Kardinal Parolin Müqəddəs Aqata kafedral kilsəsində Kardinal Parolin Müqəddəs Aqata kafedral kilsəsində   (@Basilica Cattedrale Sant'Agata_Catania)

Kardinal Parolin dünyada təqib olunan xristianlar üçün dua edib

Siciliyanın Kataniya şəhərində Müqəddəs Aqatanın mübarək qalıqlarının köçürülməsinin 900 illiyi münasibətilə keçirilən təntənəli Messada imanlılara vəz ilə müraciət edən kardinal Pietro Parolin dünyanın müxtəlif ölkələrində təqiblərə məruz qalan çoxsaylı xristianlar üçün dua etməyə çağırıb.

Antonella Palermo tərəfindən

Müqəddəs Taxt-Tacın Dövlət Katibi kardinal Pietro Parolin avqustun 17-də Müqəddəs Aqataya həsr olunmuş Yubiley tədbirlərinin yekununda keçirilən Messaya başçılıq edib.

Müqəddəs Aqataya həsr olunmuş kafedral kilsədə keçirilən Yevxaristiya ayini onun mübarək qalıqlarının Konstantinopoldan Kataniyaya köçürülməsinin 900 illiyinə həsr olunub.

Kardinal Parolin, «Siciliyanın bu sevimli diyarına» Papanın xeyir-duasını və məhəbbətini çatdırıb. Papa da öz himayədar müqəddəslərinə qədimdən gələn ehtiram ətrafında birləşən sakinlərin sevincinə mənən qoşulub.

Kardinal vurğulayıb: «Bu ildönümünü qeyd etməklə biz, Rəbbin əsrlər boyu Öz Kilsəsinə sadiq qaldığını, sınaq zamanlarında Ona dayaq olduğunu, çətinliklər içində Onu saflaşdırdığını və müqəddəslərin şəhadəti vasitəsilə Onu daim yenidən çiçəkləndirdiyini etiraf edirik».

Öz vəzində Müqəddəs Taxt-Tacın Dövlət Katibi imanlılara müraciət edərək «dünyanın müxtəlif yerlərinə səpələnmiş, Rəbbin adı və Onun Müjdəsi uğrunda təqiblərə məruz qalan çoxsaylı qardaş və bacılarımız» üçün dua etməyə çağırıb.

Müqəddəs Messadan sonra şəhərin tarixi mərkəzinin əsas küçələrindən bəziləri boyunca Müqəddəs Aqatanın mübarək qalıqları ilə yürüş keçirilib.

Keçmişin muzeylərində qalmayan müqəddəslik

«Müqəddəs Aqata yalnız Kataniyanın tarixinə aid deyil: o, Allahın bu gününə aiddir və öz xalqı ilə birlikdə yol getməyə davam edir», – deyə kardinal Parolin bildirib.

Müqəddəs Avqustindən və Tertulliandan sitat gətirən kardinal şəhidlərin əhəmiyyətini xatırladıb. Hippolu Müqəddəs Avqustinin öyrətdiyi kimi, şəhidləri yalnız çəkdikləri əzablara görə deyil, hər şeydən əvvəl sonadək sədaqətlə dözdüklərinə görə mədh etmək lazımdır. Karfagenli xristian apologeti Tertullian isə belə izah edirdi: «Şəhidlərin qanı məğlubiyyət əlaməti deyil, Kilsənin daim yenidən çiçəkləndiyi toxumdur».

Buna görə də Papanın nümayəndəsi imanlıları bu gün də imanımıza ilham verə bilən bir qadın kimi Müqəddəs Aqataya nəzər salmağa çağırıb. Çünki o, «keçmişin muzeylərində qalmayan, əksinə, bu gün də iman, ümid və məhəbbət doğurmağa davam edən müqəddəsliyi» özündə təcəssüm etdirir.

Hər şey itirilmiş kimi görünsə də, Allah sadiq qalır

Kardinal Parolin həmin günün liturgiyasında oxunan Müqəddəs Kitab parçalarını - yeddi Makkabi qardaşının və onların anasının şəhidliyi haqqında hekayəni, eləcə də Həvari Paulun məktubunu şərh edərək vurğulayıb ki, Məsihə mənsubluq insanı güzəştə getmək sınağından daha yüksəyə qaldırır.

