Axtar

Pope Leo XIV� Angelus prayer in Vatican

XIV Leo: Həqiqi salehlik böyük məhəbbət tələb edir

15 fevral, “Rəbbin mələyi” müraciətində Papa Leo izah edir ki, həqiqi salehliyə çatmaq üçün insan böyük məhəbbətlə sevməyi öyrənməlidir; çünki İncil bizə məhz bunu öyrədir.

“RƏBBİN MƏLƏYİ”

Müqəddəs Peter Meydanı
Rəbb günü, 15 fevral 2026-cı il

Əziz qardaşlar və bacılar, Rəbb Gününüz mübarək olsun!

Bu gün biz İncilin “Dağüstü xütbə” adlanan hissəsindən bir parçanı eşidirik (Matta 5, 17–37). İsa Məsih Bəxtiyarlıqları bəyan etdikdən sonra bizi Allahın Padşahlığının yeniliyinə daxil olmağa dəvət edir. Bu yolda bizə bələdçilik etmək üçün O, Musanın Qanununun hökümlərinin həqiqi mənasını açıqlayır. Bu hökümlər insanın Allah qarşısında özünü zahirən “saleh” hiss etməsi üçün nəzərdə tutulmamışdır; əksinə, onlar bizi Allahla və bacı-qardaşlarımızla məhəbbət münasibətinə gətirmək üçündür. Məhz buna görə də İsa deyir ki, O, Qanunu ləğv etmək üçün deyil, onu kamilliyə çatdırmaq üçün gəlmişdir (ayə 17).

Qanun məhz məhəbbət vasitəsilə yerinə yetirilir; çünki məhəbbət onun dərin mənasını və son məqsədini kamilliyə çatdırır. Biz ilahiyyatçıların və fəriseylərin salehliyini “üstələyən” (bax: ayə 20) bir salehliyə çağırılmışıq. Bu isə yalnız əmrlərə zahirən riayət etməklə məhdudlaşmayan, əksinə, bizi məhəbbətə açan və sevməyə sövq edən bir salehlikdir. İsa Qanunun konkret hallara aid bəzi hökümlərini nəzərdən keçirir və “antinomiyalar” adlanan ifadə formalarından istifadə edərək zahiri dini salehliklə Allahın Padşahlığının salehliyi arasındakı fərqi göstərir: bir tərəfdən “Qədimlərə belə deyildiyini eşitmisiniz”, digər tərəfdən isə İsa belə buyurur: “Mən isə sizə deyirəm” (bax: ayələr 21–37).

Bu yanaşma son dərəcə mühümdür, çünki o göstərir ki, Qanun Musaya və peyğəmbərlərə Allahı və Onun bizimlə və bəşər tarixi ilə bağlı niyyətini tanımaq üçün bir yol kimi verilmişdir; yaxud Müqəddəs Paulun ifadəsi ilə desək, bizi Ona doğru yönəldən və Ona aparan bir “tərbiyəçi” olmuşdur (bax: Qal 3,23–25). Lakin indi Allah Özü, İsa Məsihin şəxsində, aramıza gəlmişdir. O, Qanunu kamilliyə çatdırmış, bizi Ata Allahın övladları etmiş və Onunla övlad kimi, həmçinin bir-birimizlə bacı-qardaş kimi münasibətə daxil olmaq üçün bizə lütf bəxş etmişdir.

Bacılar və qardaşlar, İsa bizə öyrədir ki, həqiqi salehlik məhəbbətdən ibarətdir və Qanunun hər bir hökmündə biz məhəbbətə çağırışı ayırd etməyi öyrənməliyik. Doğrudan da, insanı fiziki olaraq öldürməkdən çəkinmək kifayət deyil, əgər sonra sözlərlə onu “öldürür”, onun ləyaqətini alçaldırıqsa (bax: Mt 5,21–22). Eyni şəkildə, həyat yoldaşına zahirən sədaqətli qalmaq və zina etməmək də yetərli deyil, əgər münasibətdə qarşılıqlı nəvaziş, dinləmək bacarığı, hörmət, bir-birinə qayğı və ortaq məqsədlər yoxdursa (bax: ayələr 27–28; 31–32). İsanın Özünün gətirdiyi nümunələrə başqalarını da əlavə edə bilərik. İncil bizə bu qiymətli həqiqəti öyrədir: minimal salehlik kifayət deyil — böyük məhəbbət tələb olunur.

Gəlin birlikdə Məsihi — Qanunu və xilas planını kamilliyə çatdıranı — dünyaya bəxş etmiş Müqəddəs Məryəmi yardıma çağıraq. Qoy O, bizim üçün şəfaətçi olsun, Allahın Padşahlığını daha dərindən anlamağımıza və onun salehlik çağırışını həyatımızda həyata keçirməyimizə kömək etsin.

15 fevral 2026, 14:04

Angelus nədir?
 

Angelus, katoliklər tərəfindən gündə üç dəfə, səhər 6-da, günorta və axşam 6-da oxunan xüsusi bir duadır və Angelus zənginin çalınması ilə müşayiət olunur. Adı latın dilində 'mələk' sözündən gəlir və bu dua, İsa Məsihin Təcəssüm Sirri ilə insan təbiətimizi qəbul etməsini xatırladır.
 

Papa hər bazar günü günorta saatlarında Müqəddəs Peter meydanında Angelus duasını oxuyur.
 

Papa həmçinin günün İncilini şərh edir və beynəlxalq məsələlərə toxunur. Bu açıqlamalar bütün dünyada radio və televiziya vasitəsilə yayımlanır. Eyni zamanda, sosial mediada geniş şəkildə paylaşılır.
 

Pasxadan Pentikost (Əllinci Gün Bayramı) gününə qədər Angelus duası yerinə Regina Coeli duası oxunur. Bu dua İsa Məsihin Dirilməsini xatırladır və Angelus kimi, Qloriyanın ('Allahı ucaldaq' duasının) üç dəfə oxunması ilə tamamlanır.

Ən son 'Angelus' / 'Regina Caeli'

Həmçinin oxuyun >