Papa: Biz nifrətə məhəbbətlə, təkəbbürə həlimliklə cavab verməyə çağırılmışıq
“RƏBBİN MƏLƏYİ”
Müqəddəs Peter Meydanı
Rəbb günü, 21 iyun 2026-cı il
Əziz bacılar və qardaşlar, Rəbb gününüz mübarək olsun!
Bugünkü İncildə (Matta 10, 26-33) İsa şagirdlərini missiyaya göndərərək onlara belə deyir: «Sizə qaranlıqda dediklərimi gün işığında söyləyin və qulağınıza pıçıldananı damlardan bəyan edin».
Rəbb burada qəlbin dərinliyində eşidilənlə hər kəsə bəyan edilməli olan həqiqət arasında əlaqə yaradır. O bizə xatırladır ki, Müjdəni elan etmək hər şeydən əvvəl Rəbb ilə şəxsi görüş təcrübəsini bölüşməkdir. Bu görüş hər bir insan üçün təkrarsız və özünəməxsusdur.
Həqiqətən də, hər bir həvari fəaliyyətinin gücü, istifadə olunan üsul və vasitələrdən daha çox, Müqəddəs Ruhun insanın daxilində gördüyü işdən və bizim verdiyimiz cavabın səmimiliyindən qaynaqlanır. Müqəddəs Akvinalı Tomas müjdəçiliyi belə təsvir edirdi: «Düşüncə və təfəkkürdə qavranılan həqiqəti başqalarına çatdırmaq» (contemplata aliis tradere).
Təfəkkür və dua həyatının yalnız az sayda müqəddəslərə, rahiblərə və ya zahidlərə aid olduğunu düşünmək düzgün olmazdı. Hər birimiz gündəlik qayğılarımız arasında Allahla sükut içində qalmaq üçün vaxt ayıra bilərik. Onun səsini dinləmək, sevinc və narahatlıqlarımızı Ona etibar etmək, həyatımıza Onun işığında nəzər salmaq mümkündür. Məhz bu, imanımızı daha möhkəm və şüurlu edir. Beləliklə, biz İncilin işığını həyatın hər bir sahəsində əks etdirə bilən, onun dəyərinin başa düşülmədiyi və ya qəbul edilmədiyi yerlərdə belə ona şahidlik etməyə qadir olan azad və etibarlı şagirdlərə çevrilirik.
Bu parçanın müəllifi olan Müqəddəs Matta öz İncilini həyatları asan olmayan icmalar üçün yazmışdı. Onlar düşmənçilik və təqiblərlə üzləşirdilər. Təəssüf ki, dünyanın müxtəlif yerlərində yaşayan bir çox xristian bu gün də eyni sınaqlardan keçir. Belə şəraitdə ruhdan düşmək, qorxuya və yorğunluğa təslim olmaq təhlükəsi həmişə mövcuddur.
Dünən olduğu kimi bu gün də İsanın təliminə sadiq qalmaq və Onun Kəlamını bəyan etmək asan deyil. Nifrətə məhəbbətlə, təkəbbürə həlimliklə, ümidsizliyə isə səbirlə cavab vermək böyük çağırışdır. Buna görə də imanımızın və missiyamızın köklərini Məsihlə şəxsi və dərin münasibətdə möhkəmləndirməliyik.
Məhz bu münasibət bizə ümidsizliyə qapılmamaq, əksinə, hər bir şəraitdə Onun ümid, məhəbbət və sülh müjdəsini başqaları ilə bölüşmək gücü verir. Dünyanın bu mesaja bu gün çox böyük ehtiyacı var.
Qoy Müqəddəs Məryəm hər birimizə öz çağırışımıza uyğun olaraq Rəbb İsanın missioner şagirdləri olmağa kömək etsin.