Bu həqiqət Müqəddəs Aqatanın həyatında aydın şəkildə təzahür edib. Onun şəhidliyi «hər şeydən əvvəl məruz qaldığı zorakılığın hekayəsi deyil, heç bir zorakılığın söndürə bilmədiyi məhəbbətin təzahürüdür». Eyni həqiqəti anlaşılmazlıq, təqiblər və insan zəifliyi ilə üzləşməsinə baxmayaraq, «heyrətamiz bir daxili aramlıqla Məsihi bəyan etməyə» davam edən Həvari Paulun həyatında da görmək mümkündür.

Qüdrət insana deyil, Allaha məxsusdur

Kardinal Parolin daha sonra düşüncələrini Kilsənin özünə yönəldərək izah edib ki, Kilsə «öz səmərəliliyi sayəsində deyil, Allahın lütfü ilə yaşayır; o, üzvlərinin bacarıqları üzərində deyil, insan zəifliyi vasitəsilə fəaliyyətini davam etdirən Rəbbin sədaqəti üzərində qurulub».

Daha sonra kardinal bütün Müqəddəs Yazı boyunca səslənən çağırışı xatırladıb: «Qorxmayın». «Bu, sadəcə psixoloji təsəlli deyil, xristian həyatımızın təməlidir. İsa bizə sınaq və əzablardan azad bir həyat vəd etmir; O, bundan qat-qat böyük bir şey vəd edir».

Ardınca kardinal Parolin dünyanın bir çox yerlərində təqiblərə məruz qalan xristianlardan danışıb: «Buna görə də gəlin bu anda dünyanın müxtəlif guşələrinə səpələnmiş, Rəbbin adı və Onun Müjdəsi uğrunda təqib olunan bütün qardaş və bacılarımızı xatırlayaq və onlar üçün dua edək». «Lakin unutmayaq ki, bizim də çağırıldığımız qansız bir şəhidlik var», – deyə kardinal əlavə edib.

Gündəlik müqəddəslik, sədaqət şəhidliyi

Beləliklə, Məsihə olan qeyd-şərtsiz məhəbbəti ifadə etməyin iki yolu var: qanlı şəhidlik və bəlkə də daha az nəzərə çarpan, lakin hər bir insanın gündəlik həyatında yaşaya biləcəyi «gündəlik sədaqət şəhidliyi», – deyə kardinal Parolin bildirib.

Nümunə olaraq o, çətinliklər içində belə məhəbbətlərinə sadiq qalan həyat yoldaşlarını; övladlarını xristian imanında böyüdən valideynləri; zahiri görünüşə və görüntüyə üstünlük verən mədəniyyətə boyun əyməyən gəncləri; həyatlarını səxavətlə xidmətə həsr edən keşişləri, rahib və rahibələri; çəkdikləri əzabları etibarla Allaha təqdim edən yaşlı insanları, eləcə də hər gün səssizcə güzəşt əvəzinə ədaləti, rahatlıq əvəzinə həqiqəti, qisas əvəzinə isə bağışlamağı seçən bütün insanları göstərib.

Müqəddəs Taxt-Tacın Dövlət Katibinin vurğuladığı kimi, məhz bu, İkinci Vatikan Məclisinin bəhs etdiyi gündəlik həyatın müqəddəsliyidir.

Şərə daha böyük şərlə qalib gəlmək olmaz

Sonda kardinal Parolin qeyd edib ki, Kataniya son dərəcə zəngin iman, mədəniyyət, xalq təqvası və xeyriyyəçilik irsinə malikdir. Bu irs nə israf edilməli, nə də bəhrəsiz hala gətirilməlidir; əksinə, qorunmalı və bəhrə verməsi üçün gələcək nəsillərə ötürülməlidir.

Şərə daha böyük şərlə deyil, tarixi daxildən dəyişdirən və Çarmıxdan doğan məhəbbətlə qalib gəlmək olar - müqəddəslərin bizə öyrətdiyi bu həqiqəti daim göz önündə saxlamaqla, bu diyarın üzləşdiyi yoxsulluq və bərabərsizlik, gələcəklərini başqa yerlərdə axtarmağa məcbur olan çoxsaylı gənclərin ağır vəziyyəti, ailələrin qarşılaşdığı çətinliklər, eləcə də maddi və mənəvi yoxsulluğun yeni formaları və digər çoxsaylı çətinliklərə qarşı durmaq mümkün olacaq.

18 avqust 2026, 15:49