XIV Leo: Allah dünyaya uzaqdan, biganə qalaraq baxmır!
“RƏBBİN MƏLƏYİ”
Müqəddəs Peter Meydanı
Rəbb günü, 11 yanvar 2026-cı il
Əziz qardaşlar və bacılar, Rəbb Gününüz mübarək olsun!
Bu gün qeyd etdiyimiz İsa Məsihin Vəftizi bayramı Adi Dövrün başlanğıcından xəbər verir. Bu liturgik zaman bizi Rəbbi birlikdə izləməyə, Onun Kəlamını dinləməyə və başqalarına qarşı göstərdiyi sevgi əməllərini təqlid etməyə dəvət edəcək. Bununla biz bizi xristian edən, bizi günahdan azad edən və Onun həyatverici Ruhunun qüdrəti ilə bizi Allahın övladlarına çevirən Vəftiz sirrini təsdiq və yeniləmiş oluruq.
Bugünkü İncil bu təsirli lütf nişanəsinin necə baş verdiyini nəql edir. İsa İordan çayında Yəhya tərəfindən vəftiz olunduqda, Yəhya, "Allahın Ruhunun göyərçin kimi endiyini və Onun üzərinə qonduğunu" görür (Matta 3:16). Eyni zamanda, açılmış göylərdən Atanın səsi ucalır: "Mənim sevimli Oğlum budur" (ayə 17). Bu anda Allahın bütün Varlığı tarixdə zühur edir: Oğul İordan sularına endiyi kimi, Müqəddəs Ruh da Onun üzərinə enir və Onun vasitəsilə qurtuluş qüdrəti olaraq bizə bəxş edilir.
Əziz dostlar, Allah dünyaya uzaqdan, həyatımıza, çətinliklərimizə və ya gözləntilərimizə biganə qalaraq baxmır! Əksinə, O, bəşər olan Kəlamının hikməti ilə aramıza gələrək bizi bütün bəşəriyyət üçün möhtəşəm bir sevgi planına cəlb edir.
Məhz buna görə də, heyrət dolu vəftizçi Yəhya İsadan soruşur: "Sənmi mənim yanıma gəlirsən?" (ayə 14). Bəli, Rəbb Öz müqəddəsliyi ilə, Allahın sonsuz mərhəmətini aşkar etmək üçün günahkar kimi vəftiz olunmağa razı olur. İçində qardaş və bacı olduğumuz Yeganə Oğul, hökmranlıq etmək üçün deyil, xidmət etmək üçün; məhkum etmək üçün deyil, xilas etmək üçün gəlir. O, Xilaskar Məsihdir. O, bizim olanı, o cümlədən günahımızı Öz üzərinə götürür və Özününkünü – yeni və əbədi həyatın lütfünü bizə bəxş edir.
Vəftiz sirri bu hadisəni hər zaman və hər yerdə yeniləyir; hər birimizi Onun Ruhu vasitəsilə yenidən doğulmuş, hər millətdən və mədəniyyətdən olan kişi və qadınlardan ibarət Allahın xalqına – Kilsəyə qəbul edir. Buna görə də, gəlin bu günü aldığımız bu böyük ənamı xatırlamağa həsr edək, ona sevinclə və səmimiyyətlə şəhadət verməyə çalışaq. Elə bu gün mən imanda yeni qardaş və bacılarımız olan bir neçə körpəni vəftiz etdim. Bizi adımızla çağıran və şərdən azad edən Allahın sevgisini vahid bir ailə kimi qeyd etmək nə qədər gözəldir! Bu ilk Sirr bizimlə əbədi qalan müqəddəs bir nişanədir. Qaranlıq anlarda Vəftiz nurdur; həyatın münaqişələrində barışıqdır; ölüm saatında isə cənnətin qapısıdır.
Gəlin birlikdə dua edək və Məryəm Anadan hər gün imanımızı və Kilsənin missiyasını dəstəkləməsini diləyək.
