Axtar

2026.01.31 Cardinale Parolin a Floriana, Malta

Kardinal Parolin: Sülhə çağıran daha çox səsə ehtiyacımız var

Vatikanın Dövlət Katibi kardinal Pietro Parolin İtaliyanın rüblük "Dialoghi" jurnalına verdiyi müsahibədə diplomatiyanın kövrəkliyi, "güclünün məntiqi"-nin yüksəlişi, Birləşmiş Millətlər Təşkilatının əhəmiyyəti və nüvə arsenallarının boşaldılmasının zəruriliyindən bəhs edib.

Benedetta Kapelli tərəfindən

"Sülhün beynəlxalq sazişlərlə deyil, silahlarla və güclülər tərəfindən diktə olunan balansla qorunduğunu düşünmək utopiyadır." İtaliya Katolik Birliyinin mədəniyyət dərgisi olan "Dialoghi"-yə müsahibəsində kardinal Pietro Parolin dünyanı bürüyən böhranlar və müharibələr haqqında fikirlərini bölüşüb.

Onun sözlərində silahlanmaya qarşı kəskin bir tənqid də yer alır.

"Biz qəti şəkildə inanırıq ki, nüvə silahlarından başlayaraq bütün arsenallar boşaldılmalıdır." Kardinal, həmçinin atom silahlarının mərhələli şəkildə azaldılmasına dair sazişlərin yenilənməməsinin "yer üzündə həyatı məhv etməyə qadir olan ölümcül alətlərin istehsalına daha geniş meydan açdığını" vurğulayıb.

"Sülhə çağıran daha çox səsə, silahlanma yarışı divanəliyinə qarşı çıxan daha çox səsə ehtiyac var," — deyə o çağırış edib. "Məzlum qardaş və bacılarımızın xeyrinə ucalan səslərə, yeni iqtisadi modellər üçün daha çox təklifə ehtiyac var — mən, məsələn, Katolik universitetlərini nəzərdə tuturam. Bu modellər pulun bütləşdirilməsinə deyil, ədalətə və ən zəiflərin qayğısına qalmağa əsaslanmalıdır."

Rusiya–Ukrayna müharibəsinin "yarası"

"Hər kəs tərəfindən insaniyyət və məsuliyyət hissinin artmasına ehtiyac var. Bunun əvəzinə, bir çox hallarda yeganə cavabın yenidən silahlanma olduğunu görmək ağrılıdır," — deyə kardinal davam edib.

Müqəddəs Papa II İoann Pavelin birləşmiş Avropa arzusunu xatırladan kardinal Parolin qeyd edib ki, tarix "başqa istiqamətdə gedib və daha azad, daha birgə bir dünya əvəzinə, milyonlarla insanın aclıq, susuzluq, tibbi yardım çatışmazlığı və ləyaqətsiz iş şəraitindən əziyyət çəkdiyi daha qeyri-sabit bir dünya yaranıb."

O, diqqəti xristian Avropasının mərkəzindəki "yara" olan Ukrayna müharibəsinə yönəldib: "Məndə elə bir təəssürat var ki, bu müharibənin Ukraynada törətdiyi fəlakət kifayət qədər dərk olunmur: böyük insan itkisi, şəhərlərin və infrastrukturun məhvi."

Gücün üstünlüyü

Ukraynadan Qəzzaya qədər olan coğrafiyaya toxunan kardinal Parolin qeyd edib: "Bir çox hökumətlər Rusiya tərəfindən Ukrayna mülki vətəndaşlarına edilən raket və dron hücumlarına qarşı qəzəblərini ifadə edərək təcavüzkarlara sanksiyalar tətbiq ediblər. Lakin eyni münasibətin Qəzzanın məhv edilməsi faciəsinə qarşı göstərildiyi görünmür."

O, beynəlxalq hüququn yalnız "əlverişli olduqda" xatırlandığı, digər hallarda isə gözardı edildiyi "ikili standartlar" və "gücün aliliyi" prinsipinə diqqət çəkib.

Dövlət Katibi iddia edir ki, kökdə diplomatiyanın böhranı dayanır. Diplomatiya artıq "lal qalıb, alternativ alətləri işə sala bilmir" və onu güclünün məntiqi əvəz edib. "Görünən odur ki, sülhün dəyəri, müharibə faciəsi və ortaq qaydaların və onlara hörmət etməyin əhəmiyyəti haqqında anlayış itib."

BMT və Sülh Şurası

"Diplomatiya mümkün olanın sənətidir və heç vaxt yuxarıdan diktə olunan sxemlər və ya mücərrəd doktrinalar əsasında fəaliyyət göstərə bilməz," — deyə kardinal izah edib.

Kardinal Parolin bildirir ki, diplomatiya reallıqdan başlamalıdır, "hətta bu reallıq bəzən qorxulu olsa belə". Bu, səbr və əldə oluna bilən nəticələrə diqqət yetirməyi tələb edir.

Vahid səslə danışa bilməyən Avropaya gəldikdə isə, xalqlarda "Avropaya aidiyyət" hissini, liderlərdə isə "Avropa İttifaqının təməl prinsiplərindən imtina etmədən ortaq hərəkət etmək" zərurətini yenidən canlandırmaq lazımdır.

