2025.16.10 Official photo-session from the visit of First Lady of Azerbaijan Mehriban Aliyeva to Vatican and Rome for the participation in the official opening ceremony of  the Comodilla catacombe after the restoration works.

Mehriban Əliyeva: Buraya hər gəlişimizdə dostlarımızın sayı artır

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Vatikanda rəsmi səfərdədir. AZƏRTAC xəbər verir ki, oktyabrın 16-da səfər çərçivəsində Birinci vitse-prezident Heydər Əliyev Fondunun dəstəyi ilə Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılış mərasimində iştirak edib və həyata keçirilmiş bərpa işləri ilə tanış olub.

Bu məqalə AZƏRTAC Azərbaycan Dövlət İnformasiya Agentliyinin materialları əsasında hazırlanıb.

Müqəddəs Komodilya katakombalarının bərpası 

Birinci vitse-prezident Mehriban Əliyevanı Mədəniyyət və Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının fəxri prezidenti kardinal Canfranko Ravazi, Vatikanın Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının prezidenti mons. Paskuale  Yakobone və Roma şəhərinin VIII bələdiyyəsinin prezidenti Amedeo Çakkeri qarşılayıb.

Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılış mərasimi
Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılış mərasimi   (AZERTAC Azerbaijan State News Agency)

Vatikanın Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının prezidenti Monsenyor Paskuale Yakobone Komodilya katakombalarının açılışında iştirakına görə Birinci vitse-prezident Mehriban Əliyevaya dərin təşəkkürünü ifadə edib.

“Heydər Əliyev Fondunun dəstəyi ilə bir tərəfdən mürəkkəb, lakin digər tərəfdən bizi çox ilhamlandıran, böyük enerji verən bərpa işlərini birgə həyata keçirdik”, - deyə o əlavə edib.

Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının fəxri prezidenti kardinal Canfranko Ravazi ölkəmizə səmimi və dərin dostluq telləri ilə bağlı olduğunu vurğulayaraq, Prezident İlham Əliyevin qərarı ilə Azərbaycan dövlətinin ən yüksək mükafatlarından birinə - “Dostluq” ordeninə layiq görüldüyünü qeyd edib. Kardinal Ravazi Birinci vitse-prezident Mehriban Əliyeva ilə səmimi dostluq və qarşılıqlı hörmət münasibətlərindən söz açaraq deyib: “Bu münasibətlər uzun illər ərzində formalaşıb, şəxsən mənə böyük və dərin təəssürat bağışlayıb. Heydər Əliyev Fondunun göstərdiyi yardım nəticəsində bu gün katakombaların açılışında əməkdaşlığımızın yeni bir səhifəsini yazırıq. Görülmüş işlərə görə Birinci vitse-prezidentə dərin təşəkkürümü bildirirəm”.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Müqəddəs Taxt-Taca növbəti səfərindən böyük şərəf hissi duyduğunu bildirib. Heydər Əliyev Fondunun prezidenti bunun son 14 ildə Vatikana altıncı səfəri olduğunu diqqətə çatdırıb. “Mən çox şadam ki, biz bu illər ərzində çox gözəl əməkdaşlıq yaratmışıq. Buraya hər gəlişimizdə bizim dostlarımızın sayı artır”, - deyə Birinci vitse-prezident qeyd edib.

Azərbaycanın əsrlər boyu müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələrinin birgə sülh, qarşılıqlı hörmət, tolerantlıq və harmoniya şəraitində yaşayan bir məkan olduğunu vurğulayan Mehriban Əliyeva deyib: “Bu gün bu prinsiplər həm bizim dövlət siyasətimizin əsasıdır, həm də həyat tərzimizdir. Əminəm ki, bugünkü mürəkkəb dünyada dövlətlərimiz arasında genişlənən əməkdaşlıq, dostluq əlaqələri bir nümunədir.  Heydər Əliyev Fondu olaraq gələcəkdə əməkdaşlığımızı davam etdirməyə maraqlıyıq və hazırıq. İnanıram ki, bu fəaliyyət davamlı olacaq. Sonda katolik dünyası üçün böyük mənəvi dəyərlər daşıyan “Yubiley İli” münasibətilə hər birinizi təbrik edirəm. Fürsətdən istifadə edərək, sizi Azərbaycana səfərə dəvət edirəm”.

Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılış mərasimi
Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılış mərasimi   (AZERTAC Azerbaijan State News Agency)

Sonra Heydər Əliyev Fondu tərəfindən bərpa edilən Müqəddəs Komodilya katakombalarının açılışı olub.

Müqəddəs Paul Bazilikasında görüş 

Səfər çərçivəsində Birinci vitse-prezident Mehriban Əliyeva oktyabrın 16-da Müqəddəs Paul Bazilikasının baş keşişi kardinal Ceyms Harvi ilə görüşüb. Bu gün Müqəddəs Komodilya katakombalarının açılışında birgə iştirak etdiklərini deyən Mehriban Əliyeva bunun Heydər Əliyev Fondunun böyük layihələrindən biri olduğunu diqqətə çatdıraraq deyib: “Roma elə şəhərdir ki, həm yerin altı, həm də üstü demək olar səma altında açıq muzeydir. Bizim fəaliyyətimiz elə qurulub ki, bəzi layihələr sona çatan kimi yeni layihələrə start veririk. Bu, çox davamlı əməkdaşlıqdır və mən onu yüksək dəyərləndirirəm”.

Müqəddəs Paul Bazilikasında görüş
Müqəddəs Paul Bazilikasında görüş   (AZERTAC Azerbaijan State News Agency)

Baş keşiş kardinal Ceyms Harvi bu cür mühüm layihələri həyata keçirdiklərinə və görülmüş işlərə görə Müqəddəs Taxt-Tac adından Azərbaycan dövlətinə və Heydər Əliyev Fonduna təşəkkürünü bildirib.

“Gördüyünüz bu nəcib işlər Sizin ölkənizi daha yaxından tanımaq üçün yaxşı fürsətdir”, - deyə o əlavə edib.

Heydər Əliyev Fondunun Müqəddəs Paul Bazilikasının örtüklərinin bərpasında iştirak etdiyini vurğulayan Kardinal Harvi bu işin başa çatdırılmasında xeyli zəhmət çəkildiyini söyləyib. O, Romaya gələn zəvvarların sayını nəzərə alaraq, həmin bazilikada təhlükəsizliyin təmin edilməsi üçün Azərbaycanın dəstəyi ilə görülmüş işlərin müstəsna əhəmiyyətə malik olduğunu bildirib.

Müqəddəs Paul Bazilikasında görüş
Müqəddəs Paul Bazilikasında görüş   (AZERTAC Azerbaijan State News Agency)

Sonra Müqəddəs Pavel Bazilikasının baş keşişi kardinal Ceyms Harviyə xatirə hədiyyəsi təqdim olunub.

16 oktyabr 2025, 22:45