsalar da, İsa onların Onu həqiqətən tanıdıqlarını və Allahın Padşahlığının sirrini dərk etdiklərini aydın bir həqiqət kimi qəbul etmirdi. Buna görə də insanların Onun haqqında nə dediklərini soruşduqdan sonra birbaşa şagirdlərinə müraciət etdi: «Bəs siz Məni kim sayırsınız?» (Matta 16,15).

Bacılar və qardaşlar, bu, bütün dövrlərin şagirdləri və hər birimiz üçün təməl əhəmiyyət daşıyan bir sualdır. İman bizə birdəfəlik verilmiş və bununla da hər şeyin tamamlandığı bir həqiqət deyil. Əksinə, biz daim Məsihin simasını və Onun İncilini yenidən kəşf etməli, Onun təliminin dərinliyinə daha çox varmalı və həyatımızda verdiyimiz qərarları yeniləməliyik ki, onlar etiraf etdiyimiz imana uyğun olsun. Beləliklə, artıq hər şeyi bildiyimizi düşünmək və imanı sadəcə vərdişə çevirmək sınağını dəf edə bilərik.

İsa mənim üçün kimdir və Onun mənim həyatımda olması nə deməkdir? Hər gün qarşımıza çıxan bu sual, xüsusilə dua zamanı və İncil üzərində düşünərkən özünü göstərir. Lakin bu sual qardaş və bacılarımızın yaraları və ehtiyacları ilə qarşılaşdığımız zaman, eləcə də vicdanımızı ən dərindən sınağa çəkən münasibət və vəziyyətlərdə də qarşımıza çıxır. Bir sözlə, gündəlik həyatımızda Rəbb İsanın bizim üçün sadəcə tarixdə mühüm sözlər söyləmiş və böyük işlər görmüş görkəmli bir şəxsiyyət, yoxsa bizi Atanın məhəbbətinə qovuşdurmaq, həyatımızı və yaşadığımız dünyanı dəyişdirmək üçün göndərilmiş Allahın Məsihi olduğunu aşkar edə bilərik.

Əziz qardaş və bacılar, gəlin öz düşüncələrimizə və dini əminliklərimizə qapanmayaq, əksinə, Məsihlə həqiqi və canlı münasibətə daim açıq qalaq. Bəzən xristian imanından söhbət düşəndə sadəcə «eşitdiklərimizlə», hamının qəbul etdiyi təsəvvürlərlə və ya hətta ən xoş niyyətlə bizə ötürülmüş olanlarla kifayətlənə bilərik. Lakin İsa bizi şəxsi cavab verməyə, Onu daha yaxından tanımağa və daim yenilənən görüş vasitəsilə Onunla dostluğun bizi formalaşdırmasına izin verməyə çağırır. Bu isə bəzən bizdən indiyədək tanımadığımız yollarla getməyi və əvvəllər təsəvvür etdiyimizdən fərqli seçimlər etməyi də tələb edə bilər.

Bu, həm şəxsi iman yolumuza, həm Kilsənin yoluna, həm də pastoral seçimlərimizə aiddir. Bəzən bizə elə gələ bilər ki, hər şeyi həmişə etdiyimiz kimi davam etdirmək kifayətdir. Halbuki özümüzə tez-tez bu sualları verməyimiz vacibdir: Rəbb mənim üçün kimdir? Mən Onu həqiqətən tanıyırammı? Onun İncili bu gün məndən nə istəyir? Mən hansı addımları atmağa və hansı seçimləri etməyə çağırılıram?

Gəlin Oğlu vasitəsilə Allahın iradəsini qəlbində axtaran Müqəddəs Bakirə Məryəmə üz tutaq və Ondan diləyək ki, iman yolunda bizə daim yol göstərsin.

23 avqust 2026, 17:38

Angelus nədir?
 

Angelus, katoliklər tərəfindən gündə üç dəfə, səhər 6-da, günorta və axşam 6-da oxunan xüsusi bir duadır və Angelus zənginin çalınması ilə müşayiət olunur. Adı latın dilində 'mələk' sözündən gəlir və bu dua, İsa Məsihin Təcəssüm Sirri ilə insan təbiətimizi qəbul etməsini xatırladır.
 

Papa hər bazar günü günorta saatlarında Müqəddəs Peter meydanında Angelus duasını oxuyur.
 

Papa həmçinin günün İncilini şərh edir və beynəlxalq məsələlərə toxunur. Bu açıqlamalar bütün dünyada radio və televiziya vasitəsilə yayımlanır. Eyni zamanda, sosial mediada geniş şəkildə paylaşılır.
 

Pasxadan Pentikost (Əllinci Gün Bayramı) gününə qədər Angelus duası yerinə Regina Coeli duası oxunur. Bu dua İsa Məsihin Dirilməsini xatırladır və Angelus kimi, Qloriyanın ('Allahı ucaldaq' duasının) üç dəfə oxunması ilə tamamlanır.

Ən son 'Angelus' / 'Regina Caeli'

Həmçinin oxuyun >