Axtar

Il Papa, non abbiamo bisogno di effimeri 'surrogati di felicit�'

XIV Leo: Bizim “xoşbəxtlik əvəzedicilərinə” ehtiyacımız yoxdur

Yanvarın 18-i, Papa XIV Leo, “Rəbbin mələyi” müraciətində xristianları ayıq-sayıq olmağa, vacib olanlara diqqət yetirməyə və Allahın gözündə nə qədər dəyərli olduğumuzu heç vaxt unutmamağa çağırıb.

“RƏBBİN MƏLƏYİ”

Müqəddəs Peter Meydanı
Rəbb günü, 18 yanvar 2026-cı il

Əziz qardaşlar və bacılar, Rəbb Gününüz mübarək olsun!

Bugünkü İncil mətni (Yəhya 1, 29-34) bizə İsanı Allahın Quzusu, Məsih kimi tanıyan və bəyan edən Vəftizçi Yəhyadan bəhs edir: “Dünyanın günahını aradan götürən Allah Quzusu budur!” (ayə 29). O, daha sonra əlavə edir: “Onun İsrailə zahir olması üçün mən su ilə vəftiz edərək gəldim” (ayə 31).

Yəhya İsada Xilaskarı tanıdı; O, İsanın ilahiliyini və missiyasını İsrail xalqına elan etdi və sonra öz vəzifəsini tamamlayaraq kənara çəkildi. Onun sözləri bunu təsdiqləyir: “Məndən sonra bir Şəxs gəlir ki, məndən üstündür, çünki məndən əvvəl var idi” (ayə 30).

Vəftizçi Yəhya xalqın çox sevdiyi bir insan idi, hətta Yerusəlimdəki hakimiyyət nümayəndələri ondan qorxurdular (Yəhya 1, 19). Bu şöhrətdən sui-istifadə etmək onun üçün çox asan olardı; lakin o, uğur və populyarlıq vəsvəsəsinə boyun əymədi. İsanın hüzurunda o, öz kiçikliyini dərk etdi və İsanın əzəməti üçün yer açdı. Yəhya Rəbbin yolunu hazırlamaq üçün göndərildiyini bilirdi (Mikeya 1, 3; Yeşaya 40, 3) və Rəbb gəldikdə, böyük sevinc və təvazökarlıqla Allahın varlığını qəbul edərək diqqət mərkəzindən çəkildi.

Onun şahidliyi bu gün bizim üçün nə qədər də vacibdir! Həqiqətən də, günümüzdə təqdirə, rəğbətə və görünən olmağa çox vaxt həddindən artıq əhəmiyyət verilir; bu, hətta insanların fikirlərinə, davranışlarına və daxili dünyalarına təsir edəcək dərəcəyə çatır. Bu isə əzablara, parçalanmalara səbəb olur; kövrək, məyusluq doğuran və insanı məhbus edən həyat tərzləri və münasibətlər yaradır. Əslində, bizim bu “xoşbəxtlik əvəzedicilərinə” ehtiyacımız yoxdur. Bizim sevincimiz və böyüklüyümüz uğur və ya şöhrət kimi keçici illüziyalara deyil, göylərdəki Atamız tərəfindən sevildiyimizi və istənildiyimizi bilməyimizə əsaslanır.

İsanın bəhs etdiyi sevgi elə bir Allahın sevgisidir ki, O, bu gün də bizi heyranedici şoularla göz qamaşdırmaq üçün deyil, çətinliklərimizə şərik olmaq və yüklərimizi öz üzərinə götürmək üçün aramıza gəlir. Bununla O, bizə kim olduğumuz və Onun nəzərində nə qədər dəyərli olduğumuz barədə həqiqəti açır.

Əziz dostlar, imkan verməyək ki, diqqətimiz Rəbbin aramızdakı hüzurundan yayındırılsın. Vaxtımızı və enerjimizi xarici görünüşlərin, bəzək-düzəklərin arxasınca qaçaraq israf etməyək. Əksinə, Vəftizçi Yəhyadan ayıq-sayıq qalmağı, sadəliyi sevməyi, sözlərimizdə səmimi olmağı, təmkinli yaşamağı, zəka və qəlb dərinliyimizi inkişaf etdirməyi öyrənək. Ən vacib olanlarla kifayətlənək və hər gün mümkün olduqca sükut içində dayanmaq, dua etmək, düşünmək və dinləmək üçün xüsusi vaxt ayıraq – başqa sözlə, Rəbb ilə görüşmək və Onunla qalmaq üçün “səhraya çəkilək”.

Qoy sadəlik, hikmət və təvazökarlıq nümunəsi olan Məryəm Ana bu qərarımızda bizə kömək olsun.

18 yanvar 2026, 15:00

Angelus nədir?
 

Angelus, katoliklər tərəfindən gündə üç dəfə, səhər 6-da, günorta və axşam 6-da oxunan xüsusi bir duadır və Angelus zənginin çalınması ilə müşayiət olunur. Adı latın dilində 'mələk' sözündən gəlir və bu dua, İsa Məsihin Təcəssüm Sirri ilə insan təbiətimizi qəbul etməsini xatırladır.
 

Papa hər bazar günü günorta saatlarında Müqəddəs Peter meydanında Angelus duasını oxuyur.
 

Papa həmçinin günün İncilini şərh edir və beynəlxalq məsələlərə toxunur. Bu açıqlamalar bütün dünyada radio və televiziya vasitəsilə yayımlanır. Eyni zamanda, sosial mediada geniş şəkildə paylaşılır.
 

Pasxadan Pentikost (Əllinci Gün Bayramı) gününə qədər Angelus duası yerinə Regina Coeli duası oxunur. Bu dua İsa Məsihin Dirilməsini xatırladır və Angelus kimi, Qloriyanın ('Allahı ucaldaq' duasının) üç dəfə oxunması ilə tamamlanır.

Ən son 'Angelus' / 'Regina Caeli'

Həmçinin oxuyun >