İordaniya İsanın Vəftizinin 2000 illiyinə hazırlaşır
Vatican News tərəfindən
2030-cu ildə Vəftizçi Yəhyanın İsanı Vəftiz etməsinin ənənəvi tarixindən 2000 il ötəcək. Bu hadisə indiki İordaniya ərazisində yerləşən Əl-Mağtasda baş verib.
Avqustun 10-da İordaniyanın Baş naziri Cəfər Həsənin sədrliyi ilə İsa Məsihin Vəftizinin İkinci Minilliyinin qeyd olunmasına hazırlıq üzrə Milli Komitənin ilk iclası keçirilib.
Nazirlərin, dini və ictimai xadimlərin, eləcə də aidiyyəti qurumların nümayəndələrinin daxil olduğu Komitə yubiley tədbirlərinin hazırlanması və keçirilməsinin əlaqələndirilməsini həyata keçirən əsas milli qurum kimi fəaliyyət göstərəcək.
İclas zamanı Cəfər Həsən İordaniya Kilsə rəhbərləri Şurasının irəli sürdüyü təşəbbüsün dəstəklənməsi ilə bağlı Əlahəzrət Kral II Abdullanın göstərişlərinə uyğun olaraq hazırlıq işlərinə dərhal başlanmasının vacibliyini vurğulayıb.
Baş nazir bildirib ki, İsa Məsihin Vəftizinin İkinci Minilliyinin qeyd olunması İordaniyanın tarixi və dini əhəmiyyətini, eləcə də ölkənin dünya miqyasında xristian zəvvarlığının mühüm məkanlarından biri kimi rolunu əks etdirir. Eyni zamanda bu yubiley İordaniya Krallığının birgəyaşayış, qarşılıqlı hörmət, sülh, məhəbbət və bəşəri qardaşlıq mesajını dünyaya çatdırmaq üçün mühüm fürsətdir.
Cəfər Həsən hökumətin bu əlamətdar hadisəyə hazırlıq məqsədilə bütün mövcud imkanları səfərbər etdiyini bildirib. O, yubileyin İordaniyanın zəngin dini irsə malik ölkə və dünyanın müxtəlif yerlərindən gələn xristian zəvvarlar üçün mühüm ziyarət məkanı kimi mövqeyini daha da möhkəmləndirmək imkanı yaratdığını qeyd edib.
İclasda Vəftiz yerinə bitişik ərazilərin inkişafı üzrə Fondun həyata keçirməyi planlaşdırdığı bir sıra layihələr də nəzərdən keçirilib. Bunların arasında xristian zəvvarlar və digər ziyarətçilər üçün vahid kompleks şəklində kəndin salınması, İsa Məsihin Vəftizinə həsr olunmuş muzeyin yaradılması, yaşıllıq dəhlizinin salınması və ərazinin infrastrukturunun təkmilləşdirilməsi nəzərdə tutulur.
İştirakçılar yubileyin əhəmiyyətinə layiq səviyyədə hazırlığın təmin edilməsi üçün ayrı-ayrı istiqamətlər üzrə ixtisaslaşmış alt komitələrin yaradılmasının, həmçinin işlərə ekspert və mütəxəssislərin cəlb edilməsinin vacibliyini vurğulayıblar.
2030-cu ildə İsa Məsihin Vəftizinin İkinci Minilliyinin qeyd olunmasına hazırlıq üzrə Milli Komitəyə İordaniyanın Baş naziri sədrlik edir. Komitənin tərkibinə Hökumət Kommunikasiyaları, Daxili İşlər, Rəqəmsal İqtisadiyyat və Sahibkarlıq, həmçinin Turizm və Qədim Abidələr nazirləri daxildir.
Komitədə, həmçinin, İordaniya Yunan Pravoslav arxiyepiskopu Xristoforos Atallah, İordaniyada Latın Patriarxının vikarisi arxiyepiskop İyad Tval, Anqlikan arxiyepiskopu Hossam Naum, Yevangelik Lüteran Kilsəsinin sabiq yepiskopu Munib Yunan, Vəftiz Yerinin İnkişafı Fondunun Himayəçilər Şurasının sədri, Vəftiz Yeri Komissiyasının baş direktoru, İordaniya Turizm Şurasının baş direktoru, Nadim Əl-Muaşer, Osama İmsih və Basem Fərrac təmsil olunurlar.