2026.01.21 Udienza Generale

Papa XIV Leo ABŞ–İran razılaşmasını alqışlayıb

Papa XIV Leo ABŞ və İranın razılaşma imzalayacağı ərəfədə Yaxın Şərqdə sülhə ümid etdiyini ifadə edib, eyni zamanda Ukraynada müharibənin dayandırılmasına çağırış edib.

Devin Uotkins tərəfindən

İyunun 17-i, çərşənbə günü keçirilən Ümumi Audiyensiya zamanı Papa XIV Leo İran və Amerika Birləşmiş Ştatlarını dialoq və əməkdaşlıq yolunda irəliləməyə davam etməyə çağırıb.

Tərəflərin təxminən dörd ay davam edən müharibədən sonra cümə günü Anlaşma Memorandumu imzalayacağı gözlənilir.

“İran İslam Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında əldə olunmuş və cümə günü imzalanacaq razılaşmanı dialoq və danışıqların səbirli səyləri nəticəsində əldə edilmiş ümidverici nəticə kimi məmnunluqla qarşılayıram”, – deyə Papa bildirib.

O, sülh danışıqlarının aparılmasına dəstək göstərən üçüncü tərəf ölkələrə də təşəkkür edib.

“Ümid edirəm ki, bu razılaşma Yaxın Şərqdə qarşılıqlı etimadın, təhlükəsizliyin və sabitliyin möhkəmlənməsinə xidmət edəcək, xalqlar arasında dialoq və əməkdaşlıq yollarını təşviq edəcək”, – deyə Müqəddəs Ata vurğulayıb.

ABŞ və İsrail fevralın 28-də İranın nüvə və ballistik raket proqramlarına qarşı hava zərbələri endirib.

İran isə buna cavab olaraq İsrailə, ABŞ-ın regiondakı bazalarına və müttəfiqlərinə qarşı hücumlar həyata keçirib, eyni zamanda Hörmüz boğazında gəmiçiliyin fəaliyyətinə maneələr yaradıb.

Ukrayna ilə bağlı müraciət

Papa XIV Leo Ukrayna şəhərlərinə qarşı hücumların  intensivləşdirməsi fonunda ölkədə həlak olanların sayının artmasından dərin narahatlığını ifadə edib.

“Çoxlu sayda günahsız insan həlak olur, xilasedicilər həyatını itirir, kilsələr və mədəni irs abidələri alovlar içində məhv edilir”, – deyə o bildirib. “Yaxınlarını itirənlərin, yaralananların və bütün bu zorakılığın içində həyatı qorumaq üçün cəsarətlə xidmət etməyə davam edən insanların yanındayam”.

Papa XIV Leo bütün möminləri Ukraynada müharibənin sona çatması üçün dua etməyə dəvət edib.

«Hamını bu müharibənin başa çatması üçün dua etməyə çağırıram», – deyə o bildirib. «Gəlin Rəbdən diləyək ki, dialoq yollarını açsın, nifrəti söndürsün və ədalətli, davamlı sülhü mümkün etsin».

17 iyun 2026, 18:09

Ən son Audiensiyalar

Həmçinin oxuyun >