Papa Leone XIV, accolgo con soddisfazione l'annuncio della tregua

Papa XIV Leo: Müqəddəslik az sayda insanın imtiyazı deyil

Papa XIV Leo “Lumen gentium” adlı Dogmatik Konstitusiya üzrə katexizis silsiləsini davam etdirərək xatırladır ki, müqəddəslik “az sayda insanın imtiyazı deyil”, bütün vəftiz olunanlara aiddir və o, “biz onu hər dəfə sevinclə qəbul edib ona cavab verdikdə gündəlik həyatımızda təzahür edir.”

ÜMUMİ AUDİENSİYA

Müqəddəs Peter Meydanı
Çərşənbə, 8 aprel 2026

Katexizis. II Vatikan Məclisinin Sənədləri. II. “Lumen gentium” Doqmatik Konstitusiyası. 7. Müqəddəslik və İncil məsləhətləri

Əziz qardaşlar və bacılar, sabahınız xeyir və xoş gəlmisiniz!

İkinci Vatikan Məclisinin Kilsə haqqında “Lumen gentium” (LG) Konstitusiyası bütün imanlıların müqəddəsliyə ümumi çağırışına bütöv bir fəsil — beşinci fəsli həsr edir: hər birimiz Allahın lütfündə yaşamağa, fəzilətləri tətbiq etməyə və Məsihi təqlid etməyə çağırılmışıq. Məclis Konstitusiyasına görə müqəddəslik az saylı insanlar üçün imtiyaz deyil, əksinə, hər bir vəftiz olunmuş şəxsdən məhəbbətin kamilliyinə — yəni Allaha və yaxınlara qarşı məhəbbətin dolğunluğuna can atmağı tələb edən bir ənamdır. Əslində, məhəbbət bütün imanlıların çağırıldığı müqəddəsliyin ürəyidir: Ata tərəfindən, Oğul İsa vasitəsilə verilən bu fəzilət “müqəddəsliyə aparan bütün vasitələrə rəhbərlik edir və onlara həyat verir” (LG, 42). Müqəddəsliyin ən yüksək zirvəsi, Kilsənin ilk dövrlərində olduğu kimi, şəhidlikdir — “iman və məhəbbətin ən ali şahidliyi” (LG, 50). Buna görə də Məclis öyrədir ki, hər bir imanlı, lazım gələrsə, qanı bahasına belə Məsihi etiraf etməyə hazır olmalıdır (müq. LG, 42); bu, həmişə belə olub və bu gün də davam edir. Bu şahidlik hazırlığı hər dəfə xristianlar cəmiyyətdə iman və məhəbbət əlamətləri qoyduqda, ədalət uğrunda çalışdıqda gerçəkləşir.

Bütün Sakramentlər, xüsusilə də Yevxaristiya, müqəddəs həyatı bəsləyən qidadır; onlar, hər bir insanı müqəddəsliyin nümunəsi və ölçüsü olan Məsihə bənzədir. O, Başı və Çobanı olduğu Kilsəni müqəddəsləşdirir: bu baxımdan müqəddəslik Onun hədiyyəsidir və biz onu hər dəfə sevinclə qəbul edib sədaqətlə cavab verdikdə gündəlik həyatımızda təzahür edir. Bu baxımdan Müqəddəs VI Paul 20 oktyabr 1965-ci il tarixli Ümumi Audiyensiyada xatırladırdı ki, Kilsənin həqiqi olması üçün O, bütün vəftiz olunanların “müqəddəs, yəni həqiqətən layiq, möhkəm və sədaqətli övladlar” olmasını tələb edir. Bu isə daxili çevrilmə vasitəsilə gerçəkləşir; belə ki, Müqəddəs Ruhun qüvvəsi ilə hər bir insanın həyatı Məsihə uyğunlaşır (bax: Rom 8,29; LG, 40).

