Papa: Xilaskar tarixin yaralarına şəfa verir
“RƏBBİN MƏLƏYİ”
Müqəddəs Peter Meydanı
Böyük Orucun II Rəbb günü, 1 mart 2026-cı il
Əziz qardaşlar və bacılar, Rəbb Gününüz mübarək olsun!
Bugünkü İncil Rəbbin Surətinin Dəyişilməsini nəql edərək (bax: Matta 17, 1–9) hamımız üçün nurlu bir mənzərə təqdim edir. Bu təsvirində Müjdəçi həvarilərin xatirələrinə söykənərək Məsihi Musa ilə İlyas arasında göstərir. Bəşər olmuş Kəlam Qanunla Peyğəmbərlərin arasında dayanır: O, ilahi hikmətin canlı təcəssümüdür və Allahın söylədiyi hər kəlməni kamilliyə çatdırır. Allahın insanlara əmr etdiyi və ilham verdiyi hər şey İsa Məsihdə özünün tam və qəti ifadəsini tapır.
İordan çayında vəftiz olunduğu gün olduğu kimi, bu gün də dağda Atanın səsini eşidirik: “Bu Mənim sevimli Oğlumdur”, – deyə O bəyan edir; Müqəddəs Ruh isə İsanı “parlaq bir buluda” (Matta 17, 5) bürüyür. İncil Allahın Özünü necə aşkar etdiyini təsvir etmək üçün bu nadir ifadədən istifadə edir. Rəbb Özünü zahir edərkən Öz bolluğunu gözlərimiz önündə görünən edir: üzü “günəş kimi parlayan”, libası isə “işıq kimi ağaran” (bax: ayə 2) İsanın qarşısında şagirdlər Allahın bəşəri əzəmətini seyr edirlər. Peter, Yaqub və Yəhya təvazökar bir izzəti müşahidə edirlər; bu izzət kütlələrin baxışı üçün nümayiş etdirilmir, əksinə, müqəddəs və dərin bir yaxınlıq içində açılır.
Rəbbin Surətinin Dəyişilməsi Pasxa nurunu qabaqlayan əlamətdir. O Pasxanın ki, o, ölüm və dirilmə, zülmət və yeni işıq - Məsihin zorakılıqla yaralanmış, ağrı ilə çarmıxa çəkilmiş və səfalət içində tərk edilmiş bütün cismlərin üzərinə saçdığı işıq hadisəsidir. Həqiqətən də, şər cismimizi bir əmtəəyə və ya adsız bir kütlə səviyyəsinə endirdiyi halda, həmin cism Allahın izzəti ilə parlayır. Beləliklə, Xilaskar, tarixin yaralarına şəfa verir, zehnimizi və qəlbimizi işıqlandırır: Onun vəhyı xilas ənamıdır! Bu bizi heyran edirmi? Biz Allahın həqiqi üzünü heyrət və məhəbbət dolu baxışla görə bilirikmi?
Ateizmin ümidsizliyinə Atanın cavabı Xilaskar Oğlunu bəxş etməsidir; Müqəddəs Ruh aqnostisizmin tənhalığından bizi əbədi həyat və lütf birliyinə şərik etməklə xilas edir; zəif imanımıza cavab olaraq isə gələcək dirilmə vədi elan olunur. Şagirdlər Məsihin əzəmətində məhz bunu gördülər, lakin bunu anlamaq üçün zamana ehtiyac vardı (bax: Matta 17, 9) — kəlamı dinləmək üçün sükut zamanı, Rəbbin yaxınlığından zövq almaq üçün dönüş və tövbə zamanı.
Böyük Oruc dövründə bunları yaşayarkən, dua ustadımız və Dan Ulduzu olan Məryəmdən iman yolunda bizi yönləndirməsini diləyək.
