Axtar

VATICAN-RELIGION-POPE-ANGELUS

XIV Leo: Bu Böyük Orucda həyatınızı bənzərsiz bir şah əsərə çevirin

22 fevral, Böyük Orucun Birinci Rəbb günündə ənənəvi “Rəbbin mələyi” müraciətində Papa XIV Leo qeyd edib ki, Böyük Oruc mövsümü imanlılara Rəbbin onları saflaşdırmasına imkan vermək, Allahla əməkdaşlığı daha da dərinləşdirmək və bununla da həyatlarını bənzərsiz bir şah əsər kimi formalaşdırmaq fürsəti təqdim edir.

“RƏBBİN MƏLƏYİ”

Müqəddəs Peter Meydanı
Böyük Orucun I Rəbb günü, 22 fevral 2026-cı il

Əziz qardaşlar və bacılar, Rəbb Gününüz mübarək olsun!

Bu gün, Böyük Orucun Birinci Rəbb günü, İncil bizə Müqəddəs Ruhun qüdrəti ilə səhraya aparılan və şeytan tərəfindən sınağa çəkilən İsa haqqında danışır (bax: Matta 4, 1–11). Qırx gün oruc tutduqdan sonra O, insan təbiətinin ağırlığını hiss edir: cismani olaraq – aclıq vasitəsilə, mənəvi olaraq isə – şeytanın vəsvəsələri ilə. Bununla O, həyat yolumuzda hamımızın üzləşdiyi eyni mübarizəni yaşayır. Şər qüvvəyə müqavimət göstərərək İsa göstərir ki, biz də şeytanın aldatmalarını və tələlərini dəf edə bilərik.

Bu Həyat Kəlamı vasitəsilə liturgiya bizi Böyük Orucu nur saçan bir yol kimi görməyə dəvət edir. Dua, oruc və sədəqə yolu ilə biz həyatımızın yeganə və təkrarsız bir şah əsər kimi formalaşmasında Rəbb ilə əməkdaşlığımızı yeniləyə bilərik. Bu yol, Onun günahlarımızın ləkələrini təmizləməsinə və yaralarımızın sağaltmasına imkan verməyi, eyni zamanda həyatımızın gözəllik içində çiçəklənərək məhəbbətin kamilliyinə — həqiqi xoşbəxtliyin yeganə mənbəyinə — çatmasına sadiq qalmağı nəzərdə tutur.

Şübhəsiz ki, bu yol tələbkardır. Ruhdan düşmək təhlükəsi və ya var-dövlət, şöhrət və hakimiyyət kimi daha asan məmnunluq yollarına meyl etmək riski hər zaman mövcuddur (bax: Matta 4, 3–8). İsanın Özünün də üzləşdiyi bu vəsvəsələr, əslində, bizim üçün yaradılmış sevincin yalnız kasad və dəyərsiz əvəzləridir. Nəticədə isə onlar bizi narazı, narahat və daxili boşluq içində buraxır.

Bu səbəbdən müqəddəs  Papa VI Paul öyrədirdi ki, tövbə insan təbiətimizi yoxsullaşdırmır; əksinə, onu zənginləşdirir, saflaşdırır və möhkəmləndirir, çünki bizi “məqsədi məhəbbət və Allaha tam təslimiyyət olan” bir üfüqə doğru yönəldir (“Paenitemini” Həvari Konstitusiyası, 17 fevral 1966, I). Doğrudan da, tövbə bir tərəfdən öz məhdudiyyətlərimizi dərk etməyimizə yardım edir, digər tərəfdən isə onları aşmaq üçün bizə mənəvi qüvvə bəxş edir və Allahın lütfü ilə Onunla və bir-birimizlə daha dərin və canlı ünsiyyət içində yaşamağa imkan verir.

Bu lütf zamanında gəlin, dua və mərhəmət əməlləri ilə yanaşı, tövbəni də səxavətlə edək. Bir müddət televiziya, radio və mobil telefonları söndürərək sükut üçün yer açaq. Allahın Kəlamı üzərində düşünək, Müqəddəs Sirlərə yaxınlaşaq və ürəyimizdə bizə səslənən Müqəddəs Ruhun səsini dinləyək. Eyni zamanda ailələrimizdə, iş yerlərimizdə və icmalarımızda bir-birimizi də dinləməyi öyrənək. Xüsusilə tənha olanlara — yaşlılara, yoxsullara və xəstələrə — vaxt ayıraq. Artıq olanlardan imtina edərək qənaət etdiklərimizi ehtiyac içində olanlarla bölüşək. O zaman Müqəddəs Avqustinin öyrətdiyi kimi, “təvazökarlıq və məhəbbət içində, oruc və sədəqə ilə, özümüzü cilovlayaraq və bağışlayaraq, şərə şərlə cavab verməyib xeyirxah əməllərlə cavab verərək, pislikdən uzaqlaşıb yaxşılıq edərək” (Vəzlər, 206, 3) təqdim olunan duamız göylərə yüksələcək və bizə sülh bəxş edəcək.

Böyük Oruc yolumuzu hər zaman sınaq anlarında övladlarına yardım edən Anamız Müqəddəs Məryəmə həvalə edirik.

23 fevral 2026, 11:17

Angelus nədir?
 

Angelus, katoliklər tərəfindən gündə üç dəfə, səhər 6-da, günorta və axşam 6-da oxunan xüsusi bir duadır və Angelus zənginin çalınması ilə müşayiət olunur. Adı latın dilində 'mələk' sözündən gəlir və bu dua, İsa Məsihin Təcəssüm Sirri ilə insan təbiətimizi qəbul etməsini xatırladır.
 

Papa hər bazar günü günorta saatlarında Müqəddəs Peter meydanında Angelus duasını oxuyur.
 

Papa həmçinin günün İncilini şərh edir və beynəlxalq məsələlərə toxunur. Bu açıqlamalar bütün dünyada radio və televiziya vasitəsilə yayımlanır. Eyni zamanda, sosial mediada geniş şəkildə paylaşılır.
 

Pasxadan Pentikost (Əllinci Gün Bayramı) gününə qədər Angelus duası yerinə Regina Coeli duası oxunur. Bu dua İsa Məsihin Dirilməsini xatırladır və Angelus kimi, Qloriyanın ('Allahı ucaldaq' duasının) üç dəfə oxunması ilə tamamlanır.

Ən son 'Angelus' / 'Regina Caeli'

Həmçinin oxuyun >