Axtar

Inaugurazione del Cubicolo di Papa Eusebio nella Catacomba di San Callisto

Kardinal Parolin: Süni intellekt dövründə uşaqların ləyaqəti qorunmalıdır

Roma şəhərində keçirilən beynəlxalq konfransa göndərdiyi müraciətdə kardinal Pietro Parolin xəbərdarlıq edib ki, əgər süni həyat formaları insan ləyaqətinə hörmət etməzsə, bəşəriyyət “öz məhvinə” səbəb ola bilər. O, texnologiyanı həqiqi insani inkişafa yönəltmək üçün fənlərarası və mədəniyyətlərarası əməkdaşlığa çağırıb.

Vatican News tərəfindən

Dövlət katibi kardinal, Romada keçirilən “Süni intellekt dövründə uşaqların və yeniyetmələrin ləyaqəti” adlı beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb.

İnsan ləyaqətinə hörmət etməyən süni həyat formalarının yaradılması nəticəsində bəşəriyyətin “öz məhvinə səbəb ola biləcəyi” riskinə diqqət çəkən kardinal Pietro Parolin, “fənlərarası və mədəniyyətlərarası səylərin birləşdirilməsinə” çağırış edib.

“Biz yeni bir dövrün astanasındayıqmı, yoxsa süni həyat formalarının tətbiqi nəticəsində insan öz məhvinəmi səbəb olacaq? İnsan ləyaqətini artıq tanımayan sadəcə təqlidlərə çevriləcəyikmi?” — deyə o sual edərək, iştirakçıları süni intellektin etik, hüquqi, sosial və antropoloji nəticələri üzərində düşünməyə dəvət edib.

Bu beynəlxalq konfrans elmi, akademik və texnoloji sahələrdə nüfuzlu şəxslərin iştirakı ilə keçirilir və İtaliyanın uşaq yardım xətti “Telefono Azzurro” və “Uşaqlıq və Yeniyetməlik Araşdırmaları və Tədqiqatları Fondu” tərəfindən təşkil olunub.

Ekzistesial və əxlaqi məsələlər

Kardinal müraciətində mövzunun əhəmiyyətini vurğulayaraq qeyd edib ki, bu məsələ uşaqların qorunması və ləyaqəti ilə bağlı olduğuna görə “bu gün və gələcəkdə bəşəriyyətin üzləşdiyi ən böyük çağırışlardan biridir.”

O, elmin və texnologiyanın təqdim etdiyi “imkanları” qəbul etdiyini, çünki bu inkişafların insan azadlığına və məsuliyyətinə töhfə verdiyini bildirib. Lakin kardinal qeyd edib ki, xüsusilə süni intellekt sahəsindəki sürətli irəliləyişlər “bəşəriyyət tarixində nadir hallarda rast gəlinən miqyasda ekzistensial və əxlaqi suallar” doğurur.

İnsani və mənəvi tərəqqi istiqamətində

Bu səbəbdən Kardinal Parolin “insanların, insan cəmiyyətinin və bütün yaradılışın rifahı naminə rəqəmsal dövrün imkanlarının və risklərinin qiymətləndirilməsinə” çağırıb. O qeyd edib ki, bu cür fərqləndirmə “siyasət, qanunvericilik, təhsil və sosial dəstək xidmətlərinin təşkili kimi sahələrdə konkret fəaliyyət üçün uyğun nəticələr çıxarmağa da kömək edir.”

“Bütün bunlar,” — deyə o əlavə edib, — “yalnız məsələni və insan reallıqlarının müxtəlifliyini ədalətli şəkildə qiymətləndirmək üçün fənlərarası və mədəniyyətlərarası əməkdaşlıq vasitəsilə həyata keçirilə bilər.”

Kardinal çıxışını Papa Fransiskin 2017-ci ildə Pontifikal Qriqorian Universitetində keçirilən “Rəqəmsal Dünyada Uşaqların Ləyaqəti üzrə Ümumdünya Konqresi”ndə söylədiyi sözləri xatırladaraq tamamlayıb: “Biz texnologiyanı məhdudlaşdırmaq və istiqamətləndirmək üçün lazım olan azadlığa malikik; biz onu daha sağlam, daha insani, daha sosial və daha bütöv bir tərəqqinin xidmətinə verə bilərik.”

13 noyabr 2025, 20:25