“Lumen gentium” Katolik Kilsəsinin müqəddəsliyini onun əsas, qurucu xüsusiyyətlərindən biri kimi təsvir edir; bu xüsusiyyət imanla qəbul olunur, çünki Kilsənin “heç vaxt yox olmayan müqəddəsliyə malik” olduğuna inanılır (LG, 39). Bu isə o demək deyil ki, Kilsə artıq tam və mükəmməl şəkildə müqəddəsdir; əksinə, o, əbədi məqsədə doğru zəvvar yolunda “dünyanın təqibləri və Allahın təsəlliləri arasında” irəliləyərək bu ilahi hədiyyəni təsdiqləməyə çağırılmışdır (Müqəddəs Avqustin, De civitate Dei 51,2; LG, 8). Kilsədə – yəni hamımızda – günahın acı reallığı hər bir insanı həyatını ciddi şəkildə dəyişməyə dəvət edir və bizi yeniləyən Rəbbə etibar etməyə çağırır. Məhz Kilsəni müqəddəsləşdirən bu sonsuz lütf bizə hər gün yerinə yetirilməli olan bir missiya həvalə edir: bu, öz çevrilməmizdir. Buna görə də müqəddəslik yalnız praktik xarakter daşımır və nə qədər böyük olsa da, sadəcə etik öhdəliklə məhdudlaşmır; o, həm şəxsi, həm də icmavi ölçüdə xristian həyatının mahiyyətinə aiddir.

Bu baxımdan həlledici rol Məclis Konstitusiyasının altıncı fəslində nəzərdən keçirilən (bax: 43–47-ci maddələr) təqdis olunmuş həyata məxsusdur. O, Allahın müqəddəs Xalqı daxilində, artıq indi və burada, tarixdə yaşanan yeni dünyanın peyğəmbərcəsinə bir əlamətini təşkil edir. Doğrudan da, artıq Kilsənin sirrində mövcud olan Allahın Padşahlığının əlamətləri təqdis olunmuş həyatın hər bir təzahürünü formalaşdıran İncil məsləhətləridir : yoxsulluq, paklıq və itaət. Bu üç fəzilət azadlığı məhdudlaşdıran qaydalar deyil, Müqəddəs Ruhun azadlıq bəxş edənn hədiyyələridir; onların vasitəsilə bəzi imanlılar özlərini tamamilə Allaha həsr edirlər. Yoxsulluq İlahi Qəyyumluğa tam etimadı ifadə edir, insanı hesab-kitabdan və şəxsi mənfəətdən azad edir; itaət öz nümunəsini Məsihin Ataya təqdim etdiyi özünü tam hədiyyə etmədə tapır, insanı şübhədən və hökmranlıq istəklərindən azad edir; paklıq isə sevgi baxımından Allahın və Kilsənin xidmətinə həsr olunmuş bütöv və saf bir ürəyin hədiyyəsidir,.

Bu həyat tərzinə uyğunlaşaraq, təqdis olunmuş şəxslər bütün Kilsənin ümumi müqəddəslik çağırışına radikal şagirdlik formasında şahidlik edirlər. İncil məsləhətləri Məsihin həyatında, Çarmıxa qədər uzanan tam iştirakı ifadə edir: məhz Çarmıxa Çəkilmişin qurbanı vasitəsilə hamımız xilas olunur və müqəddəsləşdirilirik! Bu hadisəni seyr edərək anlayırıq ki, Allahın xilas etmədiyi heç bir insan təcrübəsi yoxdur: hətta əzab belə, Rəbbin iztirabları ilə birlikdə yaşandıqda, müqəddəslik yoluna çevrilir. Həyatı dəyişdirən və yeniləyən lütf bizi hər bir sınaqda möhkəmləndirir və bizi uzaq bir ideala deyil, məhəbbət naminə insan olmuş Allahla görüşə yönəldir. Qoy Təcəssüm olunmuş Kəlamın Əqdəs Anası Məryəm həmişə yolumuzu dəstəkləsin və qorusun.

09 aprel 2026, 09:49

Ən son Audiensiyalar

Həmçinin oxuyun >