Papa XIV Leo: İmanlılar sülhə və ədalətə şahidlik etməyə çağırılıblar
ÜMUMİ AUDİENSİYA
Müqəddəs Peter Meydanı
Çərşənbə, 1 aprel 2026
Katexizis. II Vatikan Məclisinin Sənədləri. II. “Lumen gentium” Doqmatik Konstitusiyası. 6. Kilsənin canlı daşları və dünya qarşısında şahidlər: Allahın Xalqında imanlılar.
Əziz qardaşlar və bacılar, sabahınız xeyir!
Gəlin Kilsə haqqında “Lumen gentium” sənədində bizə təqdim olunduğu şəkildə düşüncə yolumuzu davam etdirək. Bu gün isə imanlılara həsr olunmuş dördüncü fəsilə nəzər salacağıq. Gəlin hamımız Papa Fransiskin tez-tez təkrar etməyi sevdiyi sözləri xatırlayaq: “İmanlılar Allahın xalqının böyük əksəriyyətini təşkil edir. Əlqoymada xüsusi təyinat almış ruhanilər isə onların xidmətində olan azzlıqdır” ( “Evangelii gaudium” Həvari nəsihəti, 102).
Sənədin bu bölməsi, əsrlər boyu yalnız ruhani təbəqəyə və ya rahib həyatına aid olmayanlar kimi müəyyən edilən imanlıların təbiətini və missiyasını müsbət ifadələrlə izah etməyə çalışır. Bu səbəbdən, sizinlə birlikdə xristian olmağın ucalığını ifadə edən çox gözəl bir parçaya yenidən qayıtmaq istərdim: “Beləliklə, Allahın seçilmiş Xalqı birdir: ‘bir Rəbb, bir iman, bir vəftiz’ (Ef 4, 5); onlar Məsihdə yenidən doğulmaları sayəsində eyni ləyaqəti bölüşən üzvlər kimi, eyni övladlıq lütfünə və kamilliyə çağırışa malikdirlər; hamısı üçün ortaq olan bir xilas, bir ümid və bölünməz bir məhəbbətə sahibdirlər” (Lumen gentium, 32).
Hər hansı xidmət və ya həyat halı üzrə fərqləndirmədən əvvəl, Məclis bütün vəftiz olunmuşların bərabərliyini təsdiqləyir. Konstitusiya artıq “Allahın Xalqı”na həsr olunmuş fəsildə bəyan etdiyi həqiqəti unutmağımızı istəmir: messianik xalqın vəziyyəti Allahın övladlarının ləyaqəti və azadlığıdır (müq. Lumen gentium, 9).
Təbii ki, verilən ənam nə qədər böyükdürsə, öhdəlik də bir o qədər böyük olur. Buna görə də Məclis ləyaqətlə yanaşı, imanlıların Kilsədə və dünyada missiyasını da vurğulayır. Bəs bu missiya nəyə əsaslanır və nədən ibarətdir? Məclisin imanlılar haqqında verdiyi tərifin özü bunu bizə açıqlayır: “‘İmanlılar’ termini burada bütün möminləri ifadə edir… [onlar] vəftiz vasitəsilə Məsihlə bir bədən olmuş və Allahın Xalqı sırasına daxil edilmişlər; onlar özlərinə xas şəkildə Məsihin kahinlik, peyğəmbərlik və padşahlıq vəzifələrində iştirak edirlər və Kilsədə və dünyada bütün xristian xalqının missiyasını öz paylarına düşən şəkildə yerinə yetirirlər” (Lumen gentium, 31).
Eyni zamanda, Allahın müqəddəs Xalqı heç vaxt formasız bir kütlə deyil; o, Məsihin bədənidir və ya Müqəddəs Avqustinin dediyi kimi, “Christus totus” – Bütöv Məsihdir; bu, Məsihin kahinliyində iştirakın iki forması — imanlıların ümumi kahinliyi və xidmətçi kahinlik — arasındakı səmərəli münasibət vasitəsilə üzvi şəkildə qurulmuş bir icmadır (müq. Lumen gentium, 10). Vəftiz sayəsində ruhani olmayan imanlılar Məsihin öz kahinliyində iştirak edirlər. Həqiqətən də, “ali və əbədi Kahin olan Məsih İsa Öz şahidliyini və xidmətini imanlılar vasitəsilə də davam etdirmək istədiyindən, onları Öz Ruhu ilə canlandırır və onları getdikcə hər bir yaxşı və kamil əmələ doğru təşviq edir” (Lumen gentium, 34).
Bu baxımdan, Müqəddəs II İoann Paveli və onun 30 dekabr 1988-ci il tarixli “Christifideles laici” həvari nəsihətini necə xatırlamaya bilərik? Həmin sənəddə o vurğulayır ki, “Məclis, zəngin doktrinal, ruhani və pastoral irsi ilə, adi imanlıların təbiəti, ləyaqəti, ruhaniyyəti, missiyası və məsuliyyəti haqqında indiyədək olmadığı qədər geniş yazmışdır. Məclis Ataları isə, Məsihin çağırışını yenidən səsləndirərək, bütün adi imanlıları — həm qadınları, həm də kişiləri — üzüm bağında çalışmağa dəvət etmişlər” (№ 2). Beləliklə, mənim möhtərəm Sələfim imanlıların apostolatını (həvariliyini) yenidən canlandırdı; Məclis bu mövzuya xüsusi bir sənəd həsr etmişdir və biz bu barədə daha sonra danışacağıq. [1]
İmanlıların apostolatının (həvariliyinin) geniş sahəsi yalnız Kilsə ilə məhdudlaşmır, əksinə, dünyaya qədər uzanır. Həqiqətən də, Kilsə onun övladları İncilə iman gətirib ona şahidlik etdikləri hər yerdə mövcuddur: iş yerlərində, vətəndaş cəmiyyətində və bütün insan münasibətlərində — harada ki, onlar öz seçimləri ilə xristian həyatının gözəlliyini göstərirlər; bu həyat isə artıq burada və indi Allahın Padşahlığında gerçəkləşəcək ədalət və sülhü qabaqcadan xəbər verir. Dünya “Məsihin ruhu ilə dolmalı və öz məqsədini ədalət, məhəbbət və sülh içində daha dolğun şəkildə yerinə yetirməlidir” (Lumen gentium, 36). Bu isə yalnız imanlıların töhfəsi, xidməti və şahidliyi vasitəsilə mümkündür!
Bu, Papa Fransiskin bizə danışdığı “dünyaya çıxan” Kilsə olmağa bir dəvətdir: tarixdə təcəssüm olunmuş, daim missiyaya açıq bir Kilsə — elə bir Kilsə ki, burada hamımız missioner şagirdlər, İncilin həvariləri, Allahın Padşahlığının şahidləri və qarşılaşdığımız Məsihin sevincini daşıyanlar olmağa çağırılmışıq!
Qardaşlar və bacılar, qoy qeyd etməyə hazırlaşdığımız Pasxa bayramı bizdə yenilənsin ki, biz də Məcdəli Məryəm, Peter və Yəhya kimi Dirilmiş Rəbbin şahidləri olaq!
_____________________________________________________
[1] Müq: Apostolicam actuositatem, İkinci Vatikan Ümumdünya Məclisinin Fərmanı (18 noyabr 1965).
