Axtar

FILE PHOTO: Good Friday Passion of the Lord service in St Peter's Basilica at the Vatican

Kardinal Parolin: Qabaqlayıcı müharibələr dünyanı alova bürüyə bilər

Dövlət Katibi kardinal Pietro Parolin Yaxın Şərqdə baş verən hadisələr barədə Vatican News-a danışaraq, gücün üstünlüyü ilə səciyyələnən çoxqütblülüyün təhlükəli şəkildə artması barədə xəbərdarlıq edib.

Andrea Tornielli tərəfindən

“Beynəlxalq hüququn bu cür aşınması həqiqətən narahatlıq doğurur: ədalət öz yerini gücə verib; hüququn gücü, gücün hüququ ilə əvəz olunub.”
Vatikanın Dövlət Katibi kardinal Pietro Parolin çərşənbə günü "Vatican News"a Yaxın Şərqdə davam edən müharibə haqqında danışıb.
Aşağıdakı müsahibədə o narahatlığını ifadə edərək bildirib ki, “gücün üstünlüyü və özünəqapanma ilə səciyyələnən çoxqütblülük təhlükəli şəkildə möhkəmlənməkdədir.”

Sual: Zati-aliləri, bu dramatik saatları necə yaşayır və qiymətləndirirsiniz?

Böyük kədər hissi ilə. Çünki Yaxın Şərq xalqları — o cümlədən onsuz da kövrək olan xristian icmaları — yenidən müharibənin dəhşətinə qərq edilib. Müharibə insan həyatlarını amansızcasına màhv edir, böyük dağıntılar gətirir və bütöv xalqları nəticəsi qeyri-müəyyən olan zorakılıq burulğanına sürükləyir.

Bazar günü "Rəbbin mələyi" duasında Papa “nəhəng ölçülü faciə”dən və “düzəldilməsi mümkün olmayan uçurum” riskindən bəhs etdi. Bunlar içində olduğumuz anı təsvir etmək üçün kifayət qədər təsirli sözlərdir.

Sual: ABŞ və İsrailin İrana hücumu barədə nə düşünürsünüz?

Hesab edirəm ki, sülh və təhlükəsizlik, diplomatiyanın təqdim etdiyi imkanlar vasitəsilə qurulmalı və möhkəmləndirilməlidir. Xüsusilə də çoxtərəfli qurumlar çərçivəsində həyata keçirilən diplomatiya vasitəsilə; çünki məhz burada dövlətlər münaqişələri qan tökülmədən və daha ədalətli yollarla həll etmək imkanı əldə edirlər.

Təxminən 60 milyon insanın həyatına son qoymuş İkinci Dünya müharibəsindən sonra qurucu atalar Birləşmiş Millətlər Təşkilatını yaradaraq öz övladlarını özlərinin yaşadıqları dəhşətlərdən qorumaq istəyirdi. Bu səbəbdən də onalr BMT Nizamnaməsində münaqişələrin idarə olunması ilə bağlı aydın prinsiplər müəyyən etməyə çalışdılar.

Bu gün həmin səylər sanki puça çıxıb. Üstəlik, Papa ilin əvvəlində Diplomatik Korpusa müraciətində xatırlatdığı kimi, “dialoqu təşviq edən və hamı arasında konsensus axtaran diplomatiyanı getdikcə fərdlərin və ya müttəfiq qruplarının güc diplomatiyası əvəz edir”, və  insanlar sülhün “silah yolu ilə” əldə edilə biləcəyini düşünürlər.

Müharibənin səbəblərindən danışarkən kimin haqlı, kimin isə haqsız olduğunu müəyyənləşdirmək çox vaxt mürəkkəb olur. Lakin bir həqiqət danılmazdır: müharibə hər zaman qurbanlar və dağıntılar yaradır, həmçinin mülki əhali üçün ağır və dağıdıcı nəticələrə səbəb olur.

Bu səbəbdən, Müqəddəs Taxt-Tac dövlətlər arasındakı mübahisələri həll etmək üçün diplomatiyanın təklif etdiyi bütün vasitələrdən istifadə etmək zərurətini xatırlatmağa üstünlük verir. Tarix artıq bizə öyrədib ki, yalnız danışıqların ağır əməyi və maraqlar balansına diqqət yetirmək vasitələri ilə aparılan siyasət xalqlar arasında etimadı artıra, inkişafı təşviq edə və sülhü qoruya bilər.

