Il Papa ai cristiani del Medio Oriente, 'siate strumenti di pace'

Papa: Hər bir vəftiz olunmuş insan Məsihə şahidlik etməyə çağırılıb

Həftəlik ümumi audiyensiyası zamanı Papa XIV Leo II Vatikan Məclisinin “Lumen gentium” sənədi üzərində düşüncələrini davam etdirərək vurğuladı ki, “hər bir vəftiz olunmuş insan müjdələmə işində fəal iştirakçıdır və Məsihə ardıcıl şəkildə şahidlik etməyə çağırılıb.”

ÜMUMİ AUDİENSİYA

Müqəddəs Peter Meydanı
Çərşənbə, 18 mart 2026

Katexizis. II Vatikan Məclisinin Sənədləri. II. “Lumen gentium” Doqmatik Konstitusiyası. 4. Kilsə — kahinlər və peyğəmbərlər xalqı

Əziz qardaşlar və bacılar, sabahınız xeyir və xoş gəlmisiniz!

Bu gün “Lumen gentium” konstitusiyasının ikinci fəslinə – Kilsənin Allahın xalqı kimi təqdim olunduğu hissəyə yenidən qayıtmaq istəyirəm.

Məsihi xalq (LG, 9) xilasedici missiyasının həyata keçirildiyi kahinlik, peyğəmbərlik və padşahlıq xidmətində Məsihdən iştirak payını qəbul edir. Kilsə Ataları öyrədirlər ki, Rəbb İsa yeni və əbədi Əhd vasitəsilə kahinlərdən ibarət bir Padşahlıq qurmuş və Öz şagirdlərini “padşah kahinliyi” kimi təsis etmişdir (1 Pet 2, 9; müq. 1 Pet 2, 5; Vəhy 1, 6). Möminlərin bu ümumi kahinliyi Vəftizlə verilir; bu isə bizə Allaha ruhda və həqiqətdə ibadət etməyə və “Kilsə vasitəsilə Allahdan aldığımız imanı insanlar qarşısında etiraf etməyə” imkan verir (LG, 11). Bundan əlavə, Məshetmə (Konfirmasiya) sakramenti vasitəsilə bütün vəftiz olunmuşlar “Kilsə ilə daha dərin və möhkəm birliyə daxil olurlar. Müqəddəs Ruh onları xüsusi qüvvə ilə möhkəmləndirir ki, onlar Məsihin həqiqi şahidləri kimi imanı həm sözləri, həm də həyatları ilə yayaraq və qoruyaraq yaşatsınlar” (eyni yer). Ruhani xidmətləri daşıyanlar ilə imanlıları birləşdirən ümumi missiyanın təməlində məhz bu təqdis olunma dayanır.

Bu haqda, Papa Fransisk belə deyirdi: “Allahın xalqına baxmaq, hamımızın Kilsəyə sadə imanlılar kimi daxil olduğumuzu xatırlamaq deməkdir.  Kimliyimizi əbədi olaraq möhürləyən və hər zaman qürur duymalı olduğumuz ilk sakrament Vəftizdir. Vəftiz və Müqəddəs Ruhun məsh etməsi vasitəsilə imanlılar ‘ruhani bir ev və müqəddəs kahinlik kimi təqdis olunurlar’ (LG, 10) və beləliklə hər kəs Allahın müqəddəs və sadiq xalqının bir hissəsinə çevrilir” (Latın Amerikası üzrə Papa Komissiyasının sədrinə məktub, 19 mart 2016).

Padşah kahinliyinin həyata keçirilməsi müxtəlif yollarla baş verir və bunların hamısı bizim müqəddəsləşməyimizə yönəlir. Bunun ən başlıca yolu isə Yevxaristiya qurbanında iştirak etməkdir. Dua, asket həyat tərzi və fəal xeyirxahlıq vasitəsilə biz Allahın lütfü ilə yenilənmiş həyata şahidlik edirik (müq. LG, 10). Kilsə Məclisi bunu belə yekunlaşdırır: “Sakramentlər və fəzilətlərin həyata keçirilməsi vasitəsilə kahin xalqının müqəddəs təbiəti və onun üzvi quruluşu gerçəkləşir” (LG, 11).

Məclis Ataları daha sonra öyrədirlər ki, Allahın müqəddəs xalqı Məsihin peyğəmbərlik missiyasında da iştirak edir (müq. LG, 12). Bu kontekstdə iman hissi və imanlıların ümumi razılığı mövzusu ön plana çıxır. Kilsə Məclisinin Doktrinal Komissiyası izah edirdi ki, bu iman hissi “bütün Kilsəyə məxsus bir qabiliyyət kimidir; onun vasitəsilə Kilsə imanında özünə əmanət edilmiş Vəhyi tanıyır, iman məsələlərində doğru ilə yanlışı ayırd edir, eyni zamanda onu daha dərindən anlayır və həyatında daha dolğun şəkildə tətbiq edir” (müq. Acta Synodalia, III/1, 199). Beləliklə, iman hissi ayrı-ayrı şəxslərə müstəqil şəkildə deyil, Allahın xalqının üzvləri olaraq məxsusdur.

“Lumen gentium” bu ikinci məqama xüsusi diqqət yetirir və onu Kilsənin yanılmazlığı ilə əlaqələndirir; Roma Pontifikin yanılmazlığı da bu həqiqətin daxilində yer alır və ona xidmət edir. “Bütün imanlılar cəmiyyəti, Müqəddəs Olan tərəfindən məsh olunduqları üçün (müq. 1 Yəhya 2, 20.27), iman məsələlərində yanılmaz. Yepiskoplardan başlayaraq ən sadə imanlıya qədər hamı bu sahələrdə ümumi razılıq nümayiş etdirdikdə, yanılmazlıq xüsusiyyəti onların iman və əxlaq məsələlərində fövqəltəbii ayırd etmə qabiliyyəti ilə üzə çıxır:” (LG, 12). Beləliklə, imanlıların birliyi olan Kilsə  (buraya təbii olaraq ruhani rəhbərlər də daxildir) iman məsələlərində yanılmır. Bu həqiqəti qoruyan vasitə Müqəddəs Ruhun məshinə əsaslanan və bütün Allah xalqına məxsus olan fövqəltəbii iman hissidir; bu da imanlıların ümumi razılığında özünü göstərir. Kilsə Təliminin (Magisteriumunun) qoruduğu bu birlikdən belə nəticə çıxır ki, hər bir vəftiz olunmuş insan müjdələmə işində fəal iştirakçıdır. Hər kəs Rəbbin bütün Kilsəsinə bəxş etdiyi peyğəmbərlik ənamına uyğun olaraq Məsihə ardıcıl və sadiq şəkildə şahidlik etməyə çağırılmışdır.

Həqiqətən də, bizə Dirilmiş Məsihdən göndərilən Müqəddəs Ruh “hər bir imanlıya, kimliyindən asılı olmayaraq, xüsusi lütflər bəxş edir. Bu ənamlar vasitəsilə onları Kilsənin yenilənməsinə və qurulmasına xidmət edən müxtəlif vəzifə və xidmətləri yerinə yetirməyə hazır və qadir edir” (LG, 12). Bu xarizmatik həyatın xüsusi bir təzahürü təqdis olunmuş həyatdır; o, Allahın lütfü ilə daim yenidən doğulur və inkişaf edir. Eyni zamanda, kilsə birlikləri də Allahın xalqının qurulması üçün ruhani bəhrələrin müxtəlifliyini və bolluğunu parlaq şəkildə göstərir.

18 mart 2026, 19:28

Ən son Audiensiyalar

Həmçinin oxuyun >