2025.10.24 I salesiani Jan Świerc e 8 compagni martiri

II İoann Pavelin gənc ikən tanıdığı salezianlar Polşada beatifikasiya ediləcəklər

İkinci Dünya Müharibəsi illərində alman nasistləri tərəfindən qətlə yetirilmiş doqquz salezian iyunun 6-da Krakov şəhərindəki Müqəddəs II İoann Pavel kilsəsində beatifikasiya olunacaqlar (mübarək elan olunma). Gələcək Roma Papası II İoann Pavel həmin keşişlərdən bəzilərinin həbsinə şahid olmuşdu. Hesab edilir ki, onların iman uğrunda göstərdikləri şahidlik və keşişlik xidmətinə sədaqətləri onun öz ruhani çağırışının formalaşmasına müəyyən təsir göstərmişdir.

Ata Lukaş Bankovski tərəfindən – Vatikan

Bu doqquz salezian şəhid pastoral və təhsil fəaliyyətləri ilə məşğul idilər. İkinci Dünya Müharibəsi başlayanda onlar yalnız katolik ruhaniləri olduqları üçün həbs edildilər. Heç bir siyasi və ya hərbi fəaliyyətdə iştirak etməmişdilər, lakin nasist rejimi onların xidmətini təhlükə kimi qiymətləndirirdi.

Gələcəyin mübarəkləri Toplama düşərgələrində öz çağırışlarına sadiq qaldılar. Aclıq, alçaldılma və işgəncələrə baxmayaraq, onlar digər məhbuslara dəstək göstərməyə, dua etməyə və imanlarına şahidlik etməyə davam etdilər. Kilsə onların şəhidliyini “odium fidei” - yəni imana nifrət səbəbindən öldürülmək kimi qəbul edib.

Təntənəli mərasimin təşkilatçıları vurğuladılar:

“Bu beatifikasiya, onların Allaha olan və zorakılıq, qorxu və ölümdən daha güclü olduğunu sübut edən fədakarlığının ictimai şəkildə tanınmasıdır. Totalitar nifrət reallığında onlar Məsihə, Kilsəyə və salezian çağırışlarına sonadək sadiq qaldılar”.

II İoann Pavellə sıx bağlı olan bir məkan

Beatifikasiya mərasimi Krakovdakı Müqəddəs II İoann Pavel kilsəsində baş tutacaq. Bu məkanın seçilməsi dərin tarixi və mənəvi əhəmiyyət daşıyır.

Müharibə dövründə Krakovun Dembniki rayonunda yaşayan gənc Karol Voytıla doqquz saleziandan altısının həbsinin şahidi olmuşdu. Almanlar daha sonra onları Daxau toplama düşərgəsinə sürgün etdilər və bu təcrübə gələcək papanın həyatında dərin iz buraxdı. Bu, onun keşişlik çağırışının yetkinləşməsinə təsir edən əsas hadisələrdən biri oldu.

“Keşişlik çağırışının Müqəddəs II İoann Paveldə məhz onların şəhidliyinin təsiri ilə formalaşdığına qəti şəkildə inanıram”, – deyə Krakov arxiyepiskopu Kardinal Qjeqoj Rış bildirib.

Kardinalın sözlərinə görə, gənc Voytıla keşişlərin yoxluğunun nə demək olduğunu və Kilsə icmasının öz ruhani çobanlarından məhrum qalmasının necə böyük itki olduğunu şəxsən yaşamışdı.

Yeni çağırışlar üçün dua

Kardinal Rış ümid etdiyini bildirdi ki, beatifikasiya təkcə iman qəhrəmanlarının xatirəsi üçün deyil, həm də yeni keşişlik və rahiblik çağırışları üçün bir duaya çevriləcək.

“Qoy bu mərasim keşişlik və rahiblik çağırışları üçün böyük duamıza çevrilsin. Bu gün onlara çox ehtiyacımız var. Çox gözəl olardı ki, bu doqquz şəhidin şahidliyi başqalarını da onların yolunu izləməyə dəvət etsin”, – deyə o vurğulayıb.

Ata Yan Şvyerts, Ata İqnasi Antonoviç, Ata Karol Qolda, Ata Vladislav Şembek, Ata Frantişek Harazim, Ata Ludvik Mroçek, Ata İqnasi Dobyaş, Ata Kazimyej Voyçexovski və Ata Frantişek Mişka 1941–1942-ci illərdə Alman nasistlərinin Auşvits və Daxau toplama düşərgələrində şəhid olublar.

Roma Papası XIV Leo 24 oktyabr 2025-ci ildə onların şəhidliyini tanıyan fərmanı təsdiqləmişdi.

Doqquz salezianın beatifikasiyası təkcə İkinci Dünya Müharibəsi şəhidlərinin xatirəsini ehtiramla anmayacaq, həm də inananlara xatırladacaq ki, imana şəhadət və insanın öz çağırışına sadiqliyi gələcək xristian nəsilləri üçün ümid mənbəyi olaraq qala bilər.

06 iyun 2026, 13:12