Pope Leo XIV leads the Angelus prayer from the window of the Apostolic Palace at the Vatican

Papa: Allaha iman edənlər sülh insanları olmağa çağırılıblar

Roma Papası XIV Leo Böyük Orucun Üçüncü Rəbb gününün İncili üzərində dayanaraq diqqətçil xidmətə, həqiqi şagirdliyə və ruhani yenilənməyə çağırıb.

“RƏBBİN MƏLƏYİ”

Müqəddəs Peter Meydanı
Böyük Orucun III Rəbb günü, 8 mart 2026-cı il

Əziz qardaşlar və bacılar, Rəbb Gününüz mübarək olsun!

Kilsə tarixinin ilk əsrlərindən etibarən İsanın samariyalı qadınla dialoqu, anadangəlmə korun şəfa tapması və Lazarın dirildilməsi Pasxa bayramında Vəftiz alaraq yeni həyata başlayacaq insanların yolunu işıqlandırır. Bu Rəbb günündən etibarən oxunan İncilin bu böyük parçaları xristian olmağa hazırlaşan katexumenlərə iman yolunda kömək etmək üçün nəzərdə tutulub. Eyni zamanda bu mətnlər bütün icma tərəfindən də yenidən dinlənilir ki, imanlılar daha səmimi və daha sevincli xristianlar olsunlar.

Həqiqətən də, İsa bizim susuzluğumuza cavabdır. Samariyalı qadına dediyi kimi, Onunla görüş hər bir insanın daxilində “əbədi həyat verən bir su qaynağını” oyadır (Yəhya 4, 14). Bu gün də dünyada nə qədər insan bu ruhani bulağın axtarışındadır! Gənc Etti Hillesum gündəliyində yazır: “Bəzən mən də oradayam. Lakin çox vaxt quyu daş və çınqıllarla tutulur və Allah onun altında basdırılmış qalır. O zaman Onu yenidən qazıb çıxarmaq lazımdır.” [1]  Əziz dostlar, enerjimizin ən yaxşı istifadəsi öz qəlbimizi azad etməkdir. Bu mənada Böyük Oruc dövrü bir hədiyyədir: artıq üçüncü həftəyə başlayırıq və indi bu ruhani yolda daha böyük əzmlə addımlaya bilərik.

Müjdədə həmçinin belə yazılıb: “İsanın şagirdləri gəldilər və Onun bir qadınla söhbət etməsinə heyrətləndilər” (Yəhya 4, 27). Onlar İsanın missiyasını öz missiyaları kimi qəbul etməkdə çətinlik çəkirdilər. Buna görə Müəllim onları ruhlandıraraq deyir: “Siz “biçinə dörd ay qalıb” demirsinizmi? Budur, Mən sizə deyirəm: başınızı qaldırıb tarlalara baxın; məhsul bar verib, biçilməyə hazırdır.” (Yəhya 4, 35). Rəbb bu gün də Öz Kilsəsinə belə deyir: “Gözlərinizi qaldırın və Allahın sürprizlərini  görün!” Biçinə dörd ay qalmış tarlalarda demək olar ki, heç nə görünmür. Amma məhz bizim heç nə görmədiyimizi düşündüyümüz yerdə Allahın lütfü artıq fəaliyyət göstərir və onun bəhrələri yığılmağa hazırdır. Məhsul çoxdur; bəlkə də işçilər azdır, çünki onlar başqa işlərlə başları qarışıb. İsa isə əksinə, diqqətlidir. O dövrün adətlərinə görə, O həmin samariyalı qadına məhəl qoymaya da bilərdi. Lakin İsa onunla danışır, onu dinləyir və ona hörmət göstərir — heç bir gizli niyyət olmadan və heç bir sayğısızlıq göstərmədən.

Neçə insan Kilsədə məhz belə bir həssaslıq və belə bir açıq ürəklilik axtarır! Və İncilin bu parçasında gördüyümüz kimi, qarşılaşdığımız insana diqqət göstərərkən vaxtın necə keçdiyini unutmağımız nə qədər gözəldir. İsa insanların qəlbinin ən dərin qatlarına çatmaq istəyən Allahın iradəsindən o qədər ruhən qidalanmışdı ki, hətta yemək yeməyi belə unutmuşdu (Yəhya 4, 34). Beləcə, samariyalı qadın bir çox qadın müjdəçilərin ilki oldu. Onun şahidliyi sayəsində kəndində yaşayan, cəmiyyət tərəfindən xor görülən və rədd edilən bir çox insan İsa ilə görüşə gəldi və onların qəlbində də iman saf su kimi qaynamağa başladı.

Qardaşlar və bacılar, gəlin bu gün Kilsənin Anası Məryəmdən diləyək ki, bizə İsa ilə birlikdə və İsa kimi həqiqət və ədalətə susayan insanlara xidmət etməyi öyrətsin. İndi bir kilsəni digərinə qarşı qoymağın, “biz” və “onlar” kimi bölünmələrin vaxtı deyil. Allaha ibadət edənlər sülh insanları olmağa və Ona Ruhda və həqiqətdə ibadət etməyə çağırılıblar (Yəhya 4, 23–24).

08 mart 2026, 16:28

Angelus nədir?
 

Angelus, katoliklər tərəfindən gündə üç dəfə, səhər 6-da, günorta və axşam 6-da oxunan xüsusi bir duadır və Angelus zənginin çalınması ilə müşayiət olunur. Adı latın dilində 'mələk' sözündən gəlir və bu dua, İsa Məsihin Təcəssüm Sirri ilə insan təbiətimizi qəbul etməsini xatırladır.
 

Papa hər bazar günü günorta saatlarında Müqəddəs Peter meydanında Angelus duasını oxuyur.
 

Papa həmçinin günün İncilini şərh edir və beynəlxalq məsələlərə toxunur. Bu açıqlamalar bütün dünyada radio və televiziya vasitəsilə yayımlanır. Eyni zamanda, sosial mediada geniş şəkildə paylaşılır.
 

Pasxadan Pentikost (Əllinci Gün Bayramı) gününə qədər Angelus duası yerinə Regina Coeli duası oxunur. Bu dua İsa Məsihin Dirilməsini xatırladır və Angelus kimi, Qloriyanın ('Allahı ucaldaq' duasının) üç dəfə oxunması ilə tamamlanır.

Ən son 'Angelus' / 'Regina Caeli'

Həmçinin oxuyun >