Axtar

Pope Leo XIV prays the Angelus in St. Peter's Square

XIV Leo: Müqəddəs Yusif iman, məhəbbət və mərhəmət örnəyidir

Adventin dördüncü Rəbb günü XIV Leo “Rəbbin mələyi” duasından əvvəl Müqəddəs Yusifin nümunəsinə müraciət etdi. Vatikanın baş meydanında zəvvarlara müraciət edən Papa, Məryəmin nişanlısını Qanuna sədaqəti sonsuz şəfqətlə birləşdirməyi bacaran bir insan kimi təsvir etdi.

“RƏBBİN MƏLƏYİ”

Müqəddəs Peter Meydanı
Adventin IV Rəbb günü, 21 dekabr 2025

Əziz qardaşlar və bacılar, günortanız xeyir!

Bu gün, Adventin dördüncü Rəbb günündə, liturgiya bizi Müqəddəs Yusifin siması üzərində düşünməyə dəvət edir. Biz Yusifi Allahın ona vəzifəsini yuxuda açıqladığı zaman görürük (Matta 1, 18–24). Beləliklə, xilas tarixinin çox gözəl bir epizodu gözlərimiz önünə gəlir: burada baş rolda bizim kimi zəif və yanılan, amma eyni zamanda imanında cəsur və möhkəm bir insan dayanır.

Müjdəçi Matta onu “saleh insan” adlandırır (1, 19) və bununla Yusifi Qanuna riayət edən, sinaqoqa gedən dindar bir israilli kimi təqdim edir. Bununla yanaşı, Nazaretli Yusif bizə həm də son dərəcə həssas və insani bir şəxsiyyət kimi görünür.

Bunun nümunəsini mələyin Məryəmdə baş verən sirri ona açıqlamasından əvvəl də görürük. Yusif gələcək nişanlısı ilə bağlı başa düşülməsi və qəbul edilməsi çətin bir vəziyyətlə üz-üzə qaldıqda, qalmaqal və açıq-aşkar ittiham yolunu seçmir; əksinə, səssiz və xeyirxah şəkildə gizli ayrılma yolunu tutur (Matta 1, 19). Bununla o, öz dini itaətinin ən dərin mənasını — mərhəməti — dərk etdiyini göstərir.

Lakin onun niyyətlərinin saflığı və ucalığı, Rəbb yuxuda ona xilas planını açıqlayan və Məsihin Bakirə Anasının həyat yoldaşı kimi üzərinə düşən gözlənilməz rolunu bildirən zaman daha da aydın görünür. Məhz burada Yusif böyük bir iman hərəkəti ilə öz son təhlükəsizlik dayağından da vaz keçərək, artıq tamamilə Allahın əllərində olan bir gələcəyə doğru addım atır. Müqəddəs Avqustin onun bu razılığını belə təsvir edir: “Yusifin imanı və məhəbbəti sayəsində Bakirə Məryəmdən bir Oğul dünyaya gəldi və bu Oğul Allahın Oğlu idi” (Vəzlər 51:20, 30).

İman və məhəbbət, mərhəmət və Allaha tam təslimiyyət — bugünkü liturgiyanın bizə göstərdiyi Nazaretli Yusifin fəzilətləri bunlardır ki, Milada doğru Adventin bu son günlərində bizə yoldaşlıq etsinlər. Bunlar qəlbi Məsihlə və qardaş-bacılarımızla qarşılaşmağa hazırlayan mühüm xüsusiyyətlərdir. Onlar həmçinin bizə bir-birimiz üçün, İsanı sevgi və mərhəmətlə qəbul edən bir axur kimi olmağı, yəni hər kəsə açıq və qonaqpərvər bir evə çevrilməyi, Allahın varlığının bir nişanəsi olmağı öyrədə bilər.

Bu lütf zamanında bu fürsəti boşa verməyək: bağışlayaq, ruhlandıraq, birlikdə yaşadığımız və rastlaşdığımız insanlara bir az ümid bəxş edək; dua vasitəsilə Rəbbə və Onun ilahi qayğısına övlad kimi təslimiyyətimizi yeniləyək, hər şeyi Ona etibarla tapşıraq.

Qoy dünyanın Xilaskarı olan İsanı iman və böyük məhəbbətlə ilk qəbul edən Bakirə Məryəm və Müqəddəs Yusif bizə yardımçı olsunlar.

21 dekabr 2025, 22:22

Angelus nədir?
 

Angelus, katoliklər tərəfindən gündə üç dəfə, səhər 6-da, günorta və axşam 6-da oxunan xüsusi bir duadır və Angelus zənginin çalınması ilə müşayiət olunur. Adı latın dilində 'mələk' sözündən gəlir və bu dua, İsa Məsihin Təcəssüm Sirri ilə insan təbiətimizi qəbul etməsini xatırladır.
 

Papa hər bazar günü günorta saatlarında Müqəddəs Peter meydanında Angelus duasını oxuyur.
 

Papa həmçinin günün İncilini şərh edir və beynəlxalq məsələlərə toxunur. Bu açıqlamalar bütün dünyada radio və televiziya vasitəsilə yayımlanır. Eyni zamanda, sosial mediada geniş şəkildə paylaşılır.
 

Pasxadan Pentikost (Əllinci Gün Bayramı) gününə qədər Angelus duası yerinə Regina Coeli duası oxunur. Bu dua İsa Məsihin Dirilməsini xatırladır və Angelus kimi, Qloriyanın ('Allahı ucaldaq' duasının) üç dəfə oxunması ilə tamamlanır.

Ən son 'Angelus' / 'Regina Caeli'

Həmçinin oxuyun >