Axtar

Il Papa, 'non i vincitori scrivono la storia ma chi salva gli oppressi

Papa: Tarixi qaliblər deyil, məzlumları xilas edən Allah yazır

Fevralın 1-i, Papa XIV Leo, “Rəbbin mələyi” müraciətində vurğulayır ki, Bəxtiyarlıq əmrlərinə uyğun yaşanan həyat bizə xoşbəxtlik bəxş edə, dünyanın qaranlıqlarına işıq sala və qəlblərimizi yeniləyə bilər.

“RƏBBİN MƏLƏYİ”

Müqəddəs Peter Meydanı
Rəbb günü, 01 fevral 2026-cı il

Əziz qardaşlar və bacılar, Rəbb Gününüz mübarək olsun!

Bugünkü liturgiyada İsa bütün bəşəriyyətə Müjdənin gözəl bir parçanı elan edir: Bəxtiyarlıq Müjdəsini (Matta 5, 1–12). Bunlar, əslində, Rəbbin tarixin qaranlığında yandırdığı işıqlardır. Bu işıqlar Ata tərəfindən Oğul vasitəsilə və Müqəddəs Ruhun qüdrəti ilə həyata keçirilən xilas planını aşkara çıxarır.

Dağ başında Məsih şagirdlərinə artıq daş üzərinə yazılmayan yeni Qanunu bəxş edir. Bu Qanun həyatımızı yeniləyir və onu xeyirli edir — hətta dünya bizi məyus etdikdə, əzab və səfalətlə dolu göründükdə belə. Yalnız Allah yoxsulları və əzab çəkənləri həqiqətən bəxtiyar adlandıra bilər (bax: ayələr 3–4), çünki O, sonsuz məhəbbətlə Özünü hamıya bəxş edən ali Xeyirdir. Yalnız Allah sülh və ədalət axtaranları doyura bilər (bax: ayələr 6, 9), çünki O, dünyanın ədalətli Hakimi və əbədi sülhün banisidir. Yalnız Allahda həlimlər, mərhəmətlilər və qəlbi pak olanlar sevinc tapırlar (ayələr 5, 7–8), çünki O, onların bütün gözləntilərinin kamil yerinə yetməsidir. Təqiblər zamanı Allah xilasın mənbəyidir; yalanın ortasında isə O, həqiqətin möhkəm lövbəridir. Buna görə də İsa bəyan edir: “Sevinin və şadlanın!” (ayə 12).

Bu Bəxtiyarlıqlar yalnız o kəslər üçün paradoks olaraq qalır ki, Allahı Məsihin Onu necə vəhy etdiyindən fərqli təsəvvür edirlər. Yer üzündə həmişə təkəbbürlü insanların hökmranlıq edəcəyini gözləyənlər Rəbbin sözlərindən heyrətə gəlirlər. Bəxtiyarlığın varlılara məxsus olduğunu düşünməyə alışmış olanlar isə İsanın da aldanmış olduğunu düşünə bilərlər. Halbuki yalan məhz Məsihə iman çatışmazlığında gizlənir. O, həyatını hamı ilə bölüşən yoxsul; əzab içində dəyanət göstərən həlim; çarmıxda ölümə qədər təqib edilən sülhməramlı insandır.

Beləliklə, İsa tarixin mənasını işıqlandırır. Tarix artıq qaliblər tərəfindən deyil, məzlumları xilas etməyə qadir olan Allah tərəfindən yazılır. Oğul dünyaya Atanın məhəbbəti ilə baxır. Digər tərəfdən, Papa Fransiskin dediyi kimi, “Dünyada xülya ustaları var. Biz onların ardınca getməməliyik, çünki onlar bizə ümid verə bilməzlər” (Rəbbin mələyi, 17 fevral 2019). Əvəzində isə Allah bu ümidi ilk növbədə dünyanın ümidsiz saydıqlarına bəxş edir.

Buna görə də, əziz qardaşlar və bacılar, Bəxtiyarlıqlar bizim üçün xoşbəxtliyin ölçüsünə çevrilir və bizi sual qarşısında qoyur: biz onu satın alınmalı bir nailiyyət kimi görürük, yoxsa paylaşılmalı bir hədiyyə kimi? Onu tükənən əşyalarda axtarırıq, yoxsa bizi müşayiət edən münasibətlərdə? Məhz Məsih naminə (bax: Matta 5, 11) və Onun sayəsində sınaqların acılığı xilas olunmuşların sevincinə çevrilir. İsa uzaq bir təsəllidən deyil, hər zaman bizi möhkəmləndirən, xüsusilə də məşəqqət anlarında dayaq olan davamlı bir lütfdən bəhs edir.

Bəxtiyarlıqlar təvazökarları ucaldır, qürurluları isə onların ən dərin düşüncələrində darmadağın edir (bax: Luka 1, 51). Buna görə də biz Rəbbin qulu olan Müqəddəs Məryəmin şəfaətini diləyirik — onu bütün nəsillər bəxtiyar adlandırır.

02 fevral 2026, 11:06

Angelus nədir?
 

Angelus, katoliklər tərəfindən gündə üç dəfə, səhər 6-da, günorta və axşam 6-da oxunan xüsusi bir duadır və Angelus zənginin çalınması ilə müşayiət olunur. Adı latın dilində 'mələk' sözündən gəlir və bu dua, İsa Məsihin Təcəssüm Sirri ilə insan təbiətimizi qəbul etməsini xatırladır.
 

Papa hər bazar günü günorta saatlarında Müqəddəs Peter meydanında Angelus duasını oxuyur.
 

Papa həmçinin günün İncilini şərh edir və beynəlxalq məsələlərə toxunur. Bu açıqlamalar bütün dünyada radio və televiziya vasitəsilə yayımlanır. Eyni zamanda, sosial mediada geniş şəkildə paylaşılır.
 

Pasxadan Pentikost (Əllinci Gün Bayramı) gününə qədər Angelus duası yerinə Regina Coeli duası oxunur. Bu dua İsa Məsihin Dirilməsini xatırladır və Angelus kimi, Qloriyanın ('Allahı ucaldaq' duasının) üç dəfə oxunması ilə tamamlanır.

Ən son 'Angelus' / 'Regina Caeli'

Həmçinin oxuyun >