Axtar

Tajani alla presentazione del libro di Antonio Preziosi

Kardinal Parolin: “Divarlara - yox, körpülərə - hə!”

İtaliyalı jurnalist Antonio Pretsiozinin “Sülhün Pasxası. XXIII İoanndan XIV Leoya qədər - 2033-cü ilin Yubileyinə doğru” adlı kitabının təqdimatı çərçivəsində jurnalistlərin suallarını cavablandıran Müqəddəs Taxt-Tacın Dövlət katibi Kardinal Pietro Parolin İranla danışıqlara və dialoqa qayıdılacağına ümid etdiyini bildirib. Onun sözlərinə görə, bu, həm İranın, həm də bütün dünyanın rifahı naminə zəruridir. Kardinal Qəzza ilə bağlı da dialoqun bərpa olunmasının vacibliyini vurğulayıb.

Edoardo Giribaldi tərəfindən

“Təəssüf ki, mənə elə gəlir ki, biz əks istiqamətdə irəliləyirik: gərginlik getdikcə artır, sülhə dair ümidlər isə hələ də görünmür”.

Müqəddəs Taxt-Tacın Dövlət katibi kardinal Pietro Parolin iyulun 22-də Romadakı Borromeo sarayında yerləşən Müqəddəs Taxt-Tac yanında İtaliya Respublikasının Səfirliyində keçirilən italiyalı jurnalist Antonio Pretsiozinin “Sülhün Pasxası. XXIII İoanndan XIV Leoya qədər - 2033-cü ilin Yubileyinə doğru” adlı kitabının təqdimatı zamanı jurnalistlərin suallarını cavablandırarkən bu fikirləri səsləndirib.

Ukraynadakı müharibənin gedişatını şərh edən kardinal Parolin bildirib ki, Müqəddəs Taxt-Tacın Dövlətlərlə və Beynəlxalq Təşkilatlarla Əlaqələr üzrə katibi, arxiyepiskop Pol Riçard Qallaherin Ukraynadan yenicə qayıtdıqdan sonra verdiyi məlumata əsasən, “bazar günündən bazar ertəsinə keçən gecə müharibənin ən ağır hücumlarından biri baş verib.”

İranla danışıqların bərpasına çağırış

İranla bağlı vəziyyəti şərh edən kardinal Pietro Parolin qeyd edib ki, əvvəllər qüvvədə olan anlaşma memorandumu artıq öz hüquqi qüvvəsini itirib və bu ölkədə cərəyan edən hadisələrin inkişafının ciddi narahatlıq doğurduğunu bildirib.

“Bunun necə nəticələnəcəyini bilmirəm. Düşünürəm ki, bunu çox az adam bilir, bəlkə də heç kim”, – deyə kardinal vurğulayıb. O, vaxtilə imzalanmış razılaşmanın müsbət nəticə verəcəyinə ümid bəsləndiyini də xatırladıb.

Kardinal Parolin danışıqların yenidən başlanacağına və uzunmüddətli razılığın əldə olunacağına ümid etdiyini bildirib. Onun sözlərinə görə, bu, “həm İranın, həm də bütün dünyanın rifahı naminə” vacibdir, çünki “belə vəziyyətlər sülhü ciddi təhlükə altına qoyur.”

“Divarlara - yox, körpülərə - hə!”

Jurnalistlərin İtaliya hərbçilərinin Qəzza zolağında divar inşa etməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirməsi xahişinə cavab olaraq kardinal Parolin Müqəddəs Taxt-Tacın mövqeyini bir daha təsdiqləyib. “Biz bunu qısa bir şüarla ifadə edə bilərik: divarlara -  yox, körpülərə - hə”, – deyə kardinal bildirib. O vurğulayıb ki, bu prinsip Vatikanın sözügedən təşəbbüsə münasibətini də əks etdirir.

