XIV Leo: İbadətlərimizin gözəlliyinə diqqətlə yanaşmalıyıq
ÜMUMİ AUDİENSİYA
Müqəddəs Peter Meydanı
Çərşənbə, 3 iyun 2026
Katexizis. II Vatikan Məclisinin Sənədləri. II. “Sacrosanctum Concilium” Konstitusiyası. 3. Ayin, işarə və rəmz.
Əziz bacı və qardaşlar,
“Sacrosanctum Concilium” (SC) Konstitusiyasına həsr olunmuş katexizislərimizi davam etdirərkən, müqəddəs liturgiyanın bəzi əsas ünsürləri - ayin, işarə və rəmz üzərində dayanıb düşünmək istəyirik.
II Vatikan Məclisi, Liturgiya Hərəkatının dəyərli fəaliyyətinə əsaslanaraq, ilk Kilsənin şüurunda və Kilsə Atalarının təlimində canlı şəkildə mövcud olan bir həqiqəti yenidən kəşf etməyimizə kömək etmişdir. Xristian liturgiyasının ayinləri sakramental sirrin sadəcə zahiri örtüyü və ya ixtiyari mərasimlər toplusu deyil. Əksinə, onlar Allahın bəxş etdiyi lütfün bizə çatdığı kilsəvi vasitəçilikdir. Məhz buna görə də Məclis bizi liturgiyada ayinlər və dualar vasitəsilə gerçəkləşən iman sirrini (Mysterium fidei) daha dərindən dərk etməyə dəvət edir (müq. SC, 48).
Ayin liturgik fəaliyyətə forma verir və onun vasitəsilə həyatımıza da istiqamət bəxş edir. O, bizdə elə bir ruhani həssaslıq formalaşdırır ki, İsa Məsih vasitəsilə Allahın hüzurunu dərk edib ondan zövq almağa qadir olaq. Lakin bu yalnız o halda mümkündür ki, biz liturgiyaya yad insanlar və ya səssiz tamaşaçılar kimi yanaşmayaq (müq. həmin mənbə), əksinə, Rəbbin əmrinə itaətlə bədənimiz, ağlımız və qəlbimizlə onda tam şəkildə iştirak edək. Beləliklə, müqəddəs ayin vasitəsilə biz Allahın Kəlamını dinləməyi, şükür etməyi və ibadət etməyi, qardaşcasına paylaşmağı və kilsəvi birliyi yaşamağı öyrənirik. Biz anlayırıq ki, fərqli simalara malik olsaq da, eyni iman ətrafında birləşmiş vahid bir yığıncağıq.
Ayin bizi müəyyən ardıcıllıqla yerinə yetirilən hərəkətlərə və dualara cəlb edir. Bu ardıcıllıq bəzən şəxsi spontanlıq meylimizlə uyğun gəlməyə bilər. Lakin ayinin məqsədi azadlığı sərt çərçivələr içində məhdudlaşdırmaq deyil. Əksinə, özünün sadə və eyni zamanda təntənəli ritmi ilə ayin bizi gündəlik həyatın yorucu və tələsik axınından ayıraraq ən vacib olan həqiqətlərə yönəldir. Beləliklə, biz fəaliyyətin məhsuldarlıq hesablamalarına əsaslanmayan başqa bir ölçüsünü, zaman və məkanın isə fərqli bir təcrübəsini kəşf edirik. Ayində biz təmənnasızlıq məntiqini yaşayır, qəlbimizi yeniləyən bir dayanacaq tapır, hər şeydən əvvəl ilahi lütfün gəldiyini dərk edir və Müqəddəs Ruhun yön verdiyi bir ritmdə yaşamağı öyrənirik.
Ayinin özünəməxsus dili liturgiyaya məxsus işarə və rəmzlərlə sıx şəkildə əlaqəlidir. Məclisin öyrətdiyi kimi, liturgiyada «insanın təqdis olunması hisslərlə qavranılan işarələr vasitəsilə ifadə olunur və hər bir işarənin özünə uyğun şəklində gerçəkləşir» (SC, 7). Katolik Kilsəsinin Katexizizi də bu işarələrin əhəmiyyətini izah edərək xatırladır ki, «onların mənası yaradılışa və insan mədəniyyətinə köklənir, Əhdi-Ətiq hadisələri ilə daha da dəqiqləşir və Məsihin Şəxsində və xilaskar fəaliyyətində tam şəkildə aşkara çıxır» (1145). Bu baxımdan su işarəsi xüsusilə diqqətəlayiqdir. O, Yaradılışın başlanğıcından Nuh tufanına, Qırmızı dənizin keçilməsindən İordan çayına qədər bütün Müqəddəs Tarix boyunca mühüm yer tutur. Nəhayət, Məsihin deşilmiş böyründən axan su Onun ölümünə və dirilməsinə qərq olmağın sakramental işarəsinə çevrilir.
«İşarə» və «rəmz» anlayışları çox vaxt sinonim kimi işlədilir. Əslində isə işarə yalnız müəyyən bir fikrə deyil, bütöv bir məna və dəyərlər sisteminə yönəldə bildiyi zaman rəmzi xarakter qazanır. Məsələn, üzərimizə müqəddəs su səpilərkən, Vəftizdə aldığımız ənam barədə xatirələrimiz yenilənir və Məsihdə yeni həyata sadiq qalmaq öhdəliyimiz yenidən canlanır. Bundan əlavə, rəmzlər mahiyyət etibarilə praktik xarakter daşıyır; onlar hər şeydən əvvəl fəaliyyətdir. Bunlar diz çökmək və sülh işarəsini bölüşmək kimi sadə və gündəlik hərəkətlər, yaxud da hər bir Sakramentin əsasını təşkil edən daha dərin və əhəmiyyətli ayinlər ola bilər. Ən əsası isə odur ki, rəmzlər özünəməxsus təsiredici və dəyişdirici gücə malikdir. Bu güc həm onların tərkibində istifadə olunan maddi ünsürlərə, həm də onlarla təmasda olan insanlara yönəlir. Rəmzlər insanda aidiyyət hissi yaradır, qəlbə və düşüncəyə toxunur, həqiqi kilsəvi münasibətlərin və birliyin formalaşmasına kömək edir.
Romano Quardininin məşhur fikrinə istinad edən Papa Fransisk “Desiderio desideravi” Apostol Məktubunda belə yazır: «Liturgik formasiya işinin ilk vəzifəsi budur: insan yenidən rəmzləri dərk etmək qabiliyyətini qazanmalıdır» (44). Buna görə də biz özümüzə liturgiyanın ayinləri vasitəsilə tərbiyə olunmağa imkan verməliyik. Liturgik mərasimlərimizin gözəlliyinə diqqətlə yanaşmalı, onları özbaşınalıqdan uzaq şəkildə qeyd etməli və həqiqi mistaqoji formasiya üçün səy göstərməliyik. Canlı və dərin imanla yaşanan liturgiya təcrübəsi, uyğun mistaqoji katexizislə müşayiət olunduqda, insanlarda Allahla görüşə açıqlığı yenidən oyatmaq üçün ən təsirli vasitəyə çevrilir. Çünki Təcəssüm sirrinin məntiqinə görə, Allahla bu görüş yalnız insanın bütün varlığını - ruhunu, canını və bədənini əhatə etdikdə baş verə bilər (müq. 1 Saloniklilərə 5, 23).
