Axtar

2026.05.31 Angelus 2026.05.31 Angelus  (@Vatican Media)

Papa: Biz həqiqi evimizi Əqdəs Üçlükdə tapırıq

Əqdəs Üçlük Bayramında “Səmavi Mələkə” duası zamanı zəvvarlara müraciət edən Roma Papası XIV Leo xatırladıb ki, Üçlükdə Bir olan Allahın həyatı «çox vaxt narahat və nigaran olan qəlbimizə sülh bəxş edir».

“RƏBBİN MƏLƏYİ”

Müqəddəs Peter Meydanı
Əqdəs Üçlük Bayramı, 31 may 2026-cı il

Əziz bacılar və qardaşlar, Rəbb gününüz mübarək!

Pasxa dövrü Pentikost bayramının qeyd olunması ilə keçən həftə başa çatdı. Bu gün isə biz Üçlükdə Bir  olan Allahın sirrini qeyd edirik. Bu bayram bizə son aylarda keçdiyimiz ruhani yol üzərində yenidən düşünmək imkanı verir. Bu yol İsa Məsihdə bizə bəxş edilən Allahın həyatından başlayır. Bu həyat bizi özünə cəlb edən canlı, tükənməz və imanla yaşanan bir ünsiyyətdir. Həqiqətən də, Ata ilə Oğulu birləşdirən Müqəddəs Ruh bizim qəlblərimizə tökülmüşdür. Beləliklə, Kilsə birlik sakramentinə, qarşılaşma, məhəbbət və həyat məkanına çevrilir; elə bir məkana ki, orada göylə yer artıq bir-birinə qovuşur.

Bugünkü İncil parçası (Yəh 3, 16 -18) bizi İsrail xalqının nüfuzlu şəxslərindən biri olan Nikodimlə tanış edir. O, İsaya qarşı dərin maraq və rəğbət hiss edirdi. Bu sirli Müəllimi daha yaxından tanımaq və Ona suallar vermək istəyən Nikodim, diqqət çəkməmək üçün gecə vaxtı Onun yanına gəldi. Rəbb onu qəbul etdi və onun həqiqət axtarışına ciddi yanaşdı. İsa Nikodimi təəccübləndirərək ona yetkin insanın belə yenidən doğula biləcəyini söylədi və Allahın həyatının insanın öz həyatını dəyişdirməyə qadir olduğunu başa saldı. İsa Müqəddəs Ruh haqqında danışarkən Nikodimin qəlbindəki qaranlıq həqiqətin nuru ilə işıqlandı. Bu gün bayramımızda bütün Kilsədə səslənən həmin həqiqət belədir: «Çünki Allah dünyanı elə sevdi ki, vahid Oğlunu verdi; bunu ona görə etdi ki, Ona iman edən hər kəs həlak olmasın, amma əbədi həyata malik olsun» (Yəh 3, 16). Və yenə: «Allah dünyanı mühakimə etmək üçün deyil, Oğlunun vasitəsilə xilas etmək üçün Onu dünyaya göndərdi.» (Yəh 3, 17).

Əziz bacılar və qardaşlar, Ata, Oğul və Müqəddəs Ruh olan Allahın sirrində biz öz həqiqi evimizi tapırıq. Necə ki, Nikodim İsanın yanında özünü rahat və arxayın hiss edirdi, biz də Allahın hüzurunda eyni rahatlığı tapırıq. Allahın həyatı heyrətamiz və insanı özünə cəlb edən bir həqiqətdir. O, çox vaxt narahatlıq və təşviş içində olan qəlbimizə sülh bəxş edir və Müqəddəs Ruhun sevincində bizi bacı və qardaşlarımızla görüşdürür. Əqdəs Üçlük bizə hər kəsi və hər şeyi sevməyi öyrədir. Biz anlayırıq ki, hər bir insan və bütün yaradılış ünsiyyət, münasibət və qarşılaşma üçün yaradılmışdır. Eyni zamanda anlayırıq ki, parçalanma, qütbləşmə və fərqliliyə qarşı hörmətsizlik dünyaya dağıntı, kədər və mənəvi boşluq gətirir.

Nikodim İsrailin baş kahinlər şurası olan Sinedrionun üzvü idi. Sinedrionda İsa haqqında təhqir və ittiham dolu sözlər səslənəndə, Nikodim hökm verməzdən əvvəl Onu dinləməyi təklif etmişdi. Çünki o, Məsihin vasitəsilə Allahdan qəlbi yeni həqiqətlərə və həqiqi yenilənməyə açan birlik Ruhunu qəbul etmişdi. Bu Ruhu qəbul etməyən insan isə tez qocalır, kədərə qapılır, özünü tənha hiss edir və qəlbində sevincini itirir. Lakin bu gün, əziz bacı və qardaşlar, bayram günüdür. Allahın bayramı bizim də bayramımızdır. Buna görə də Müqəddəs Paul korinflilərə belə yazırdı: «sevinin. Bərpa olunun, təsəlli tapın, həmfikir olun, sülh içində ömür sürün. Məhəbbət və sülh qaynağı olan Allah sizinlə olacaq.» (müq. 2 Kor 13, 11).

İndi isə gəlin “Səmavi Mələkə” duasında üzümüzü Müqəddəs Məryəmə tutaq. Qoy Onun Allahın iradəsinə dediyi «qoy mənə Sənin dediyin kimi olsun» sözləri necə bol bəhrə gətirmişdirsə, bizim də Əqdəs Üçlüyün məhəbbətinə söylədiyimiz «bəli» həyatımızda bol səmərə versin! 

31 may 2026, 17:35

Angelus nədir?
 

Angelus, katoliklər tərəfindən gündə üç dəfə, səhər 6-da, günorta və axşam 6-da oxunan xüsusi bir duadır və Angelus zənginin çalınması ilə müşayiət olunur. Adı latın dilində 'mələk' sözündən gəlir və bu dua, İsa Məsihin Təcəssüm Sirri ilə insan təbiətimizi qəbul etməsini xatırladır.
 

Papa hər bazar günü günorta saatlarında Müqəddəs Peter meydanında Angelus duasını oxuyur.
 

Papa həmçinin günün İncilini şərh edir və beynəlxalq məsələlərə toxunur. Bu açıqlamalar bütün dünyada radio və televiziya vasitəsilə yayımlanır. Eyni zamanda, sosial mediada geniş şəkildə paylaşılır.
 

Pasxadan Pentikost (Əllinci Gün Bayramı) gününə qədər Angelus duası yerinə Regina Coeli duası oxunur. Bu dua İsa Məsihin Dirilməsini xatırladır və Angelus kimi, Qloriyanın ('Allahı ucaldaq' duasının) üç dəfə oxunması ilə tamamlanır.

Ən son 'Angelus' / 'Regina Caeli'

Həmçinin oxuyun >