XIV Leo: Allah bizi heç vaxt kənara atmaz
“RƏBBİN MƏLƏYİ”
Müqəddəs Peter Meydanı
Rəbb günü, 08 fevral 2026-cı il
Əziz qardaşlar və bacılar, Rəbb Gününüz mübarək olsun!
Bəxtiyarlıqları elan etdikdən sonra İsa onları həyata keçirənlərə üz tutur və bildirir ki, onların sayəsində yer üzü artıq əvvəlki kimi deyil, dünya qaranlıqdan çıxıb. « Siz yer üzünün duzusunuz… Siz dünyanın nurusunuz» (Matta 5, 13–14). Həqiqətən də, həyata dad verən və əvvəllər mövcud olmayanı üzə çıxaran məhz həqiqi sevincdir. Bu sevinc yer üzünü məskən tutmağın və insanlar arasında birgə yaşamağın arzu edilməli və bilərəkdən seçilməli olan bir həyat tərzindən doğur. O, İsanın özündə parlayan həyatdır — Onun söz və əməllərinin gətirdiyi yeni dad. İsanın ruh yoxsulluğu, mülayimliyi və qəlb sadəliyi ilə qarşılaşdıqdan, mərhəmət və sülhü çevrilmə və barış gücü kimi üzə çıxaran ədalət aclığı və susuzluğunu daddıqdan sonra, bütün bunlardan uzaq durmaq istəyənlər dadsız və solğun görünürlər.
Peyğəmbər Yeşaya ədalətsizliyi aradan qaldıran konkret əməlləri sadalayır: ac olanla çörəyini bölüşmək, kasıb və evsizləri evinə qəbul etmək, çılpaq gördüyünü geyindirmək, həmçinin qonşularımızı və öz evimizdəkiləri diqqətdən kənarda qoymamaq (58, 7). Peyğəmbər davam edir: «Onda nurunuz şəfəq kimi saçacaq, tezliklə şəfa tapacaqsınız, qarşınızda salehliyiniz gedəcək, Rəbbin izzəti sizə arxa olacaq.» (58, 8). Bir tərəfdən, gizlədilməsi mümkün olmayan bir işıq var — hər səhər qaranlığı qovan günəş qədər parlaq; digər tərəfdən isə, bir vaxtlar yanan, indi isə sağalmağa başlayan bir yara var.
Doğrudan da, həyatın dadını və sevincini itirmək ağrılıdır; lakin insanın qəlbində belə bir yaranın mövcud olması mümkündür. İsa, sanki, Onu dinləyənləri sevinci itirməməyə çağıraraq xəbərdar edir. Dadını itirmiş duz haqqında isə belə deyir: « duz öz dadını itirərsə, nə ilə duzlanar? Artıq çölə atılıb insanlar tərəfindən tapdalanmaqdan başqa bir şeyə yaramaz.» (Matta 5,13). Neçə-neçə insan — bəlkə də biz özümüz — özünü dəyərsiz və ya sınmış hiss edir. Elə bil onların işığı gizlədilib. Lakin İsa heç vaxt bizi kənara atmayan bir Allahı, adlarımıza və təkrarolunmazlığımıza qayğı göstərən bir Atanı elan edir. Hər bir yara, ən dərin olanı belə, Bəxtiyarlıqların kəlamını qəbul etməklə və bizi yenidən Müjdənin yoluna qaytarmaqla sağalacaq.
Bundan əlavə, başqalarına açıq olmaq və onlara diqqət göstərmək kimi əməllər sevinci yenidən alovlandırır. Lakin eyni zamanda, bu cür davranışlar məhz öz sadəliyi ilə bizi dünya ilə ziddiyyətə salır. İsanın Özü də səhrada başqa yolları seçmək, kimliyini təsdiqləmək, onu ucaltmaq və dünyanı ayaqları altına almaq vəsvəsəsinə məruz qalmışdı. Ancaq O, həqiqi dadını itirməsinə səbəb ola biləcək yolları rədd etdi — elə bir dadı ki, biz onu hər Rəbb günü bölünən Çörəkdə tapırıq: bu Çörək qurban verilmiş bir həyatın və səssiz sevginin nişanəsidir.
Qardaşlar və bacılar, gəlin İsa ilə ünsiyyətdən qidalanıb nurlanaq. O zaman heç bir lovğalığa yol vermədən, təpə üzərində qurulmuş bir şəhər kimi olarıq — təkcə görünən deyil, həm də cəlbedən və qucaq açan bir şəhər: hər kəsin yaşamaq və sülh tapmaq istədiyi Allahın şəhəri. İndi isə baxışlarımızı və dualarımızı Göylərin Qapısı olan Məryəmə yönəldək ki, O, bizə Öz Oğlunun şagirdləri olmağa və bu yolda sabit qalmağa kömək etsin.
