Axtar

80th United Nations General Assembly at U.N. headquarters in New York City

Arxiyepiskop Qallaher: Hər bir müharibə mənəvi və insani süqutdur

Arxiyepiskop Pol Qallaher Rusiyanın genişmiqyaslı hərbi müdaxiləsinin dördüncü ildönümü münasibətilə ATƏT-in Daimi Şurasında etdiyi çıxışda Ukraynada ədalətli və davamlı sülh üçün düzgün yollarının tapılmasına çağırıb.

İzabella H. De Karvalyo tərəfindən

Vatikanın Dövlətlərlə və Beynəlxalq Təşkilatlarla Münasibətlər üzrə katibi arxiyepiskop Pol Qallaher Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Daimi Şurasının 1554-cü genişləndirilmiş iclasında çıxışı zamanı beynəlxalq ictimaiyyəti Ukraynada sülhə doğru konkret addımlar atmağa çağırıb.

O, 24 fevral 2026-cı il tarixində, Rusiyanın Ukraynayaya genişmiqyaslı hərbi müdaxiləsinin dördüncü ildönümündə etdiyi müraciətdə bildirib: “Müqəddəs Taxt-Tac bütün tərəfləri ədalətli və uzunmüddətli sülhə xidmət edən səmimi və inklüziv diplomatik kanalların təsis edilməsi və onların davamlı fəaliyyətinin təmin olunması üçün zəruri siyasi iradə nümayiş etdirməyə çağırır.”

“Hər bir müharibə mənəvi və insani süqut deməkdir”, – deyə arxiyepiskop Qallaher vurğulayıb.

Konkret addımlar atılmalıdır

O qeyd edib ki, sülh istiqamətində konkret addımların atılması zəruridir və vurğulayıb: “Ən ali dövlət məsuliyyəti daşıyanlar dərhal humanitar fasilələrə üstünlük verməli, eyni zamanda davamlı diplomatik səyləri gücləndirməlidirlər ki, xoş niyyət təsdiqlənə bilən və dayanıqlı sülh mexanizmlərinə çevrilsin.”

O qətiyyətlə bəyan edib ki, “dialoq danışıqlarda səmimiyyət prinsiplərinə və götürülmüş öhdəliklərin vicdanla və tam şəkildə icrasına əsaslanmalıdır.”

Bu kontekstdə o qeyd edib ki, Müqəddəs Taxt-Tacın mövqeyinə görə, ATƏT dialoqun təşviqində, qarşılıqlı etimadın möhkəmləndirilməsində və təhlükəsizliyin bərpasına yönəlmiş tədbirlərin həyata keçirilməsində əhəmiyyətli rol oynaya bilər.

O vurğulayıb ki, Müqəddəs Taxt-Tac insan şəxsiyyətinin toxunulmaz ləyaqətini və insan iztirablarının azaldılmasını səylərinin mərkəzinə qoyan hər bir səmimi diplomatik təşəbbüsə dəstək verməyə hazırdır.

Beynəlxalq humanitar hüquqa hörmətin əhəmiyyəti

Arxiyepiskop Qallaher daha sonra Papa XIV Leo-nun beynəlxalq humanitar hüquqa hörmət edilməsinin vacibliyi ilə bağlı narahatlıqlarını təkrar ifadə edərək bildirib ki, bu məsələ heç bir halda şəraitdən, hərbi və ya strateji maraqlardan asılı ola bilməz.

O, Müqəddəs Atanın 9 yanvar tarixində Müqəddəs Taxt-Tacın yanında akkreditə olunmuş diplomatik korpusun üzvlərinə müraciətindən sitat gətirərək qeyd edib ki, beynəlxalq humanitar hüquq “müharibə aparan tərəflərin ambisiyalarından daim üstün tutulmalıdır ki, müharibənin dağıdıcı nəticələri azaldılsın və eyni zamanda yenidənqurma perspektivi qorunub saxlanılsın.”

Arxiyepiskop çıxışını belə yekunlaşdırıb: “İnsan həyatının və ləyaqətinin müqəddəsliyini bir daha vurğulayaraq, Müqəddəs Taxt-Tac bütün tərəfləri təciliyyət və mərhəmət ruhu ilə hərəkət etməyə, eləcə də sülhə aparan yolların səmimi axtarışına əsaslanan dialoqa can atmağa çağırır.”

27 fevral 2026, 09:13