Vatikan Şəhər-Dövlətinin Qubernatorluğu ilə Heydər Əliyev Fondu arasında yeni sazişin imzalanması, 30 aprel 2026, Vatikan Vatikan Şəhər-Dövlətinin Qubernatorluğu ilə Heydər Əliyev Fondu arasında yeni sazişin imzalanması, 30 aprel 2026, Vatikan  

Vatikan–Azərbaycan əməkdaşlığında yeni mərhələ: Müqəddəs Paul Bazilikasında bərpa layihəsi

Vatikan Şəhər-Dövlətinin Qubernatorluğu ilə Heydər Əliyev Fondu arasında Romanın Müqəddəs Paul Bazilikasında (“Şəhər divarları xaricində”) bərpa işlərinə dair yeni mühüm saziş imzalanıb.

Toral Ağayev tərəfindən

Yeni layihə: müqəddəs heykəllərin bərpası

Yeni müqavilə çərçivəsində həyata keçiriləcək işlər xüsusilə dörd iri heykəli əhatə edir. Bunlara bazilikanın daxili hissəsində yerləşən ali-həvarilər Müqəddəs Paul və Müqəddəs Peter heykəlləri, eləcə də xarici həyətində (quadriportico) yerləşən Müqəddəs Paul və Müqəddəs Luka heykəlləri daxildir.

Layihə bütün dörd heykəlin bərpasını və təmizlənməsini nəzərdə tutur, onların ilkin estetik və tarixi xüsusiyyətlərinin qorunmasına yönəlib. Bu işlər konservasiya və elmi-bərpa yanaşmalarının vəhdətini təmin edəcək.

Kardinalla birlikdə yerində baxış və qiymətləndirmə

Layihənin təqdimatı çərçivəsində bazilika kompleksinə ziyarət təşkil olunub.

Bazilikanın baş keşişi, kardinal Ceyms Harvi Azərbaycanın davamlı töhfələrini yüksək qiymətləndirərək vurğulayıb ki, bu təşəbbüslər bazilikaya təhlükəsiz və davamlı ziyarətlərin təmin olunmasına mühüm dəstək verir. O qeyd edib ki, görülən işlər həm ziyarətçilərin təhlükəsizliyi, həm də tarixi abidənin qorunması baxımından xüsusi əhəmiyyət daşıyır.

Kardinal Ceyms Harvi və Anar Ələkbərov Müqəddəs Paul Bazilikasında
Kardinal Ceyms Harvi və Anar Ələkbərov Müqəddəs Paul Bazilikasında

Güclü əməkdaşlıq

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu Vatikanla mədəni irsin qorunmasına yönəlmiş bir sıra layihələr həyata keçirib.

Əvvəlki mühüm təşəbbüslərə Kommodilla katakombalarının bərpası, Müqəddəs Marsellin və Peter katakombalarında, eləcə də Müqəddəs Sebastyan katakombalarında konservasiya işləri daxildir. Bundan əlavə, Müqəddəs Peter Bazilikasında “Papa Leo ilə Attilanın görüşü”-nü əks etdirən barelyefin bərpasına da dəstək göstərilib.

Yubiley ili və əvvəlki razılaşmaların davamı

Bütün katolik dünyası tərəfindən 2025-ci ildə qeyd edilən Yubiley ili çərçivəsində Müqəddəs Paul Bazilikasında mərmər örtüklərin və dekorativ elementlərin qorunmasına dair daha əvvəl də saziş imzalanmışdı.

Romanın "Şəhər divarları xaricində" Müqəddəs Paul Bazilikası
Romanın "Şəhər divarları xaricində" Müqəddəs Paul Bazilikası

Müasir texnologiya və elmi yanaşma

Bərpanın yeni mərhələsində lazer təmizləmə, bioloji və ekoloji baxımdan təhlükəsiz konservasiya üsulları, bəzi hallarda isə nanotexnologiyanın tətbiqi kimi qabaqcıl texnologiyalardan istifadə olunacaq. Bu metodlar artıq Vatikan ərazisində həyata keçirilmiş əvvəlki layihələrdə öz effektivliyini sübut edib.

Bu yanaşma tarixi materialların qorunmasını təmin etməklə yanaşı, onların gələcək nəsillər üçün saxlanmasına xidmət edir.

Müqəddəs məkan

Müqəddəs Paul Bazilikası Roma şəhərində yerləşən dörd böyük Papa Bazilikalarından biridir. Ölçüsünə görə o, Müqəddəs Peter Bazilikasından sonra ikinci ən böyük kilsə sayılır.

Bu məkan xristian dünyası üçün böyük ruhani və tarixi əhəmiyyət daşıyır və hər il minlərlə zəvvarı və ziyarətçini cəlb edir.

İmzalanma mərasimi

İmzalanma mərasimində Vatikan Şəhər-Dövləti Qubernatorluğunun baş katibi rahibə Raffaella Petrini, Azərbaycan Respublikası Prezidentinin köməkçisi və Fondun icraçı direktoru Anar Ələkbərov, həmçinin Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfiri İlqar Muxtarov iştirak ediblər. Bu iştirak iki tərəf arasında əməkdaşlığın ardıcıl şəkildə möhkəmləndiyini bir daha nümayiş etdirir.

01 may 2026, 08:41