Sual: Hücumun əsaslandırılması yeni raketlərin istehsalının qarşısını almaq, qısacası, “qabaqlayıcı müharibə” idi.

BMT Nizamnaməsində qeyd edildiyi kimi, güc tətdiqi yalnız bütün siyasi və diplomatik dialoq vasitələri tükəndikdən sonra, zərurət və mütənasiblik meyarları diqqətlə qiymətləndirildikdən, ciddi yoxlama aparıldıqdan və əsaslandırılmış səbəblərə söykənildikdən sonra, həm də həmişə çoxtərəfli idarəetmə çərçivəsində olaraq son və ən ağır vasitə kimi nəzərdən keçirilməlidir.

Əgər dövlətlərə öz meyarlarına əsaslanaraq və hər hansı fövqəlmilli hüquqi çərçivə olmadan “qabaqlayıcı müharibə” aparmaq hüququ tanınsa, bütün dünya alova bürünmək təhlükəsi ilə üz-üzə qala bilər. Beynəlxalq hüququn bu cür aşınması həqiqətən də ciddi narahatlıq doğurur: ədalət gücə yer verib; hüququn gücünü isə gücün hüququ əvəz edib və belə bir düşüncə yayılır ki, sülh yalnız düşmən tamamilə məhv edildikdən sonra mümkün ola bilər.

Sual: Son həftələrdə İranda baş verən və qanlı şəkildə yatırılan kütləvi küçə etirazlarının hansı əhəmiyyəti var? Onları unutmaq olarmı?

Əlbəttə ki, yox; bu da ciddi narahatlıq doğuran məsələlərdən biridir. Xalqların istəkləri nəzərə alınmalı və hər kəsin öz fikirlərini azad və açıq şəkildə ifadə edə bildiyi bir cəmiyyətin hüquqi çərçivəsi daxilində təmin olunmalıdır. Bu, həm də bizim üçün əziz olan İran xalqına aiddir. Eyni zamanda özümüzdən soruşa bilərik: doğrudanmı kimsə hesab edir ki, həll yolu raketlərin və bombaların atılması ilə tapıla bilər?

Sual: Niyə beynəlxalq hüquq və diplomatiya bu gün belə bir tənəzzül dövrünü yaşayır?

İtirilən isə ümumi rifahın əslində hər kəsə xidmət etdiyi barədə anlayışdır — yəni başqasının xeyrinin mənim üçün də xeyir olduğu düşüncəsi. Buna görə də ədalət, rifah və təhlükəsizlik yalnız hamının onlardan faydalana bildiyi ölçüdə təmin oluna bilər.

Bu prinsip çoxtərəfli sistemin yaradılmasının, eləcə də Avropa İttifaqı kimi cəsarətli bir layihənin əsasını təşkil edir. Lakin bu şüur zəifləyib və bununla yanaşı hər kəsin yalnız öz maraqlarını irəli çəkmək meyli güclənib.

Bunun başqa bir nəticəsi də var: dövlətlər arasındakı münasibətlərdə çoxtərəfli diplomatiya sistemi dərin böhran yaşayır. Bunun səbəblərindən biri də dövlətlərin öz fəaliyyətlərini məhdudlaşdıran hüquqi öhdəliklərə qarşı artan etimadsızlığıdır. Belə münasibət isə güc iradəsinin digər tərəfini əks etdirir: sərbəst hərəkət etmək, öz qaydalarını başqalarına qəbul etdirmək istəyi və eyni zamanda siyasətin — müzakirələrdən, danışıqlardan, özün üçün müəyyən üstünlüklər əldə etməkdən və başqalarına güzəştə getməkdən ibarət olan çətin, lakin nəcib zəhmətindən yayınmaq cəhdi. Nəticədə gücün üstünlüyü və özünəqapanma ilə səciyyələnən çoxqütblü bir dünya təhlükəli şəkildə formalaşmaqdadır.

Təəssüf ki, xalqların öz müqəddəratını təyin etməsi, ərazi suverenliyi və müharibənin özünü tənzimləyən qaydalar (ius in bello) kimi prinsiplər şübhə altına alınır. Tərksilah, inkişaf naminə əməkdaşlıq, fundamental hüquqlara hörmət, əqli mülkiyyət, ticarət və tranzit kimi sahələrdə qurulmuş bütün beynəlxalq hüquq korpusu sorğulanır və tədricən bir kənara qoyulur.

