Vaticano: inaugurazione del presepe e dell'albero in piazza S.Pietro

Müqəddəs Peter Meydanında Vatikanın Milad ağacı və İsanın Mövludu səhnəsinin açılışı oldu

Vatikanda, Müqəddəs Peter Meydanında keçirilən mərasimlə Milad ağacı və İsanın Mövludu səhnəsi işıqlandırıldı. Açılış mərasimində Vatikan Şəhər Dövləti Qubernatorluğunun prezidenti rahibə Raffaella Petrini, eləcə də Milad atributlarını hədiyyə edən yeparxiyaların sıravi və dini nümayəndələri iştirak etdilər.

Vatican News tərəfindən

Vatikanın Milad ağacı və İsanın Mövludu səhnəsi bazar ertəsi, 15 dekabr tarixində, Vatikan Şəhər Dövləti Qubernatorluğunun prezidenti rahibə Raffaella Petrini tərəfindən Müqəddəs Peter Meydanında rəsmi olaraq açılıb.

Raffaella Petrini çıxışında bunları deyib: “Bu gün dünyanı qucaqlayan bu meydanda İsanın Mövludu səhnəsi və Milad ağacı sadəcə bayram bəzəkləri deyil; onlar birlik, sülhə və yaradılışa qayğıya çağırış, Assizili Müqəddəs Fransiskin hər şeydən üstün tutduğu və onun xarizmasının əsas nişanəsinə çevrilmiş ümumbəşəri qardaşlığa dəvət rəmzləridir”.

O, eyni zamanda xatırladıb ki, gələn il 1223-cü ildə Mövlud səhnəsi ənənəsini başlatmış Assizili Müqəddəs Fransiskin vəfatının 800 illiyi qeyd olunacaq.

Açılış mərasimində Milad atributlarını bağışlayan yeparxiyaların dini və sıravi nümayəndələri iştirak edib və çıxışlar ediblər. Həmin günün əvvəlində isə onların Papa XIV Leo ilə görüşmək imkanı da olub.

Vatikan Jandarmeriya Korpusunun orkestri, eləcə də yeparxiyalardan gəlmiş müxtəlif xor və musiqi qrupları ənənəvi Milad mahnıları və rəqsləri ifa ediblər.

Mövlud səhnəsi və Milad ağacı Milad dövrünün sonunadək nümayiş olunacaq. Bu dövr 11 yanvar 2026-cı il, bazar günü qeyd ediləcək Rəbbin Vəftizi bayramı ilə başa çatır.

İsanın Mövludu səhnəsi İtaliyanın cənubunda yerləşən Noçera Inferiore-Sarno yeparxiyası tərəfindən hazırlanıb və açılışda bu yeparxiyanı yepiskop Cuzeppe Cudiçe təmsil edib. Milad ağacı isə İtaliyanın şimalındakı Bolzano-Bressanone yeparxiyasından gətirilib və mərasimdə yepiskop İvo Muzer də iştirak edib.

Vatikan Şəhər Dövləti Qubernatorluğunun baş katibləri arxiyepiskop Emilio Nappa və Cuzeppe Pulizi-Alibrandi də açılış mərasimində yer alıblar.

İsanın Mövludu səhnəsi

Mövlud səhnəsi 17 x 12 metr ölçülü platforma üzərində qurulub və hündürlüyü 7,70 metrdir. Səhnədə Aqro Noçerino-Sarneze bölgəsinə xas bir çox ənənəvi memarlıq və mədəni elementlər yer alır. Eyni zamanda bölgə üçün mühüm olan bəzi müqəddəslərə və dini şəxsiyyətlərə – Redemptoristlərin (Əqdəs Xilaskar Cəmiyyəti) banisi Müqəddəs Alfons Liquori, eləcə də Allahın qulları ata Enriko Smaldone və Alfonso Russoya işarələr mövcuddur.

Səhnədə bölgənin məşhur qida məhsullarını və şərab istehsalını ön plana çıxaran simvollar da yer alıb. Döşəmə qədim Roma yollarını xatırladan daş plitələrlə bəzədilib, insan ölçüsündə çoban və heyvan fiqurları isə platformaya bərkidilib.

Milad ağacı

Milad ağacı Avropa küknar ağacıdır və Bolzano-Bressanone yeparxiyasından gətirilib. Ağacın hündürlüyü 25 metrdir, çəkisi isə təxminən 8 tondur. O, İtaliyanın şimalındakı Laqundo və Ultimo bələdiyyələri tərəfindən Vatikana hədiyyə edilib.

Əsas ağacdan əlavə, daha 40 kiçik ağac da Vatikana gətiriləcək və ofislərin, ictimai məkanların və binaların bəzədilməsində istifadə olunacaq.

Milad dövrü başa çatdıqdan sonra ağacın budaqlarından efir yağları əldə ediləcək, qalan taxta material isə yaradılışa hörmət prinsipinə uyğun olaraq bir assosiasiya tərəfindən təkrar emala veriləcək.

15 dekabr 2025, 22:05