2026.01.12 La messa del cardinale Parolin a Bruxelles per l'800° anniversario della cattedrale

Kardinal Parolin Brüsseldə Avropanı xristian cəsarətini yenidən kəşf etməyə çağırıb

Brüsseldəki Müqəddəs Mikael və Qudula kafedral kilsəsinin 800 illik yubileyində Müqəddəs Taxt-Tacın Dövlət Katibi kövrəklik və istiqamət itkisi ilə səciyyələnən Avropanın mənəvi gələcəyi haqqında mülahizələrini bölüşüb.

Avqustin Asta tərəfindən

Yüzlərlə dindar və Belçika kral ailəsinin üzvləri qarşısında səkkiz əsrlik tarixə malik  kafedralda çıxış edən kardinal Parolin vurğulayıb ki, "xristian imanı zamandan kənarda və ya tarixin kənarında mövcud deyil, onun daxilində, konkret yerlərdə və real icmalar vasitəsilə böyüyür".

Dövlət Katibi qeyd edib ki, bu XIII əsr qotik üslubunda tikilmiş kilsə inşa edilməzdən çox əvvəl, Müqəddəs Mikaelə həsr olunmuş kilsə və Roman üslublu məbəd artıq xristianlığın Brüsseldəki dərin köklərinin şahidi olmuşdu.

Kardinalın sözlərinə görə, bu yavaş və səbirli böyümə Kilsənin mahiyyətini əks etdirir: "Kilsə tək bir hərəkətdən və ya yalnız bir anda tamamlanmış layihədən deyil, nəsilləri birləşdirən bir sədaqətdən doğulur; burada hər bir şəxs ona əmanət ediləni qəbul edir, qoruyur və ötürür".

O bildirib ki, səkkiz əsr ərzində kafedral şəhərin və xalqın xristian həyatını müşayiət edib, öz dövrünün suallarına cavab verən bir imanı təcəssüm etdirib.

Müqəddəs Mikael və Qudula: Kilsənin iki obrazı

Müqəddəs Mikael və Qudula kafedralının ilk təməlləri 1226-cı ilə təsadüf edir. Həmin vaxt Brabant hersoqu II Henri Fransa və Almaniyanı birləşdirən marşrutların kəsişməsində, strateji bir nöqtədə kilsə tikmək qərarına gəlib.

Kardinal Parolin üçün kafedralın iki himayədar müqəddəsi bu gün də heyranedici dərəcədə aktual qalan bir missiyanı təmsil edir.

Müqəddəs Mikael “ayıq-sayqlıq və bəsirəti”, Müqəddəs Qudula isə “gündəlik sədaqəti” təmsil edir.

O qeyd edib ki, bu iki müqəddəs birlikdə həqiqət və xidməti, mətanət və mülayimliyi bir arada tutmağa çağırılan Kilsənin simasını cızır.

Brüssel və Avropanın kövrəkliyi

Avropa İttifaqının bir çox təsisatlarına ev sahibliyi edən Brüssel, kardinal Parolinin dediyi kimi, qarşılaşmalardan və fərqlilikləri uzlaşdırmaq bacarığından doğulmuş bir şəhərdir. Lakin o müşahidə edib ki, Avropanın özü hazırda “təkcə siyasi və sosial deyil, həm də daxili və mədəni olan qorxular və parçalanmalarla xarakterizə olunan dərin kövrəklik dövründən” keçir.

Əhəmiyyətsiz bir Kilsə?

Müharibədən sonrakı Avropa barışığının memarları olan Robert Şuman, Konrad Adenauer və Alçide De Qasperi kimi simaları xatırladan kardinal, təkcə Avropa təsisatlarını deyil, həm də insanların bir-birinə olan etimad hissini yenidən qurmağın vacibliyini vurğulayıb.

O bildirib ki, özünə şübhə etmək bu gün Kilsə üçün də bir sınaqdır – onun ən böyük təhlükəsi sayca azalmaq deyil, əhəmiyyətsizləşməkdir. “Xristian şahidliyinə xələl gətirən say azlığı deyil,” kardinal Parolin xəbərdarlıq edib, “müjdəçi cəsarətinin itirilməsidir”.

“Kilsə nə tarixin fövqündə dayanır, nə də ki onunla qaynayıb-qarışmır,” o deyib. “O, müşayiət edən, bəsirət nümayiş etdirən və xidmət edən bir varlıq kimi tarixin içindən keçir”.

Brüssel, Belçika və Avropa üçün dua

Çıxışının sonunda kardinal Parolin Kilsəni, Brüssel şəhərini, Belçikanı, Avropanı və millətlər birliyini Məryəm Ananın şəfaətinə əmanət edib.

Müqəddəs Taxt-Tacın Dövlət Katibi Müqəddəs Mikael və Qudula kafedralının “açıq bir ev və ünsiyyət məkanı” olaraq qalacağına, vicdanları ədalət, məsuliyyət və ümid ruhunda formalaşdırmağa davam edəcəyinə ümid etdiyini bildirib.

13 yanvar 2026, 00:33