Romada dinlərarası həmrəyliyin iftar süfrəsi
Toral Ağayev tərəfindən
İftar mərasimində Vatikanda səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, Azərbaycanda Katolik Kilsəsinin apostol prefekti yepiskop Vladimir Fekete, Bakı və Azərbaycan yepiskopu Aleksiy, Alban-udi xristian icmasının sədri Robert Mobili, Bakı Avropa yəhudiləri icmasının sədri Aleksandr Şarovski, həmçinin Müqəddəs Taxt-Tac və İtaliyada akkreditə olunmuş diplomatik korpusun çoxsaylı nümayəndələri və ictimai xadimlər iştirak ediblər.
Sülh və dialoq mesajı
Müsəlmanların, xristianların və yəhudilərin bir araya gəldiyi bu iftar süfrəsi dünya miqyasında dinlərarası dialoq və əməkdaşlığa verilən mühüm töhfə kimi qiymətləndirilib. Geosiyasi qarşıdurmaların və humanitar böhranların davam etdiyi bir dövrdə keçirilən görüş dialoqu möhkəmləndirmək və xalqlar arasında qarşılıqlı anlaşmanı təşviq etmək məqsədi daşıyıb. Tədbirin rəmzi məqamlarından biri də üç səmavi dinin müqəddəs tarixlərinin: islamın Ramazan ayı, xristianlığın Müjdə bayramı və yəhudilərin Purim bayramının eyni dövrə təsadüf etməsi olub.
Dostluq süfrə arxasında qurulur
Mərasimdə çıxış edən Müqəddəs Taxt-Tacın Dövlət katibi kardinal Pietro Parolin Papa XIV Leonun salamlarını iştirakçılara çatdırıb. O vurğulayıb ki, bu cür təşəbbüslər diplomatiyanın yalnız danışıqlar masası arxasında deyil, həm də qonaqpərvərlik və paylaşım mühitində həyata keçirildiyini göstərir. Kardinalın sözlərinə görə, birgə süfrə ətrafında olmaq qarşılıqlı etimadı gücləndirir və xalqlar arasında dostluğun möhkəmlənməsinə xidmət edir.
Sülh və birgəyaşayış nümunəsi
Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfiri İlqar Muxtarov çıxışında iftar mərasiminin üç səmavi dinin müqəddəs günlərinin eyni vaxta təsadüf etdiyi bir dövrdə keçirilməsinin xüsusi rəmzi məna daşıdığını qeyd edib. Diplomat bildirib ki, Azərbaycan tarixən müxtəlif dinlərin və millətlərin sülh və harmoniya şəraitində birlikdə yaşadığı ölkədir. Onun sözlərinə görə, münaqişə və inamsızlıqla səciyyələnən bir dünyada bu kimi təşəbbüslər mənəvi rəhbərlik və qardaşlıq çağırışı kimi səslənir.
Şeyxülislam Allahşükür Paşazadə isə çıxışında bu iftar mərasiminin Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında dinlərarası dialoq sahəsində əməkdaşlığın rəmzinə çevrildiyini bildirib. O qeyd edib ki, Azərbaycan dövləti ilə Müqəddəs Taxt-Tac arasında münasibətlər uğurla inkişaf edir və qarşılıqlı yüksək səviyyəli səfərlər bu əməkdaşlığı daha da möhkəmləndirir.
Tədbirin sonunda iştirakçılara xatirə hədiyyələri təqdim olunub və dinlərarası dialoqun inkişafına töhfə verən bir qrup şəxs təltif edilib.