Və hər şeydən əvvəl, sanki İmmanuel Kantın 1795-ci ildə yazdığı bu fikrin dərk olunması zəifləyib: “Dünyanın bir yerində hüququn pozulması onun bütün yerlərində hiss olunur.” Daha da ciddi olan isə bəzi hallarda beynəlxalq hüquqa yalnız öz maraqlarına uyğun olduqda istinad edilməsidir.

Sual: Konkret olaraq nəyi nəzərdə tutursunuz?

Mən onu nəzərdə tuturam ki, bəzi hallarda beynəlxalq ictimaiyyət qəzəbini ifadə edir və fəal şəkildə səfərbər olur, elə hallar da var ki, bu baş vermir, yaxud xeyli zəif şəkildə baş verir. Bunun nəticəsində isə belə bir təəssürat yaranır ki, hüquq pozuntularının bəziləri cəzalandırılmalıdır, digərlərinə isə göz yumulur; bəzi mülki qurbanlar üçün yas tutulur, digərləri isə sadəcə “yan itkilər” kimi qəbul edilir.

Birinci və ya ikinci dərəcəli qurbanlar yoxdur; eyni şəkildə, sadəcə müəyyən bir qitədə və ya müəyyən bir ölkədə doğulduğuna görə başqalarından daha çox yaşamaq haqqına malik olan insanlar da yoxdur. Mən beynəlxalq humanitar hüququn əhəmiyyətini xüsusilə xatırlatmaq istərdim. Onun prinsiplərinə riayət olunması heç vaxt şəraitdən, yaxud hərbi və strateji maraqlardan asılı olmamalıdır.

Müqəddəs Taxt-Tac mülki şəxslərin və mülki obyektlərin — evlər, məktəblər, xəstəxanalar və ibadət yerləri kimi — hərbi əməliyyatlara cəlb edilməsinin hər bir formasını kəskin şəkildə pislədiyini bir daha bəyan edir və insan ləyaqətinin toxunulmazlığı və həyatın müqəddəsliyi prinsipinin hər zaman qorunmasını tələb edir.

Sual: Bu yeni böhranın yaxın perspektivləri barədə nə düşünürsünüz?

Ümid edir və dua edirəm ki, Papa XIV Leonun bazar günü səsləndirdiyi məsuliyyətə çağırış eşidilər və qərar qəbul edənlərin qəlbinə yol tapar. Ümid edirəm ki, tezliklə silahların səsi kəsilər və biz yenidən danışıqlar masasına qayıda biləcəyik.

Danışıqların məzmununu və mənasını heçə endirmək olmaz: onların konkret nəticələr verməsi üçün zəruri vaxtın ayrılması vacibdir və bu proses səbir və qətiyyətlə aparılmalıdır. Eyni zamanda etiraf etməliyik ki, beynəlxalq nizam BMT-nin yaradılması ilə səksən il əvvəl formalaşdırılan sistemdən bu gün artıq ciddi şəkildə fərqlənir.

Keçmişə nostalji ilə yanaşmadan belə, beynəlxalq institutların nüfuzdan salınmasına qarşı durmaq və dövlətlərin mübahisələri sülh yolu ilə — diplomatiya və siyasət vasitəsilə — həll etməsinə kömək edən fövqəlmilli normaların gücləndirilməsini təşviq etmək zəruridir.

Sual: Bütün bunların qarşısında hansı ümid qalır?

Xristianlar ümid edirlər, çünki onlar Getsemaniyada Peterə qılıncını qınına qoymağı əmr edən və Çarmıxda kor və mənasız zorakılığın dəhşətini öz üzərində yaşayan insan olmuş Allaha güvənirlər. Onlar həm də ona görə ümid edirlər ki, müharibələrə, dağıntılara, qeyri-müəyyənliyə və geniş yayılmış çaşqınlıq hissinə baxmayaraq, dünyanın müxtəlif yerlərindən sülh və ədalət çağırışı edən səslər yüksəlməkdə davam edir.

Xalqlarımız sülh istəyir! Bu çağırış xalqlara rəhbərlik edənləri və beynəlxalq münasibətlər sahəsində çalışan hər kəsi sarsıtmalı, onları sülh naminə səylərini daha da artırmağa təşviq etməlidir.

04 mart 2026, 19:29