Papanın səsi siyasətin deyil, İncilin səsidir
Andrea Tornielli tərəfindən
Müqəddəs Peterin Xələfi müharibə və sülh, miqrasiya və ya süni intellekt dövründə insan olaraq qalmağın yolları haqqında danışarkən belə, hər şeydən əvvəl ruhani Çoban olaraq qalır. 1929-cu ildə «Roma məsələsi»nə son qoyan Lateran sazişlərinə əsasən Roma Yepiskopu eyni zamanda İtaliyanın paytaxtının mərkəzində, yarım kvadrat kilometrdən də kiçik ərazidə yerləşən dünyanın ən kiçik dövlətinin başçısıdır. Lakin bu, onun bəşəriyyətin taleyi ilə bağlı məsələlərə münasibət bildirərkən siyasətçi kimi çıxış etdiyi və ya siyasi baxımdan danışdığı anlamına gəlmir.
Papa VI Pavel bunu 4 oktyabr 1965-ci ildə BMT Baş Assambleyasında etdiyi tarixi çıxışında çox dəqiq ifadə etmişdi: «Hamınıza məlum olduğu kimi, bu toplantının iki xüsusiyyəti var: o, eyni zamanda həm sadədir, həm də möhtəşəmdir. Sadədir, çünki qarşınızda danışan da sizin kimi bir insandır. O, sizin qardaşınızdır və hətta suveren dövlətləri təmsil edən sizin aranızda ən kiçiklərdən biridir. Çünki əgər bu baxımdan yanaşmaq istəsəniz, onun malik olduğu dünyəvi hakimiyyət son dərəcə kiçik və demək olar ki, rəmzi xarakter daşıyır. Bu hakimiyyət yalnız onun ruhani missiyasını tam azad şəkildə yerinə yetirməsi və onunla əlaqədə olan hər kəsin onun bu dünyanın heç bir hakimiyyətindən asılı olmadığına əmin olması üçün zəruri olan minimumdur». ABŞ-a səfəri zamanı Papa həmin fikrini belə davam etdirdi: «Onun dünyəvi hakimiyyəti yoxdur və sizinlə rəqabət aparmaq kimi bir niyyəti də yoxdur. Əslində biz sizdən heç nə istəmirik, qarşınıza heç bir tələb qoymuruq. Yalnız bir istəyimiz var: bizə imkan verin ki, öz səlahiyyətimiz çərçivəsində, təmənnasızlıq, təvazökarlıq və məhəbbətlə sizə xidmət edək».
Doğrudur, Məsihin Vikarisinin tam müstəqilliyini təmin etmək üçün təxminən bir əsr əvvəl Roma Yepiskopunun və Ümumdünya Kilsəsinin Çobanının eyni zamanda dövlət başçısı olduğu kiçik bir dövlət yaradıldı. Lakin bu qərarın məqsədi ona ikinci bir missiya vermək deyil, məhz onun hər hansı dövlətin təsirindən tam azad olmasını təmin etmək idi və bu qərər bu gün də həmin məqsədə xidmət edir. Buna görə də Papanın dövlət başçısı kimi rolunu şişirtmək, ona həddindən artıq önəm vermək və ya bu statusu ön plana çıxarmaq yanlışdır. Çünki bu yanaşma onun yeganə həqiqi missiyasını - Ümumdünya Kilsəsinin Ali Çobanı olmaq missiyasını kölgədə qoyur. O isə katoliklərə, bütün xristianlara, imanlı insanlara və bütün xoşməramlı insanlara yalnız bir məqsədlə müraciət edir: İncili, yəni məhəbbətin, qardaşlığın və «silahsız və silahsızlaşdıran» sülhün müjdəsini bəyan etmək.
Bu həqiqəti o dövrdə Milan arxiyepiskopu olan kardinal Covanni Battista Montini də II Vatikan Məclisinin açılışı ərəfəsində, 10 oktyabr 1962-ci ildə Romanın Kapitoliy meydanında etdiyi çıxışında xüsusi vurğulamışdı. Gələcək Papa VI Pavel 1870-ci ildə Papa Dövlətinin süqutu ilə Kilsənin dünyəvi hakimiyyətinin sona çatmasından danışaraq demişdi: «Məhz o vaxt Papalıq öz həqiqi missiyasını yeni qüvvə ilə davam etməyə başladı: həyat müəllimi və İncilin şahidi olmaq missiyasını. Bunun sayəsində o, Kilsənin ruhani rəhbərliyi və dünyaya mənəvi təsiri baxımından tarixdə görünməmiş yüksəkliklərə çatdı».
İnsan həyatının başlanğıcından təbii sonuna qədər toxunulmaz olduğunu müdafiə edərkən, bütün xalqların rifahını nəzərə alaraq sülhə çağırarkən, silahlanma yarışının mənasızlığına son qoyulmasını istəyərkən və hətta «ədalətli müharibə» anlayışını aşan bir baxış irəli sürərkən; Kilsənin sosial təliminə əsaslanaraq dialoqa və danışıqlara çağırarkən; miqrantların hər şeydən əvvəl insan olduğunu, onların ləyaqətinin qorunmalı və qəbul edilməli olduğunu xatırladarkən; yoxsulların İncilin mərkəzində dayandığını vurğulayaraq daha ədalətli və daha bərabərhüquqlu cəmiyyətlərin qurulmasına səsləyərkən; din azadlığını müdafiə edərkən; yaradılışın qorunmasının vacibliyini xatırladaraq onu gələcək nəsillərə sağlam şəkildə ötürməyə çağırarkən Müqəddəs Peterin Xələfi dövlət başçısı kimi danışmır. O, sadəcə İncili bəyan edir.