“Zorakılıq heç vaxt xoş bəhrə verməz”

Kardinal Parolin İtaliyanın Bolonya şəhərində polis əməkdaşlarının saxladığı Əbdürrəhim Fəqirin həyatını itirməsindən sonra baş verən iğtişaşlara da münasibət bildirib və baş verən hadisədən dərin kədər hissi keçirdiyini ifadə edib.

“Ümid edirəm ki, həqiqət tam şəkildə üzə çıxarılacaq”, – deyə kardinal bildirib. O vurğulayıb ki, hadisə ilə bağlı bütün zəruri araşdırmalar “sakit və təmkinli şəraitdə, heç bir zorakılığa yol verilmədən” aparılmalıdır.

“Zorakılıq heç vaxt xoş bəhrə verməz”, – deyə kardinal Parolin əlavə edib.

Kilsənin sülhün təşviqində rolu

Sonda kardinal Parolin Kilsənin dialoqu və sülhü təşviq etmək missiyasına sadiq qaldığını bir daha vurğulayıb. O, bu fikirləri 2021-ci ildə mağazasına silahlı basqın edən iki qulduru öldürdüyünə və üçüncü şəxsi yaraladığına görə məhkum edilən italiyalı zərgər Mario Roceronun işi ilə bağlı İtaliyada ictimai müzakirələrdə səslənən sərt bəyanatlar fonunda səsləndirib.

“Kilsə insanlara fayda verə biləcək sözləri söyləməyə davam edir”, – deyə kardinal bildirib. O, İncilin Əkinçi məsəlini xatırladaraq bu sözlərin “öz bəhrəsini verəcəyinə” ümid etdiyini ifadə edib.

“Kilsə bu çağırışı təkrarlamaqdan heç vaxt yorulmur”, – deyə kardinal Parolin sözlərini yekunlaşdırıb. “Hansı nəticələrin əldə olunmasından asılı olmayaraq, dinc və sağlam birgəyaşayış üçün həyati əhəmiyyət daşıyan bu dəyərləri israrla müdafiə etməyə davam etmək lazımdır.”

Kilsənin sülh missiyası üzərində düşüncələr

Kardinal Pietro Parolin Antonio Pretsiozinin “Sülhün Pasxası. XXIII İoanndan XIV Leoya qədər - 2033-cü ilin Yubileyinə doğru” adlı kitabının təqdimatında çıxış edən məruzəçilərdən biri olub. O, II Vatikan Məclisindən sonrakı papalar dövründə Kilsənin sülh naminə göstərdiyi ardıcıl səylər barədə fikirlərini bölüşüb.

Kardinal qeyd edib ki, Müqəddəs Peterin varislərini bir-birinə bağlayan mənəvi bir “estafet” mövcuddur. Onun sözlərinə görə, hər bir Papa öz sələflərinin irsini davam etdirərək sözləri və dialoq, barışıq və sülh naminə atdığı konkret addımlarla beynəlxalq harmoniyanın böyük “mozaikasına” yeni bir parça əlavə edib.

Kardinal Parolin Müqəddəs XXIII İoannın “Pacem in terris” ensiklikasını, Müqəddəs VI Pavelin “Bir daha müharibə olmasın!” çağırışını, Papa Fransiskin dünyada baş verən hadisələri “hissə-hissə aparılan dünya müharibəsi” kimi səciyyələndirməsini və Papa XIV Leonun “Müharibə heç vaxt insanlığa layiq deyil” sözlərini xatırladaraq vurğulayıb ki, Kilsə bundan sonra da onun ifadə etdiyi kimi “Sülhün Pasxasını” təşviq etməyə davam etməlidir.

Kardinal, həmçinin, Antonio Pretsiozinin kitabının ekumenik əhəmiyyətini xüsusi qeyd edib. O bildirib ki, 2033-cü ildə qeyd olunacaq Fövqəladə Yubileyə aparan yol xristianlar arasında birliyin daha da möhkəmlənməsinə, eləcə də dialoq, diplomatiya və barışıq vasitəsilə mövcud parçalanmaların aradan qaldırılması istiqamətində səylərin güclənməsinə töhfə verə bilər.

23 iyul 2026, 14:34