İncilə birlik vasitəsilə şahidlik etmək
Andrea Tornielli tərəfindən
Papa XIV Leonun fəaliyyətinin ilk ilində ən çox vurğuladığı iki əsas mövzu sülh və Kilsənin birliyi olub. Mənasız münaqişələrin artması və beynəlxalq hüququn tədricən zəifləməsi fonunda sülh bu gün ən vacib prioritetlərdən birinə çevrilmişdir. Eyni zamanda, Kilsənin birliyi Çikaqoda doğulmuş və sonradan Peruda missioner kimi xidmət etmiş Roma Yepiskopunun bütün magisteriumundan qırmızı xətt kimi keçən əsas mövzulardan biridir.
Papa Leonun Məsihə iman edənlərin birliyi ilə bağlı çağırışlarını davamlı şəkildə təkrarlaması xüsusi əhəmiyyət daşıyır və bu, heç də “normallıq” tələbi və ya fərqləri zəiflədən, ziddiyyətləri isə yumşaldıb arxa plana keçirən zahiri sakitlik arzusu ilə bağlı deyil.
Papa bu məsələni 7 yanvar 2026-cı il tarixində keçirilən Fövqəladə Konsistoriya zamanı kardinallara etdiyi müraciətində aydın şəkildə izah etdi; həmin vaxt o, özündən əvvəlki papaların da qəbul etdiyi konsilyar baxış bucağını təqdim etdi və mərhum Papa XVI Benediktin Braziliyada dediyi bu sözləri misal gətirərək 'cazibə' mövzusundan danışdı.
Benedikt deyirdi: “Kilsə prozelitizmlə məşğul olmur. Əksinə, o, ‘cazibə’ vasitəsilə böyüyür: necə ki, Məsih çarmıx qurbanında zirvəyə çatan məhəbbətinin qüdrəti ilə ‘hamını Özünə cəlb edir’, eləcə də Kilsə öz missiyasını yalnız o zaman yerinə yetirir ki, Məsihlə birlik içində, Rəbbinin məhəbbətini ruhən və əməli şəkildə təqlid edir”.
Papa Leo, sələfi Fransiskin “bu fikirlə tam razı olduğunu və onu müxtəlif şəraitlərdə dəfələrlə təkrarladığını” xatırladıqdan sonra əlavə edib: “Bu gün mən böyük sevinclə həmin mövzuya yenidən qayıdır və onu sizinlə bölüşürəm. Mən sizi Papa Benediktin bu cəlbetmə hərəkətini yönləndirən ‘qüvvə’ kimi göstərdiyi həqiqətə diqqətlə yanaşmağa dəvət edirəm. Həqiqətən də, bu qüvvə “xaris” – mərhəmətdir, “aqape” – fədəkar sevgidir, İsa Məsihdə təcəssüm etmiş Allah məhəbbətidir...”
Həmin çıxışında Papa XIV Leo vurğulamışdı ki, “Məsihin sevgisi bizi irəli aparır”. O demişdi: “Məsihin sevgisi bizi irəli aparır, çünki o bizi əhatə edir, özünə cəlb edir və tamamilə bürüyür. İnsanları Məsihə cəlb edən qüvvə məhz budur... Birlik cəlb edir, bölünmə isə dağıdır. Mənə elə gəlir ki, bunu həm mikroskopik, həm də makroskopik səviyyədə fizika da təsdiqləyir. Buna görə də həqiqətən missioner olan, Məsihin sevgisinin cazibədar qüvvəsinə şahidlik edə bilən bir Kilsə olmaq üçün ilk növbədə Onun şagirdlərinin ayaqlarını yuduqdan sonra bizə verdiyi yeganə əmri həyata keçirməliyik: ‘Mən sizi necə sevdimsə, siz də bir-birinizi elə sevin.’”
İsanın bu məsələ ilə bağlı sözləri missiyanın qəlbində olanı göstərir: "Əgər bir-birinizə məhəbbətiniz olarsa, hamı bundan biləcək ki, siz Mənim şagirdlərimsiniz.”
Beləliklə, Kilsənin birliyi lütf vasitəsilə qardaş və bacılarla yeni münasibətlərdə yaşamaq qabiliyyətində təzahür edir. O, bir-birini sevmək və bağışlamaq bacarığında özünü göstərir, həqiqi xristian təcrübəsində hər bir fərqlilik və parçalanmadan üstün olan vəhdətin parlamasına imkan verir.
Xristian icması məhz belə yaşadığı zaman cəlbedici olur. O, yalnız özünə qapanmadıqda, öz işığı ilə parladığını düşünmədikdə və reklam agentliklərinin marketinq strategiyalarını təqlid etmədikdə cəlb edir. O, ideoloji qütbləşməni qızışdırmadığı zaman həqiqi mənada cəlbedici olur.
Xristian icması, öz birliyi vasitəsilə Başqasının nurunu əks etdirdiyi zaman cəlb edir və beləliklə missioner olur; çünki o, əvvəlcə özü Məsihlə qarşılaşmada qəbul etdiyi və hər gün qəbul etməyə davam etdiyi mərhəmət qucağını başqalarına da təqdim etməyi bacarır.
Kilsənin birliyi nə eyniləşmədir, nə də sadəcə sakit yanaşı mövcudluqdur. O, bizi əhatə edən və hər yerə yayılmaq istəyən məhəbbətin bəhrəsidir: fərdi özünüönə çıxarma üzərində birlik ruhunu, parçalanma üzərində ünsiyyəti, təkəbbür üzərində həlimliyi, təəssüf ki, rəqəmsal dünyanın böyük hissəsini bürümüş nifrət dili üzərində isə sülh sözlərini üstün tutan məhəbbətin bəhrəsidir
Kilsənin birliyi yalnız xristianlara, hətta təkcə imanlılara aid bir məsələ deyil.
Papa XIV Leo bunu Peter xidmətinin başlanğıcı münasibətilə keçirilən Müqəddəs Messada belə izah etmişdi. O, “barışmış dünya üçün maya ola biləcək birlik və ünsiyyət əlaməti olan vahid Kilsə” ilə bağlı “böyük arzusunu” ifadə edərək dünyanı Məsihə baxmağa, Ona yaxınlaşmağa və “Onun vahid ailəsini” dinləməyə çağırmışdı: “biz bir olan Məsihdə birik”.
Papa vurğulamışdı ki, bu yol yalnız öz aramızda deyil, həm də digər, bacılarımız olan xristian kilsələri ilə, başqa dini yolları izləyənlərlə, Allahı axtaranlarla və bütün xoşməramlı insanlarla birlikdə yürünməlidir ki, sülhün hökm sürdüyü yeni bir dünya qurulsun.
Bəşəriyyət tarixinin bu dramatik çağında, müharibələrin parçaladığı bir dünyada Kilsənin birliyi hamı üçün sülh peyğəmbərliyinə çevrilir.