Axtar

Il Papa 'Medio Oriente e Libano, ai responsabili dico, cessate il fuoco!'

Papa Leo: İman gözlərimizi bəşəriyyətin əzablarına açır

Böyük Orucun IV Rəbb günü, “Rəbbin mələyi” duasında Papa XIV Leo İsanın anadangəlmə kor olan insanı sağaltması üzərində düşünərək bildirib ki, iman bizə bəşəriyyəti və onun çəkdiyi əzabları Allahın gördüyü kimi görməyi öyrədir.

“RƏBBİN MƏLƏYİ”

Müqəddəs Peter Meydanı
Böyük Orucun IV Rəbb günü, 15 mart 2026-cı il

Əziz qardaşlar və bacılar, Rəbb Gününüz mübarək olsun!

Böyük Orucun Dördüncü Rəbb gününün İncilində anadangəlmə kor olan bir insanın şəfa tapmasından bəhs olunur (bax: Yəh 9, 1–41). Bu hekayənin simvolik mənası vasitəsilə Müjdəçi Yəhya bizə xilas sirri haqqında danışır: biz qaranlıqda olduğumuz, bəşəriyyət zülmət içində yol getdiyi zaman (bax: Yeş 9, 2) Allah Öz Oğlunu dünyanın nuru kimi göndərdi ki, korların gözlərini açsın və həyatlarımızı işıqlandırsın.

Peyğəmbərlər Məsihin korların gözlərini açacağını əvvəlcədən xəbər vermişdilər (bax: Yeş 29,18; 35:5; Məzmur 146,8). İsa Özü də Öz missiyasının həqiqiliyini “korlar görür” (Matta 11:5) sözləri ilə təsdiq edir və Özünü “Mən dünyanın nuruyam” (Yəh 8:12) deyərək təqdim edir. Şübhəsiz ki, hamımız müəyyən mənada deyə bilərik ki, “anadangəlmə koruq”, çünki öz gücümüzlə həyatın sirrini bütün dərinliyi ilə görə bilmirik. Buna görə də Allah İsa Məsihdə bədən aldı ki, Onun lütfünün nəfəsi ilə yoğrulan insanlığımızın palçığı yeni bir nur qəbul etsin — elə bir nur ki, bizə özümüzü, başqalarını və Allahı həqiqətdə görməyə kömək etsin.

Diqqətəlayiqdir ki, əsrlər boyu belə bir fikir yayılıb və bu günə qədər də davam edir: guya iman “qaranlığa atılan bir sıçrayışdır”, düşüncədən imtina etməkdir; sanki iman etmək “kor-koranə” inanmaq deməkdir. Lakin İncil göstərir ki, gözlərimiz Məsihlə təmas vasitəsilə açılır. Həqiqətən də, dini rəhbərlər şəfa tapmış kor adamdan israrla soruşurlar: “Bəs sənin gözlərin necə açıldı?” (Yəh 9,10); və yenə də: “O sənin gözlərini necə açdı?” (ayə 26).

Qardaşlar və bacılar, biz də Məsihin məhəbbəti ilə şəfa tapmışıq və imanımızı “açıq gözlərlə” yaşamağa çağırılmışıq. İman kor bir hərəkət deyil, ağlı tərk etmək və ya baxışlarımızı dünyadan uzaqlaşdıran bir növ dini “təhlükəsizliyə” çəkilmək demək deyil. Əksinə, iman bizə hər şeyi “İsanın Özünün gördüyü kimi, Onun gözləri ilə görməyə kömək edir: bu, Onun görmə tərzində iştirak etməkdir” (Lumen Fidei, 18). Bu mənada iman Rəbbin etdiyi kimi “gözlərimizi açmağa” bir dəvətdir — xüsusilə də başqalarının əzablarına və dünyanın dərdlərinə qarşı.

Bu gün, xüsusilə də insan qəlbinin çoxsaylı sualları, eləcə də zamanımızı səciyyələndirən ədalətsizlik, zorakılıq və əzab qarşısında imanımızın ayıq, diqqətli və peyğəmbərvari olması son dərəcə vacibdir. O, həmçinin dünyanın qaranlığını görmək üçün gözlərimizi açmalı və sülhə, ədalətə və həmrəyliyə sədaqətli xidmətimiz vasitəsilə başqalarına İncilin nurunu çatdırmalıdır.

Gəlin Müqəddəs Məryəmdən bizim üçün şəfaət etməsini diləyək ki, Məsihin nuru qəlblərimizin gözlərini açsın və bizə Onun haqqında sadəlik və cəsarətlə şahidlik etməyə imkan versin.

15 mart 2026, 17:08

Angelus nədir?
 

Angelus, katoliklər tərəfindən gündə üç dəfə, səhər 6-da, günorta və axşam 6-da oxunan xüsusi bir duadır və Angelus zənginin çalınması ilə müşayiət olunur. Adı latın dilində 'mələk' sözündən gəlir və bu dua, İsa Məsihin Təcəssüm Sirri ilə insan təbiətimizi qəbul etməsini xatırladır.
 

Papa hər bazar günü günorta saatlarında Müqəddəs Peter meydanında Angelus duasını oxuyur.
 

Papa həmçinin günün İncilini şərh edir və beynəlxalq məsələlərə toxunur. Bu açıqlamalar bütün dünyada radio və televiziya vasitəsilə yayımlanır. Eyni zamanda, sosial mediada geniş şəkildə paylaşılır.
 

Pasxadan Pentikost (Əllinci Gün Bayramı) gününə qədər Angelus duası yerinə Regina Coeli duası oxunur. Bu dua İsa Məsihin Dirilməsini xatırladır və Angelus kimi, Qloriyanın ('Allahı ucaldaq' duasının) üç dəfə oxunması ilə tamamlanır.

Ən son 'Angelus' / 'Regina Caeli'

Həmçinin oxuyun >