Axtar

Ata Pazolini Vatikanda üçüncü pasxa öncəsi vəzini təqdim etdi Ata Pazolini Vatikanda üçüncü pasxa öncəsi vəzini təqdim etdi  (@Vatican Media)

Ata Pazolini: Allah Özünü bəşəriyyətə məcburi qəbul etdirmədi

Papa Sarayının Vaizi ata Roberto Pazolini, Papa XIV Leonun iştirakı ilə Roma Kuriyasına "Missiya: İncili hər bir məxluqa təbliğ etmək" mövzusunda üçüncü Böyük Oruc meditasiyasını təqdim etdi.

Benedetta Kapelli və Debora Kastellano Lubov tərəfindən

"İncil qalib gəlmək üçün deyil, qarşılaşmaq üçün təbliğ edilir."

Papa Sarayının Vaizi ata Roberto Pazolini, cümə günü səhər Vatikanın VI Paul zalında "Missiya: Müjdəni hər bir məxluqa təbliğ etmək" mövzusunda təqdim etdiyi üçüncü Böyük Oruc meditasiyası zamanı bu məqama diqqət çəkdi.

Papa XIV Leonun iştirakı ilə keçirilən meditasiya zamanı Roma Kuriyasına müraciət edən vaiz, İsa ilə qarşılaşma üçün zəmin hazırlamaqdan və bunun başqaları ilə münasibətlərimizə necə təsir etdiyindən danışdı.

Assizili Müqəddəs Fransiskin nümunəsi

Ata Pazolini qeyd etdi ki, “Bizim nüfuzumuz daşıdığımız vəzifədən deyil, sevgi dolu bir həyat sürməyimizdən qaynaqlanır.” Bu elə bir həyatdır ki, burada biz təvazökar davranır, başqalarının ehtiyaclarına həssaslıqla yanaşır, onlarla dialoq qurmağa və dəyərlərini qəbul etməyə hər an hazır oluruq.

Meditasiya boyu Assizili Müqəddəs Fransiski nümunə gətirən vaiz dedi: “Fransisk öz qardaşlarına ‘kiçiklər’ deyərkən onlara sadəcə bir ad vermirdi, dünyada necə yaşamağın konkret yolunu göstərirdi.” O vurğuladı ki, İncilin təbliğini uğurlu və bəhrəli edən məhz bu daxili kiçiklik və təvazökarlıqdır.

İncil öz şəklini həyatda alır

Ruhani dəyişmə və qardaşlığın zirvəsi olan missiya, "İncil təcrübəsini və onun mesajını başqaları ilə bölüşmək istəyindən" doğur, lakin hər şeyin təməlində Allahın Kəlamı dayanır.

Ata Roberto Pazolini deyir: “İnsanın öz həyatında hələ kök salmamış bir şey haqqında həqiqətən danışması mümkün deyil”.

O vurğuladı ki, gördüklərimizi və eşitdiklərimizi qorumaq, onların duada yetişməsinə imkan vermək üçün səbir lazımdır. Eyni zamanda, vaiz xəbərdarlıq etdi ki, “Allahın işlərindən özünə rəğbət və ya tanınma qazanmaq üçün istifadə etmək” təhlükəli bir vəsvəsədir.

"Dəyərli olan hər şey qorunmalı, yetkinləşməsinə imkan verilməli və şahidliyə çevrilməlidir" dedi.

Allahın hüzuru insanı dəyişir

Papa Sarayının vaizi vurğuladı ki, Məsih sadəcə ötürüləcək bir məlumat deyil, bəşəriyyətin daxilində yaşayan bir sirdir; O, tanınmaq və həyatda üzə çıxmaq istəyir. İncil isə adi bir xəbər kimi çatdırılmır, o, zamanla formalaşan bir həyat tərzi kimi yaşanır.

Ata Pazolini Allahın insan qəlbindəki hüzurunun həyatı və münasibətləri necə dəyişdiyini izah etmək üçün bir ana təcrübəsi ilə müqayisə apardı: ana əvvəlcə uşağı bətnində daşıyır, ona böyümək üçün vaxt verir və yalnız bundan sonra onu dünyaya gətirir.

​"İmanla da belədir," – deyə o bildirdi. "Məsih əvvəlcə daxilimizdə – sükutda, duada və gündəlik seçimlərimizdə yer tutur. Yalnız bundan sonra O, hərəkətlərimizdə və başqaları ilə münasibət qurma tərzimizdə özünü büruzə verə bilər.”

Mücərrəd sözlər heç kimi inandırmır

Ata Pazolini başqalarında Allahın hüzurunu tanımağın və hörmət göstərməyin zəruriliyini vurğuladı. O bildirdi ki, insanlara xitab etmək və onlarla dialoq qurmaq üçün sözlər ürəkdən gəlməlidir.

“Sözlər mücərrəd və şəxsi duyğulardan uzaq olanda heç kimi, hətta o sözləri deyənin özünü belə inandırmır,” – deyən ata Pazolini, bunun Incilin ruhunu ötürmək üçün əsas şərt olduğunu vurğuladı.

Allahın sirri

Papa Vaizi xatırlatdı ki, başqası ilə qarşılaşmaq təkcə vermək deyil, həm də qarşı tərəfi qəbul etməkdir; bu, hörmət və dialoqa əsaslanan azad bir seçimdir.

Ata Pazolini vəzini bu sözlərlə yekunlaşdırdı: “Allah Özünü bəşəriyyətə məcburi qəbul etdirmədi, əksinə, insana yer ayırdı. O, Öz əzəmətini qısqanclıqla qorumadı, əksinə, onu bəşəriyyətə bağışladı ki, insan onu qəbul edib yaşaya bilsin.”

23 mart 2026, 16:37