Papa: İnsanlara qayğı göstərmədən həqiqi ibadət ola bilməz
“RƏBBİN MƏLƏYİ”
Müqəddəs Peter Meydanı
Milad dövrünün II Rəbb günü, 04 yanvar 2026-cı il
Əziz qardaşlar və bacılar, Rəbb Gününüz mübarək olsun!
Rəbbin Miladından sonrakı bu ikinci Rəbb günündə, ilk növbədə hamınıza xoş arzularımı yenidən çatdırmaq istəyirəm. Sabah yox, birisigün Müqəddəs Peter Bazilikasının Müqəddəs Qapısının bağlanması ilə "Ümid Yubileyi"ni yekunlaşdıracağıq. Hələ də içində olduğumuz Milad sirri bizə xatırladır ki, ümidimizin təməli Allahın Bəşər Olmasıdır. Liturgiyanın bu gün bizə təqdim etdiyi Yəhya İncilinin giriş hissəsi bunu aydın şəkildə xatırladır: “Kəlam bəşər olub aramızda məskən saldı” (Yəhya 1, 14). Həqiqətən də, xristian ümidi nikbin proqnozlara və ya bəşəri hesablamalara deyil, həyat yolunda heç vaxt tək qalmayaq deyə Allahın bizimlə eyni yolu paylaşmaq qərarına əsaslanır. Bu, Allahın işidir: İsa Məsihdə O, bizdən biri oldu, bizimlə qalmağı seçdi və əbədi olaraq "Bizimlə olan Allah" olmağı istədi.
İsanın insan bədəninin zəifliyində gəlişi ümidimizi yenidən alovlandırır. Eyni zamanda, bu gəliş bizə ikitərəfli öhdəlik tapşırır: biri Allaha, digəri isə qonşularımıza qarşı.
Biz Allaha qarşı öhdəlik daşıyırıq, çünki O, bəşər övladı olub bizim insani zəifliyimizi Özünə məskən seçdiyi üçün biz Allah haqqında düşüncələrimizi mücərrəd doktrinalardan deyil, İsanın bədənindən başlayaraq yenidən nəzərdən keçirməyə çağırılırıq. Buna görə də, biz mənəviyyatımızı və imanımızı ifadə etmə yollarımızı daim yoxlamalıyıq ki, onların həqiqətən "bədən aldığına" əmin olaq. Başqa sözlə, biz İsa Məsihdə bizimlə qarşılaşan Allahı seyr etməyə, Onu bəyan etməyə və Ona dua etməyə qadir olmalıyıq. O, yuxarıda, mükəmməl bir səmada uzaqda qalan bir ilah deyil, bizə yaxın olan, kövrək dünyamızda yaşayan, qardaş və bacılarımızın simalarında bizə görünən və gündəlik həyatın hadisələri içində Özünü aşkar edən Allahdır.
İnsanlara qarşı məsuliyyətimiz də eyni dərəcədə ardıcıl olmalıdır. Allah bizdən biri olduğuna görə, hər bir insan Onun əksidir, Onun surətini daşıyır və içində Onun nurundan bir qığılcım var. Bu isə bizi hər bir insanın toxunulmaz ləyaqətini tanımağa və bir-birimizə qarşı məhəbbətlə özümüzü həsr etməyə çağırır. Üstəlik, Bəşər Olma sirri qardaşlıq və birlik qurmaq üçün konkret əməllər tələb edir. Bu fəaliyyət vasitəsilə həmrəylik bütün insani münasibətlərin meyarına çevrilir, bizi ədalət və sülh üçün çalışmağa, ən kövrək olanların qayğısına qalmağa və zəifləri müdafiə etməyə səsləyir. Allah bəşər olub; buna görə də bəşəriyyətə qayğı göstərmədən Allaha həqiqi ibadət mümkün deyil.
Qardaşlar və bacılar, qoy Miladın sevinci yolumuza davam etmək üçün bizi ruhlandırsın. Gəlin Müqəddəs Məryəmdən xaiş edək ki, bizi həm Allaha, həm də qonşumuza xidmət etməyə daha iradəli etsin.
