Axtar

Pope Leo XIV� Angelus prayer on St. Stephen's Day in Vatican

XIV Leo: Sülh üçün və müharibədən əziyyət çəkən ailələr üçün dua edək!

Müqəddəs Ailə Bayramı günündə, “Rəbbin mələyi” duasından öncə etdiyi müraciətində Roma Papası XIV Leo, tənhalıq, ümidsizlik, nifaq və münaqişələrlə xarakterizə olunan cəmiyyətlərdə ailələrin necə bir işıq mənbəyi ola biləcəyi haqqında fikirləri ilə bölüşüb.

“RƏBBİN MƏLƏYİ”

Müqəddəs Peter Meydanı
Rəbb günü, 28 dekabr 2025

Əziz qardaşlar və bacılar, Rəbb Gününüz mübarək olsun!

Bu gün biz Müqəddəs Ailə bayramını qeyd edirik və Liturgiya bizə onların Misirə qaçışı hekayəsini təqdim edir (Matta 2, 13-15, 19-23).

Bu, İsa, Məryəm və Yusif üçün sınaq anıdır. Həqiqətən də, Miladın parlaq mənzərəsi qəfil ölümcül bir təhlükənin kölgəsi ilə demək olar ki, örtülür; bu təhlükə öz mənbəyini Hirodun çətin və qarışıq həyatında tapır. Qəddarlığı ilə tanınan, amansız və qan içən bir insan olan Hirod məhz buna görə də dərin bir tənhalıq içindədir və taxtdan salınmaq qorxusu ilə sıxılıb qalmışdır. O, müdriklərdən “yəhudilərin Padşahı”nın doğulduğunu eşidəndə (Matta 2,2), bunu öz hakimiyyəti üçün bir təhlükə kimi qəbul edir və İsa ilə eyni yaşda olan bütün uşaqların öldürülməsi barədə fərman verir. Onun səltənətində Allah tarixdə ən böyük möcüzəni həyata keçirdi, xilasla bağlı bütün qədim vədlər yerinə yetirdi, lakin o bunu görə bilmirdi, çünki taxtını, var-dövlətini və imtiyazlarını itirmək qorxusu onu kor etmişdi. Beytlehemdə isə işıq və sevinc var idi: çobanlardan bəziləri səmavi müjdəni almış və axurun önündə Allahı izzətləndirmişdi (Luka 2, 8-20). Lakin bütün bunlar padşah sarayının zirehli müdafiələrini aşa bilmir; orada bu hadisələr yalnız zorakılıqla susdurulmalı olan bir təhlükə kimi, təhrif edilmiş şəkildə qəbul edilir

Məhz bu ürək sərtliyi isə Müqəddəs Ailənin varlığının və missiyasının dəyərini daha da ön plana çıxarır. Zalımın təmsil etdiyi despotik və acgöz dünyada, Allahın, tamamilə qarşılıqsız şəkildə, heç bir iddia irəli sürmədən və özünü əsirgəmədən insanlara verdiyi yeganə mümkün xilas cavabının doğulduğu və bəsləndiyi yer məhz bu ailədir. Rəbbin səsinə itaət edərək Gəlinini və uşağını təhlükəsiz yerə aparan Yusifin bu hərəkəti bütün xilasedici əhəmiyyəti ilə üzə çıxır. Misirdə Rəbbin dünyadakı hüzurunu əmanət etdiyi ailə sevgisinin alovu böyüyür və bütün dünyaya nur saçmaq üçün güc toplayır.

Bu sirri heyranlıq və minnətdarlıqla seyr edərkən, öz ailələrimizi və onların yaşadığımız cəmiyyətə gətirə biləcəyi işığı xatırlayırıq. Təəssüf ki, dünyanın həmişə öz “Hirodları” var: nəyin bahasına olursa-olsun uğur mifləri, vicdansız hakimiyyət, boş və səthi rifah anlayışları. Dünya bunun əvəzini tez-tez tənhalıq, ümidsizlik, nifaq və münaqişələr şəklində ödəyir. Gəlin bu ilğımların xristian ailələrində məhəbbət alovunu boğmasına imkan verməyək. Əksinə, ailələrimizdə İncil dəyərlərini qoruyub saxlayaq: dua, xüsusilə Tövbə və Yevxaristiya olmaqla sakramentlərin tez-tez qəbul edilməsi, sağlam sevgi bağları, səmimi dialoq, sədaqət, gündəlik söz və davranışların sadə və gözəl konkretliyi. Bu, onları yaşadığımız məkanlar üçün ümid işığı, məhəbbət məktəbi və Allahın əlində xilas aləti edəcəkdir (bax: Papa Fransisk, Ailələrin 10-cu Dünya Görüşü çərçivəsində Müqəddəs Messa üçün vəz, 25 iyun 2022).

Gəlin buna görə də Məryəmin və Müqəddəs Yusifin şəfaəti ilə Göylərdə olan Atamızdan ailələrimizi və dünyanın bütün ailələrini xeyir-dua ilə əhatə etməsini diləyək ki, onlar, Allahın bəşər olmuş Oğlunun nümunəsini izləyərək, hamı üçün Onun varlığının və sonsuz məhəbbətinin təsirli bir əlaməti olsunlar.

28 dekabr 2025, 12:00

Angelus nədir?
 

Angelus, katoliklər tərəfindən gündə üç dəfə, səhər 6-da, günorta və axşam 6-da oxunan xüsusi bir duadır və Angelus zənginin çalınması ilə müşayiət olunur. Adı latın dilində 'mələk' sözündən gəlir və bu dua, İsa Məsihin Təcəssüm Sirri ilə insan təbiətimizi qəbul etməsini xatırladır.
 

Papa hər bazar günü günorta saatlarında Müqəddəs Peter meydanında Angelus duasını oxuyur.
 

Papa həmçinin günün İncilini şərh edir və beynəlxalq məsələlərə toxunur. Bu açıqlamalar bütün dünyada radio və televiziya vasitəsilə yayımlanır. Eyni zamanda, sosial mediada geniş şəkildə paylaşılır.
 

Pasxadan Pentikost (Əllinci Gün Bayramı) gününə qədər Angelus duası yerinə Regina Coeli duası oxunur. Bu dua İsa Məsihin Dirilməsini xatırladır və Angelus kimi, Qloriyanın ('Allahı ucaldaq' duasının) üç dəfə oxunması ilə tamamlanır.

Ən son 'Angelus' / 'Regina Caeli'

Həmçinin oxuyun >