Papa: Lazarın dirilməsi – Məsihin ölüm üzərində qələbəsinin nişanıdır
“RƏBBİN MƏLƏYİ”
Müqəddəs Peter Meydanı
Böyük Orucun V Rəbb günü, 22 mart 2026-cı il
Əziz bacılar və qardaşlar, sabahınız xeyir!
Böyük Orucun V Rəbb günündə liturgiya Lazarın dirildilməsi haqqında İncil parçasını elan edir (bax: Yəh 11, 1–45).
Böyük Oruc yolçuluğunda bu hadisə Məsihin ölüm üzərində qələbəsindən və Vəftiz vasitəsilə bizə bəxş edilən əbədi həyat ənamından bəhs edən bir nişandır (bax: Katolik Kilsəsinin Katexizisi, 1265). Bu gün İsa, Lazarın bacısı Martaya dediyi kimi, bizə də belə deyir: «Dirilmə və həyat Mənəm. Mənə iman edən ölsə də, yaşayar, yaşayıb Mənə iman edən də heç vaxt ölməz» (Yəh 11, 25–26).
Beləliklə, liturgiya bizi, Müqəddəs Həftənin yaxınlaşdığını nəzərə alaraq, Rəbbin Əzablarının hadisələrini — Yerusəlimə daxil olmağı, Son Şam Yeməyini, mühakiməni, çarmıxa çəkilməni və dəfni — yenidən yaşamağa dəvət edir ki, biz onların ən dərin və həqiqi mənasını dərk edək və onların ehtiva etdiyi lütf ənamına qəlbimizi açaq.
Bu hadisələr dirilmiş Məsihdə kamala çatır: O, ölümü məğlub etmişdir və xilasımız və həyatın kamilliyi üçün Vəftiz vasitəsilə içimizdə yaşayır.
Onun lütfü bu dünyanı işıqlandırır; bu dünya isə sanki daim yenilik və dəyişiklik axtarır, hətta bunun naminə ən dəyərli şeyləri — zamanı, enerjini, dəyərləri, məhəbbəti — qurban verməyə belə hazırdır; sanki şöhrət, maddi nemətlər, əyləncə və ötəri münasibətlər qəlbimizi doldura və ya bizi ölümsüz edə bilər. Bu isə hər birimizin daxilində daşıdığı sonsuzluğa olan həsrətin, keçici şeylərlə doyurula bilməyən bir ehtiyacın əlamətidir. Fani olan heç bir şey daxili susuzluğumuzu yatırda bilməz, çünki biz Allah üçün yaradılmışıq və yalnız Onda rahatlıq tapırıq (bax: «Etiraflar», I, 1,1).
Beləliklə, Lazarın dirilməsi haqqında hekayə bizi bu dərin ehtiyacı dinləməyə və Müqəddəs Ruhun qüdrəti ilə qəlbimizi, sanki iri daşlar kimi bizi eqoizm, maddiyyatçılıq, zorakılıq və səthilik məzarında qapalı saxlayan vərdişlərdən, şərtlənmələrdən və düşüncə tərzlərindən azad etməyə dəvət edir. Bu məkanlarda həyat yoxdur; orada yalnız qarışıqlıq, narazılıq və tənhalıq hökm sürür.
İsa bizə də səslənir: «bayıra çıx!» (Yəh 11, 43), bizi bu dar məkanlardan çıxmağa, Onun lütfü ilə yenilənərək, məhəbbətin işığında — yeni qadınlar və yeni kişilər kimi, hesabsız və ölçüsüz ümid etməyə və sevməyə qadir olaraq, Onun sonsuz məhəbbətinin nümunəsinə uyğun yaşamağa çağırır.
Qoy Mübarək Məryəm bizə bu müqəddəs günləri onun imanı, etibarı və sədaqəti ilə yaşamaqda kömək etsin ki, dirilmiş Oğlu ilə qarşılaşmanın izzətli təcrübəsi hər gün bizdə yenilənsin.