Birləşmiş Millətlər Təşkilatına gəlincə, kardinal təkrar edib ki, "Müqəddəs Taxt-Tac onun əhəmiyyətinə inanmağa davam edir" və beynəlxalq təşkilatları "güclünün məntiqini cilovlamaq" üçün zəruri hesab edir. Şübhəsiz ki, veto hüquqları onun təsirini məhdudlaşdırıb, lakin o əlavə edib ki, "hüququn gücündən gücün hüququna keçmək olmaz”.

Sülh Şurası ilə bağlı isə o qeyd edib ki, Müqəddəs Taxt-Tac ona üzv olmasa da, "müvafiq ölkələrlə dialoqu açıq saxlayır" və Müqəddəs Torpaqlardakı Katolik Kilsəsi ilə sıx əməkdaşlıq edərək sülhü və yenidənqurmanı təşviq etmək üçün əlindən gələni etməyə hazırdır.

"Beynəlxalq qurumların və fələstinlilərin özlərinin iştirakını zəruri hesab edirəm," — deyə kardinal vurğulayıb. "Çünki Qəzza zolağının taleyini onun qanuni sakinləri — Fələstin Dövlətinin vətəndaşları — olmadan müəyyən etmək mümkün deyil. Bu dövlət istənilən ilhaq cəhdindən qorunmalıdır, çünki bu cəhdlər BMT qətnamələrinə və ədalətin təməl prinsiplərinə ziddir."

Papaların səsinə dəstək

Böhran dövrlərində Papaların səsi haqqında danışan kardinal Parolin xatırladıb ki, əgər dəstəklənməzsə, bu səs "səhrada ucalan səs" kimidir.

Tramp administrasiyasının dini dəyərlərə müraciəti ilə bağlı o, bəzi ziddiyyətlərə toxunub: "Xristian imanı alıcının istədiyi məhsulu seçə biləcəyi bir vitrin deyil. Biz hələ doğulmamış uşaqların qayğısına qalıb, dənizdə ölən miqrantların da bir can olduğunu qəbul etmədən həyatı sevdiyimizi və müdafiə etdiyimizi iddia edə bilmərik."

Venesuela mövzusunda o, Müqəddəs Taxt-Tacın qan tökülməsinin qarşısını almaq üçün keçmişdə göstərdiyi səyləri təsdiqləyib və əlavə edib: "Nə baş verməsindən asılı olmayaraq, biz dinc həll yolunu dəstəkləməyə davam edirik və ölkənin öz müqəddəratını təyinetmə hüququna və Venesuela xalqının rifahına hörmət edilməsini istəyirik."

Beynəlxalq ssenarilər

Prezident Trampın Qrenlandiyanı ilhaq etmək hədəsindən sonra kardinal Parolin qeyd edib ki, Danimarka hökuməti və Qrenlandiyanın muxtar hökumətinin ABŞ ilə anlaşma əldə etmək səylərini təqdir etməklə yanaşı, baş verənlər "Qrenlandiya xalqında öz kimliyinə dair yenidən bir şüur oyanmasına səbəb olub."

İranla bağlı o, insan hüquqlarına və əhalinin tələblərinə hörmət edilməsi, "səbirlə dialoq və sülhün qorunması" zərurətini təkrar edib.

Çin haqqında suala cavab verərkən kardinal Parolin xatırladıb ki, "çətinliklərə rəğmən dialoq davam edir." O bir daha vurğulayıb ki, "2018-ci ilin sentyabrında imzalanmış müvəqqəti saziş nə bir konkordat, nə də siyasi-diplomatik razılaşmadır, o, yalnız yepiskopların təyin edilməsi proseduruna aiddir."

"Fakt budur ki, bu gün Çindəki bütün yepiskoplar Papa ilə birlikdədir və bu, fundamental əhəmiyyət kəsb edir," — deyə o izah edib.

Honkonqla bağlı isə "Kilsə hakimiyyətlə dialoqunu davam etdirir və dini azadlığı təmin etməyə çalışır."

Qarşımızdakı insanın simasını unutmamaq

Nəhayət, texnologiyanın nəhəng nailiyyətləri və məhdudiyyətlərin də nəzərə alınması zərurəti haqqında: "Biz insanlığı müdafiə etməli və de-humanizasiyaya qarşı mübarizə aparmalıyıq" — deyə kardinal Parolin bildirib.

Sosial media haqqında danışarkən kardinal "başqalarına qarşı nifrət dolu, alçaldıcı və həqarət dolu dilin istifadəsini" pisləyib. O, bunun qorxu yaratdığını və "düşmən" obrazlarının formalaşmasına səbəb olduğunu qeyd edib.

Vatikanın Dövlət Katibi çıxışını bu sözlərlə tamamlayır: 'Xristianlar olaraq, biz bu mənfi axına qarşı gündəlik həyatımızdakı davranışlarımızla, əməllərimizlə qarşı durmalıyıq. Unutmayaq ki, nifrət, müharibə və zorakılıq məhz qarşımızdakının insan simasını unutduğumuz an başlayır'.

09 aprel 2026, 14:43