2025.01.23 Il cardinale George Jacob Koovakad

Kardinal Koovakad: Dinlər sülhün təşviqində bənzərsiz rola malikdir

Mumbay şəhərində (Hindistan) keçirilən dinlərarası sülh toplantısında çıxış edən Dinlərarası Dialoq üzrə Dikasteriyanın prefekti dinlərarası dialoqu dünyada sülh üçün zəruri və bənzərsiz bir vasitə kimi təsvir edib.

Vatican News tərəfindən 

3 oktyabr 2025-ci il, cümə günü Kardinal Corc Ceykob Koovakad Mumbay arxiyeparxiyasının təşkil etdiyi və Müqəddəs Andrey salonunda keçirilən “Ümid zəvvarları – Sülh üçün birgə yol gedən dinlər” adlı dinlərarası tədbirdə dini liderlər, ictimai nümayəndələr, alimlər və sülh fəalları qarşısında çıxış edib.

Müqəddəs Assizili Fransisk bayramı

Çıxışına başlayarkən Dinlərarası Dialoq üzrə Dikasteriyanın prefekti bu günün əhəmiyyətinə diqqət çəkərək, onun “qardaşlıq məhəbbətinin, sadəliyin və sevincin müqəddəsi” adlandırdığı Müqəddəs Assizili Fransiskin bayram gününə təsadüf etdiyini vurğulayıb. O, Müqəddəs Fransiski “sülh toxumlarını səpən” və dinlərarası dialoqun öncüllərindən biri kimi təsvir edib.

“Nostra Aetate“

Kardinal, həmçinin, Müqəddəs VI Pavel tərəfindən elan edilmiş və müasir dinlərarası dialoqa yol açmış İkinci Vatikan Məclisinin mühüm sənədi olan “Nostra Aetate” bəyannaməsinin 60 illiyi üzərində də düşüncələrini bölüşüb.

O deyib: “Fərqli dinlərə mənsub insanlar arasında dialoqun təşviqində bu sənədin oynadığı möhtəşəm rola görə sevinirik”, və qeyd edib ki, “Nostra Aetate” sənədinin prinsipləri “bəşəriyyətin xeyrinə qardaşlıq, dostluq, birlik və həmrəylik” ruhunu hələ də ilhamlandırmağa davam edir.

Kardinal, “Nostra Aetate”nin aktual əhəmiyyətinə dair Papa Fransiskin sözlərini xatırladaraq deyib: “Müqəddəs Ruh sülh və məhəbbətin mənbəyi kimi fəaliyyət göstərir” və Kilsənin bütün dinlərdəki gözəllik və həqiqəti tanımaqla dialoqu təşviq etməyə sadiq olduğunu vurğulayıb.

O, həmçinin, Papa XVI Benediktin dinlərarası dialoqu “Allaha dair fərqli təsəvvürlər olsa belə, Nurun mənbəyinə doğru birgə səfər” kimi xarakterizə edən sözlərini də sitat gətirib.

Dövrümüzün çətinlikləri

Kardinal Koovakad bəşəriyyətin qarşısında duran müasir çətinliklərə – dözümsüzlük, ayrı-seçkilik və zorakılıq hallarına diqqət çəkib və iştirakçıları “ümid zəvvarları” olmağa çağırıb.

O izah edib: “İnam sahibləri kimi biz ümidini itirmiş insanlar – xüsusilə kasıblar, əzabkeşlər, kənarda qalanlar, ayrı-seçkiliyə və təqibə məruz qalanlar, cəmiyyətin ən həssas təbəqələri üçün ümid bəxş edənlər olmağa çağırılırıq.”

Kardinal vurğulayıb ki, dinlər öz mənəvi və əxlaqi qaynaqları vasitəsilə barış və şəfa üçün bənzərsiz bir rol oynayır.

O, Papa XIII Leonun sözlərini sitat gətirərək bildirib ki, “din, öz mahiyyətində, qarşıdurmanın deyil, şəfanın və barışığın mənbəyidir.” O əlavə edib ki, dinlərarası dialoq iman sahiblərinə “imanın ayrılıqdan çox birləşdirici bir həqiqət olduğunu göstərmək” və “daha yaxşı və ədalətli bir dünya üçün ümidimizi gücləndirmək” imkanı yaradır.

Sülh üçün səyləri davam etdirmək

Çıxışını yekunlaşdırarkən kardinal Koovakad bütün iştirakçıları çətinliklərə və şübhələrə baxmayaraq sülh naminə səylərini davam etdirməyə təşviq edib.

O, auditoriyaya xatırladıb ki, “dinlərarası dialoq dünyada sülh üçün zəruri bir şərtdir” və hamını “getdikləri hər yerdə xeyir toxumları səpən ümid zəvvarları və sülh qurucuları” olaraq fəaliyyət göstərməyə çağırıb.

05 oktyabr 2025, 21:40